Cari ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yük və sərnişin daşınması artıb.
Səhmdar Cəmiyyətindən aldığımız məlumata görə, yanvar-mart aylarında ölkənin polad magistralları ilə 4 milyon 457 min ton yük daşınıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz çoxdur. Rüblük daşımaların 2 milyon 36 min tonu beynəlxalq, 1 milyon 651 min tonu tranzit, 771 min tonu isə daxili daşımaların payına düşüb. Hesabat dövründə beynəlxalq və tranzit daşımalarda artım baş versə də, daxili yüklərdə azalma qeydə alınıb.
Bu ilin ilk rübündə dəmir yolu ilə 1,51 milyon nəfər sərnişin daşınıb. Bu isə ötən ilin eyni dövrünə nisbətən 60 faiz çoxdur. Rüblük sərnişin daşımalarının 1,46 milyon nəfəri Bakı-Sumqayıt, 50 min nəfəri isə Bakı–Ağstafa və Bakı–Qəbələ qatarlarının payına düşüb. Bütövlükdə isə, hesabat dövründə Bakı–Ağstafa və Bakı–Qəbələ qatarları ilə sərnişin daşınması əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 55 faiz və 20 dəfə artıb.
“Xalq qəzeti”

