Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 13-də Belçika Krallığına işgüzar səfəri çərçivəsində Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb. Söhbət zamanı dövlətimizin başçısı Maroş Şefçoviç ilə bundan əvvəl keçirdiyi görüşləri məmnunluqla xatırladıb. Ölkə rəhbəri Cənub Qaz Dəhlizinin uğurla icrasına Maroş Şefçoviçin verdiyi töhfəni yüksək dəyərləndirərək adıçəkilən dəhlizin Məşvərət Şurasının həmsədri kimi səmərəli işində fəal rolunu xüsusi vurğulayıb.
Daha sonra Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsi ilə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdırıb. Görüşdə, eyni zamanda, Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ötən ilin iyulunda ölkəmizə səfəri və bu səfər çərçivəsində respublikamızla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib. Azərbaycan qazının Avropa İttifaqı məkanına ixracının artırılması prosesinin uğurla icra olunduğu və bu xüsusda aprel ayında Sofiyada imzalanan Anlaşma Memorandumunun böyük əhəmiyyət daşıdığı vurğulanıb. Həmçinin Azərbaycan qazının Avropa məkanında daha geniş coğrafiyanı əhatə etməsinin önəmi diqqətə çatdırılıb.
Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında bərpaolunan enerji istehsalı ilə bağlı əməkdaşlıq məsələləri də müzakirə edilib, bu sahənin böyük perspektivlərə malik olduğu bildirilib.
ADA Universitetinin təşkilatçılığı ilə Şuşada mayın 3-də keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda da bu barədə ətraflı danışılıb. Bu toplantıda dövlətimizin başçısı Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı sualı bir neçə aspektdən cavablandırıb. Ölkə rəhbəri, ilk növbədə, belə bir təşəbbüsün gerçəkləşməsinə verdiyi dəstəyə görə, ABŞ-ın fəaliyyətini yüksək dəyərləndirərək deyib: “Həmin dəhlizin icrasında bir çox maneələr oldu, özü də gözlənilməz mənbələrdən. Məncə bu, artıq sirr deyil, lakin bəhanə yenə də ətraf mühitlə bağlı idi. Bu dəfə Bakı-Tbilisi-Ceyhandakı kimi tısbağalardan söhbət getmirdi. Zeytun ağacları dillərində idi. Görürsünüz, onlar necə də “yaradıcı” yanaşırlar. Əslində, Bakı-Tbilisi-Ceyhanda tısbağaların qayğısına qalan eyni qrup insanlar idi. İtaliyada zeytun ağaclarına gəldikdə, biz öz araşdırmamızı apardıq və Cənub Qaz Dəhlizinə qarşı həyata keçirilən bu kampaniyanın arxasında kimlərin durduğunu müəyyənləşdirdik...”.
Prezident İlham Əliyev daha sonra bu məsələdə üzləşilən maneələrin aradan qaldırılmasında İtaliya Prezidenti cənab Sercio Mattarellanın önəmli rol oynadığını, prosesi irəliyə doğru aparmaq üçün ciddi tədbirlər həyata keçirdiyini, “problemə” səbəb olan amilin– İtaliyada və Aralıq dənizi regionundakı digər ölkələrdə bir sıra zeytun ağaclarının yerinin dəyişdirilməsi məsələsinin həllini reallaşdırmağa nail olduğunu minnətdarlıqla diqqətə çatdırıb. Dövlətimizin başçısı bununla yanaşı, Birləşmiş Ştatların ovaxtkı Prezidenti Donald Trampın İtaliyanın Baş naziri ilə mətbuat konfransında Cənub Qaz Dəhlizinin gerçəkləşməsinə dəstək fikirləri səsləndirməsi ilə layihənin icrasına “yaşıl işıq” yandırdığını da vurğulayıb...
Yeri gəlmişkən, əsrimizin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.
Xatırladaq ki, 2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulan “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə qaz hasilatına başlanılıb. 2018-ci il iyulun sonunda isə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artıb. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetr təşkil edib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatına görə, ötən il Cənub Qaz Dəhlizi vasitəsilə ümumilikdə 21 milyard kubmetr, o cümlədən Avropaya 11,4 milyard kubmetr qaz ixrac edilib. Həmin dövrdə, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumuna əsasən, 2027-ci ilədək TANAP-la qaz nəqlinin indiki 16 milyard kubmetrdən 31 milyard kubmetrə, TAP-la isə 11 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Bütün bunlar Avropanın qaz bazarında Azərbaycanın rolunun artırılması məqsədini şərtləndirib.
Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert
Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. 40 milyard dollardan çox investisiya qoyuluşu planlaşdırılan və 4 seqmenti özündə birləşdirən bu layihənin icrasında–Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Növbəti mərhələdə bu layihəyə üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun qoşulacağı da gözlənilir. Bu baxımdan da Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində böyük əhəmiyyət daşıyan layihədir.
Layihə həm mənbələrin, həm marşrutların şaxələndirilməsi deməkdir. Məhz enerji resurslarının şaxələndirilməsi, yeni marşrutların açılması ilə Avropa yeni mənbədən –təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan Azərbaycandan təbii qaz tədarük edəcək. Beynəlxalq maliyyə qurumlarının da Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə marağı böyükdür. Belə ki, bu vaxtadək Beynəlxalq Yenidənqurma və İnkişaf və Asiya İnfrastruktur İnvestisiya banklarından birbaşa müvafiq olaraq 0,4 milyard və 0,6 milyard dollar, Avropa Yenidənqurma və İnkişaf və Asiya İnkişaf banklarının hər birindən 500 milyon dollar, Asiya İnkişaf Bankının zəmanəti ilə 524,5 milyon dollarlıq sindikatlaşdırılmış kredit və Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) zəmanəti ilə 750 milyon dollar məbləğində sindikatlaşdırılmış kredit cəlb olunub.
Uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub və hazırda etibarlı qaz təchizatçısına çevrilməkdədir. Ötən il qaz ixracı təxminən 19 milyard kubmetrə çatıb ki, onun da 8,2 milyard kubmetri Avropaya nəql olunub. Bu da əvvəlki illərlə müqayisədə 40 faiz artım deməkdir. Bu il Azərbaycanın qaz ixracının 22 milyard kubmetrə qədər artırılacağı və onun 11,5 milyard kubmetrinin Avropa istehlakçılarına çatdırılacağı nəzərdə tutulub.
Ötən ilin iyul ayında xanım Prezident Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzalaması da bu baxımdam mühüm önəm daşıyır və əhatəli sənədə əsasən, 2027-ci ilə qədər respublikamız təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırırb.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”