Azərbaycan–Türkiyə arasında hazırda tranzit-logistika, gömrük, İKT, ticarət və s. sahələrdə əlaqələrin genişləndirilməsi, ərazilərimizin işğaldan azad edilməsi ilə əlaqədar yaranmış yeni reallıqlara uyğun olaraq iqtisadi əlaqələrin daha da inkişafı yönündə layihələrin reallaşdırılması diqqət mərkəzində saxlanılır. Bunlarla bərabər, iki dövlət arasında Preferensial Ticarət Sazişinə əsasən, qarşılıqlı ticarət həcminin və məhsul çeşidinin artırılmasına xüsusi önəm verilir.
Bu gün Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki ölkənin birgə ticarət dövriyyəsi getdikcə yüksəlir. Təkcə ötən il qardaş ölkələr arasında ticarət dövriyyəsinin 5 milyard 842 milyon dollar təşkil etməsi bunun bariz ifadəsidir. Bu göstərici respublikamızın ticarət dövriyyəsinin 11,1 faizi deməkdir. Həmin rəqəm isə Türkiyənin İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət partnyoru olmasını deməyə əsas verir.
Azərbaycanın ixrac–idxal proseslərində də qardaş ölkə xüsusi rol oynayır. Respublikamızın keçənilki ixracının 9 faizinin, idxalın isə 16 faizinin Türkiyə ilə bağlı olması məhz bunun bariz ifadəsidir. Türkiyə ilə ticarətdə Azərbaycan müsbət saldo əldə edir. Belə ki, hazırda Azərbaycanın Türkiyə ilə ixracı 3,5 milyard dollara, idxalı isə 2,3 milyard dollara çatır. Beləliklə 1,2 milyard dollarlıq müsbət saldo yaranır.
Türkiyə son illərdə Azərbaycana yatırılan investisiyaların və Azərbaycanın yatırdığı sərmayələrin həcminə görə də önəmli yer tutub. Mərkəzi Bankın məlumatına görə, 2022-ci ildə qardaş ölkədən Azərbaycan iqtisadiyyatına 1 milyard 187 milyon dollar dəyərində birbaşa investisiya cəlb edilib. Bu göstərici ilə Türkiyə Böyük Britaniyadan sonra Azərbaycana ən çox yatırım edən ölkə adını qazanıb.
Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyalara görə, Türkiyə birinci yeri tutur. Ötən il Azərbaycandan Türkiyə iqtisadiyyatına 247 milyon dollar sərmayə qoyulub. Türkiyənin ən böyük xarici yatırımçısı Azərbaycandır. Dövlət Neft Şirkəti (SOCAR) indiyədək Türkiyənin neft-kimya sənayesinə 18 milyard dollar yatırıb. Təkcə ötən il Türkiyədə Azərbaycan sərmayəli 56 şirkət qurulub.
Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr həm də çoxtərəfli strateji əhəmiyyətli əməkdaşlığı əhatə edir. Bu, özünü daha çox enerji-nəqliyyat qovşaqlarını nəzərdə tutan layihələrlə büruzə verir. Bu layihələr 1994-cü ildə “Əsrin müqaviləsi” ilə qəbul edilən neft axtarış-kəşfiyyat işləri ilə başlayıb, sonrakı illərdə isə genişlənib.
Azərbaycan və Türkiyənin də tərəfdaş olduğu nəhəng regional layihələrə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP misal göstərilə bilər. Bu layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsində, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.
Bu beynəlxalq nəqliyyat və enerji layihələri Azərbaycan ilə Türkiyənin regionda mövqeyinin güclənməsində, beynəlxalq daşımalarda məsafə və daşıma müddətinin qısaldılmasında, strateji əhəmiyyətinin artmasında, regional enerji təhlükəsizliyinin təminatında, bu ölkələrin tranzit və ticarət əməliyyatları ilə yanaşı, digər sahələrdə gəlirlərin artımında, məşğulluğun həllində və əhalinin rifahının yüksəldilməsində əhəmiyyətlidir.
Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi münasibətlər tarixi-mədəni yaxınlığa və qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır. İkitərəfli iqtisadi əlaqələrdə çoxşaxəlilik və intensivlik müşahidə edilir. Bu əlaqələr ticarət, investisiya qoyuluşları və çoxtərəfli münasibətləri əhatə edən regional layihələrdə özünü daha qabarıq göstərir.
Hazırkı iqtisadi tərəfdaşlıq həm Türkiyə və Azərbaycanın ölkə, həm də region miqyasında nüfuzunun və iqtisadi gücünün artımında əhəmiyyətli rol oynayır. Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf potensialı var. Hər iki ölkə liderləri tərəfindən mövcud iqtisadi əlaqələrin inkişafı üçün böyük səy göstərilir.
Sonda tarixi önəm daşıyan bir məsələyə də toxunmaq istərdik. Prezident İlham Əliyev ayrı-ayrı çıxışlarında azad edilən ərazilərin bərpası prosesindən danışarkən bu məsələdə dost ölkələrin fəaliyyətinə daha çox diqqət yetiriləcəyini xüsusi vurğulayıb. Ölkə rəhbəri bu zaman qardaş Türkiyənin Azərbaycana münasibəti barədə xüsusi danışıb, bu dövlətin Vətən müharibəsinin ilk günlərindən haqq işimizə böyük dəstək verdiyini xatırladıb. Bütün bunlardan sonra təbii ki, qardaş ölkə Qarabağın bərpasında da köməyini əsirgəməyib.
Türkiyə şirkətlərinin Qarabağın yenidənqurma işlərində də səmərəli iştirakından bəhs edən Prezident İlham Əliyev deyib: “Ümumilikdə, Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak ediblər. Əlbəttə ki, işğaldan azad edilmiş torpaqlarda da bir çox sahələrdə Türkiyə şirkətləri uğurlu fəaliyyət göstərəcəklər”.
Hüseynqulu QULİYEV,
iqtisadçı-ekspert
Türkiyədən Azərbaycana investisiya qoyuluşu hazırda 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımı 19,5 milyard dollar təşkil edir. Bu gün qardaş ölkədə 2 minə yaxın Azərbaycan, respublikamızda isə 4 mindən artıq Türkiyə şirkəti fəaliyyət göstərir.
Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşı olaraq ilk üçlükdə qərarlaşmış dövlətdir. Bu ölkələr arasında birinin digərinə yatırdığı investisiyanın həcminə nəzər saldıqda Azərbaycanın kiçik dövlət olmasına baxmayaraq, Türkiyə iqtisadiyyatına daha çox–20 milyard dollara yaxın investisiya qoyduğu aydın nəzərə çarpar.
Azərbaycan qardaş ölkəyə neft-qaz məhsullarının ixracında da fərqlənir. Bu ilin yanvar-aprel aylarında respublikamız Türkiyəyə təqribən 590 min ton xam neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycanın ümumi xammal ixracının 6,38 faizini təşkil edir.
Hesabat dövründə Azərbaycandan Türkiyəyə ixrac edilən neft və neft məhsullarının dəyəri 349,379 milyard dollar olub ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə beş dəfə və ya 279,767 milyon dollar çoxdur.
Bütünlükdə 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 9,236 milyon tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (9,5 milyon ton) ilə 2,6 faiz azdır. Dəyər ifadəsində neft ixracı 5,715 milyard dolları ötüb ki, bu da 2022-ci ilin yanvar-aprel aylarının göstəricisindən 12,7 faiz və ya 829,564 min dollar azdır.
Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın ən mühüm addımlarından biri olan TANAP təbii qaz resurslarının müxtəlifliyini artırmaq üçün indiyədək həyata keçirilən ən strateji layihələrdən biridir. Bu layihə sayəsində ümummilli lider Heydər Əliyevin dövründə başlayan Türkiyə və Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq yeni müstəviyə keçib.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”


