Xəbər verildiyi kimi, ötən həftə Astana şəhərində Beynəlxalq Forum keçirilib. Forumun məqsədi hökumətləri, beynəlxalq təşkilatları, biznes və akademik dairələrin nümayəndələrini konstruktiv dialoqa cəlb etmək və mövcud qlobal çağırışların həllində strategiyaları araşdırmaq üçün platforma təqdim etməkdən ibarət olub.
Dünyanın ayrı-ayrı ölkələrinin və mötəbər beynəlxalq təşkilatların təmsilçiləri olan min nəfərdən çox qonağın iştirak etdiyi beynəlxalq tədbirdə, həmçinin iqlim dəyişikliyi, ərzaq qıtlığı və enerji təhlükəsizliyi ilə bağlı məsələlər ətrafında geniş müzakirələr aparılıb. Forum çərçivəsində, həmçinin Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin himayəsi altında “Problemlərin dialoq yolu ilə həlli: əməkdaşlığa, inkişafa və tərəqqiyə doğru” mövzusuna həsr olunan yüksək səviyyəli tədbir keçirilib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov forum çərçivəsində keçirilən “Bərpaolunan enerji sahəsində regional inkişaf: enerji təhlükəsizliyinin təmin olunmasının alternativ yolları” mövzusuna həsr olunmuş sessiyada çıxış edib. “Yaşıl enerji”nin inkişafını enerji keçidi, ətraf mühitin mühafizəsi siyasəti ilə yanaşı, enerji təhlükəsizliyi ilə bağlı narahatlıqların təşviq etdiyini vurğulayan nazir deyib ki, bərpa olunan enerji mənbələri dayanıqlı enerji təchizatı üçün diversifikasiyanı təmin edən alternativlərdəndir.
Qeyd olunub ki, Azərbaycan “yaşıl enerji”ni özünün deyil, tərəfdaşlarının enerji təhlükəsizliyini təmin etmək və 2030-cu ilədək təmiz ətraf mühitə malik yaşıl artım ölkəsinə çevrilmək üçün inkişaf etdirir. Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığımıza uyğun olaraq ölkəmizdən Avropa dövlətlərinə əlavə qaz tədarükünün mənbələrindən birinin məhz “yaşıl enerji” olduğunu vurğulayan P. Şahbazov deyib ki, bərpaolunan enerji mənbələrindən geniş istifadə imkan verir ki, Azərbaycan həm “yaşıl enerji”nin ixracatçısı olsun, həm də böyük həcmlərdə qənaət edilmiş qaz hesabına ixrac imkanlarını artırsın.
Nazir, həmçinin beynəlxalq enerji şirkətləri ilə 28 qiqavatdan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıqdan, Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “yaşıl hidrogen”in istehsalı və ixracının kommersiya məqsədəuyğunluğunu təsdiqləyən bazar araşdırmasından, 2030-cu ilə qədər 7 qiqavat həcmində istehsal güclərinin istismara verilməsi və “yaşıl enerji”nin ixracı ilə bağlı planlardan bəhs edib. Qeyd olunub ki, “yaşıl enerji”nin 4 qiqavatının “Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi” ilə Avropaya, 1 qiqavatının isə “yaşıl enerji zonası” elan edilmiş Naxçıvan üzərindən Türkiyə və Avropa istiqamətində ixracı nəzərdə tutulur.
Energetika naziri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində ölkəmiz neft-qaz resursları, onların dünya bazarlarına şaxələndirilmiş infrastrukturlara çıxarılması ilə bağlı strateji inkişaf təcrübəsini hazırda “yaşıl enerji” üzərinə transfer edir. P. Şahbazov Qazaxıstanın, həmçinin tədbirdə təmsil olunan ölkələrin şirkətlərini Azərbaycanda “yaşıl enerji”, enerji keçidi üzrə layihələrdə iştiraka dəvət edib.
Astana Beynəlxalq Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov bir sıra səmərəli görüşlər də keçirib. Bu baxımdan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Francesco La Camera arasında görüşü xüsusi qeyd etmək olar. Görüşdə bərpaolunan enerjinin istehsalı, ixracı ilə bağlı həyata keçirilən və planlaşdırılan layihələr, eləcə də “yaşıl enerji” texnologiyalarının inkişafına dair fikir mübadiləsi aparılıb. Söhbət zamanı Azərbaycanın 2023-2024-cü illər üzrə IRENA Şurasına üzvlüyü çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Baş direktor Azərbaycanda bərpaolunan enerji sahəsində imkanların dəyərləndirilməsinə IRENA-nın dəstəyini ifadə edib.
Bundan əlavə, Pərviz Şahbazov Qazaxıstan Baş nazirinin müavini–ticarət və inteqrasiya naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Serik Jumanqarin ilə görüşüb. Söhbət zamanı bu ilin aprel ayında Azərbaycan Prezidentinin Qazaxıstana səfəri və imzalanmış sənədlərin ikitərəfli münasibətlərin kompleks şəkildə inkişafı və çoxşaxəli tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi üçün geniş imkanlar yaratdığı qeyd olunub. İki ölkə arasında ticarət dövriyyəsində hazırda müşahidə olunan artım dinamikası ticari-iqtisadi əlaqələrin inkişaf göstəricisi kimi dəyərləndirilib.
Söhbət zamanı ixrac-idxal potensialından geniş istifadə, nəqliyyat-logistika imkanlarının artırılması, kənd təsərrüfatı sahələrində əməkdaşlıq, həmçinin birgə investisiya perspektivləri ilə bağlı məsələlər müzakirə edilib. Qazaxıstan neftinin Azərbaycan ərazisindən ixracı ilə əlaqədar imkanlar nəzərdən keçirilib. Bildirilib ki, Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəqli enerji təchizatının şaxələndirilməsini təmin edir. Qeyd olunub ki, 2023-cü ilin aprelindən ilin sonuna kimi BTC boru kəməri ilə təxminən 1,125 milyon ton Qazaxıstan neftinin nəqli planlaşdırılır.
Görüşdə, həmçinin əməkdaşlıq prioritetləri üzrə qarşılıqlı fəaliyyətdən irəli gələn məsələlərin birgə dəyərləndirilməsi və növbəti addımların müəyyənləşdirilməsi məqsədilə Hökumətlərarası Komissiya çərçivəsində bu ilin sentyabr-oktyabr aylarında onlayn formatda görüşün keçirilməsi razılaşdırılıb.
Bütövlükdə isə, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və yeni qlobal tərəfdaşlıq əlaqələri qurmağa yönəldilmiş Astana forumunun iştirakçıları iki gün ərzində dörd istiqamət–xarici siyasət və beynəlxalq təhlükəsizlik, beynəlxalq inkişaf və davamlı inkişaf, enerji və iqlim dəyişikliyi, iqtisadiyyat və maliyyə istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparıblar. Təsadüfi deyil ki, ekspertlər Astana Beynəlxalq Forumunu qlobal ictimaiyyəti bir araya gətirmək, fikir mübadiləsi aparmaq və hazırda qlobal birliyin üzləşdiyi aktual çağırışların aradan qaldırılması üçün innovativ yanaşmaları araşdırmaq baxımından mühüm fürsət kimi dəyərləndirirlər.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

