Türkmənistana pambıq lifi göndərilir

post-img

İqtisadiyyat Nazirliyinin məlumatına görə, Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması sahəsində məqsədyönlü işlər görülür, emal sənayesi genişləndirilir, həmçinin yeni emal müəssisələri qurulur.

Mingəçevir Sənaye Parkında Özbə­kistan və Türkmənistanla birlikdə tekstil sənayesinin inkişafında, həmçinin yeni istehsal sahələrinin yaradılması istiqamə­tində işlər görülür. Ümumilikdə, pambıq­çılığın inkişafı sahəsində Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. Belə ki, Özbəkistanla yaradılmış əməkdaşlıq əlaqələri çərçivəsində ölkəmizdə pam­bıqçılıq klasterlərinin yaradılması işlərinə başlanılıb.

Azərbaycanda fəaliyyət göstərən pambıq istehsalçıları – “MKT İK”, “Azər­pambıq” və “P-Agro” şirkətləri Türkmə­nistana pambıq lifinin ixracına başlayıb. İlkin mərhələdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanından gəmilər vasitəsilə Türkmənistana 30 min ton pambıq lifi göndəriləcək. Gələcəkdə Türkmənistana pambıq lifi ilə yanaşı, pambıq emalından alınan digər məhsulların da ixracı nəzər­də tutulur ki, bu da Azərbaycan və Türk­mənistan arasında iqtisadi əməkdaşlığın, o cümlədən logistika və ticarət əlaqələri­nin inkişafına töhfə verəcək.

Azərbaycandan indiyədək Türkiyə, Rusiya, İran, Belarusiya, Banqladeş, İs­veçrə və s. ölkələrə pambıq lifi ixrac edi­lib.

“Xalq qəzeti”

İqtisadiyyat