Cəbrayılda 240 meqavat gücündə “Şəfəq” adlı günəş elektrik stansiyasının tikintisi layihəsinin texniki və kommersiya parametrləri, demək olar ki, razılaşdırılıb. Bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov bildirib. Onun sözlərinə görə, adıçəkilən layihənin maliyyə tərəfləri ilə bağlı Energetika Nazirliyi və BP şirkəti arasında razılığa gəlinib. “Bu layihəni çox yaxşı şərtlər ilə həll eləmişik. Yalnız texniki məsələlər qalıb”,–deyə nazir müavini əlavə edib.
E. Soltanov, həmçinin qeyd edib ki, gələcəkdə günəş elektrik stansiyasında istehsal olunan enerji Səngəçal terminalını təmin edəcək. Artıq bu kontekstdə BP və konsorsium arasında hazırda müəyyən prosedurlar razılaşdırılır. Nazir müavininin fikrincə, layihənin operatoru olan BP və konsorsiumun üzvləri arasında müəyyən proseslər, prosedurlarla bağlı da prinsipcə razılıq var.
E. Soltanovun dediyinə görə, Cəbrayılda günəş elektrik stansiyasının tikintisi təqribən iki il ərzində başa çatdırıla bilər.
“Xalq qəzeti”

