Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanov mediaya müsahibəsində Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) ölkəsinin müxtəlif mənbələrdən və marşrutlardan qazın paylanması üçün əsl regional haba çevrilməsinə imkan yaradacağını bildirib.
Səfir xatırladıb ki, Yunanıstan–Bolqarıstan interkonnektorunun (IGB) 2022-ci il oktyabrın 1-də Sofiyada Azərbaycan Prezidenti İlham Əliyevin, həmçinin digər dövlət və hökumət başçılarının, habelə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin iştirak etdiyi açılış mərasimi kəmərin kommersiya istismarının başlanğıcını qoyub.
“IGB qazın Yunanıstan ərazisi ilə Trans–Adriatik Boru Kəməri (TAP) vasitəsilə Bolqarıstana və qonşu ölkələrə nəqli üçün əsas marşrutdur. Bu, Cənub–Şərqi Avropa regionuna qaz tədarüklərinin diversifikasiyası üçün mühüm və ümumi maraq kəsb edən layihə olmaqla Mərkəzi və Şərqi Avropada enerji bağlantısı üzrə yüksək səviyyəli qrup çərçivəsində prioritet daşıyır.
Qeyd edək ki, Yunanıstan–Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.
Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabəti şərtləndirir.
Azərbaycanla saziş üzrə layihənin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgöndərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir.
“Xalq qəzeti”

