Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi gerçəkləşir

post-img

Türk dünyasının bir parçası olan Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə, ərazi bütövlüyünün təmin edilməsi ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını, xüsusən də türk dövlətləri ilə əməkdaşlıq əlaqələrini xeyli sürətləndirib. Bu baxımdan Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə yaradılan mükəmməl hüquqi baza müstəsna rol oynayır. 

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının ötən il noyabrın 11-də Səmərqənd şəhərində keçirilmiş IX Zir­və Görüşünün yekunlarına dair imza­lanmış Səmərqənd Bəyannaməsində dövlət və hökumət başçıları Azərbay­canın münaqişədən sonrakı bərpa, ye­nidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazır olduqlarını bir daha təsdiqləmişdilər. Eyni zamanda türk ölkələrinin dövlət və hökumət başçıları Avropa ilə Asiya arasında daha yaxşı nəqliyyat bağlantılarının genişləndiril­məsi və nəqliyyat əlaqələrinin şaxələn­dirilməsinə töhfə verən bir sıra nəqliyyat infrastrukturunun yaradılması üçün üzv dövlətlərin səylərini dəstəklədiklərini bəyan etmişdilər. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il 2 may tarixli fərmanı ilə “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sa­dələşdirilmiş gömrük dəhlizinin yara­dılması haqqında” Sazişi təsdiq edib. Xatırladaq ki, 2022-ci il noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində imzalanmış saziş Türk Dövlətləri Təş­kilatına daxil olan ölkələrin ərazisində sadələşdirilmiş gömrük dəhlizinin yara­dılmasını nəzərdə tutur. Saziş tərəflər arasında daşınan mallar barədə əvvəl­cədən məlumat mübadiləsinin aparıl­ması, onların gömrük proseduralarını mümkün qədər asanlaşdırmaq məqsədi daşıyan, könüllülük əsasında və bütün nəqliyyat növlərində istifadə edilə bilən elektron sistemin yaradılması ilə bağlı məsələləri özündə ehtiva edir. Sazişə əsasən, tərəflərin gömrük orqanlarının razılığı əsasında altı ay icra olunacaq pilot layihə ilə dəhlizin praktiki reallaş­dırılması təmin ediləcək. Bu dəhliz türk dövlətləri arasında sadələşdirilmiş göm­rük dəhlizi yüklərin sürətli daşınmasına imkan verəcək.

Ekspertlər sazişin reallaşdırılma­sını türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafına və ticarət dövriyyəsində kəskin artıma səbəb ola­cağını bildirirlər. Təkcə onu qeyd etmək kifayətdir ki, yaxın illərdə Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması nəzərdə tu­tulur. 2022-ci ildə isə Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə xeyli artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollara çatıb. Bütövlükdə isə, ötən il bütün türk dövlətləri ilə ti­carət dövriyyəmizdə artım qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə Azərbaycanla qardaş Türkiyə ara­sında ticarət dövriyyəsi 4 milyard 661 milyon dollar təşkil etdiyi halda, ötən il bu rəqəm 5 milyard 842 milyon dol­laradək yüksəlib. Heç şübhəsiz, son illər ölkəmizin türk dövlətləri ilə apardı­ğı ticarət əlaqələrində ən yüksək artım Türkmənistanla Qazaxıstanın payına düşür. Belə ki, ötən il Türkmənistanla ticarət dövriyyəmiz əvvəlki ilə nisbətən 5,1 dəfə artaraq 105 milyon 23 min dol­lardan 535 milyon 397 min dollara çatıb. 2022-ci ildə Qazaxıstanla 598 milyon 486 min dollarlıq ticarət əməliyyatları aparılıb ki, bu da əvvəlki ilə nisbətən 4,4 dəfə çoxdur. Bundan əlavə, ötən il Azər­baycan Özbəkistanla 183 milyon 307 min dollar, Qırğızıstanla isə 10 milyon 809 min dollarlıq ticarət əməliyyatları aparıb ki, bu da əvvəlki ilə nisbətən mü­vafiq olaraq 64 faiz və 17 faiz çoxdur. 

Avropa ilə Asiya arasında ən təh­lükəsiz və qısa yol hesab olunan Orta Dəhliz kimi tanınan Transxəzər Bey­nəlxalq Nəqliyyat Marşrutu boyunca vahid tarif və gömrük sisteminin yara­dılması isə yaxın illərdə türk dövlətləri arasında iqtisadi əlaqələrin, xüsusən də ticarət dövriyyəsinin bir qədər də artma­sına səbəb olacaq. 

 

Təbriz YADİGAROV,
ETN İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent

Azərbaycanın Şərq–Qərb və Şi­mal–Cənub marşrutları nəqliyyat qovşağına çevrilməsi yüklərin dünyanın bir başından digərinə iki dəfə az vaxt ərzində nəql edilməsinə geniş şəra­it yaradır. Çindən Avropaya türkdilli ölkələrin ərazilərindən keçən yeni transkontinental dəhlizlərin yaradıl­ması Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bu potensialdan səmərəli istifadə etməsinə şərait yaradır. “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəh­lizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı sahələ­rində Azərbaycan, Qazaxıstan, Qırğı­zıstan, Türkiyə və Özbəkistan arasın­da əməkdaşlığın gücləndirilməsinə mühüm töhfədir. 

Qeyd edək ki, beynəlxalq kom­binə edilmiş yükdaşımalar multimodal daşımaların ayrıca növü kimi malların və məhsulların uzun məsafələrə çat­dırılmasında cəlb olunacaq nəqliyyat vasitələrinin sayından asılı olmayaraq bütün daşıma üçün vahid tarif tətbiq edilməklə yanaşı, daşımada istifadə olunan nəqliyyat vasitələri üçün va­hid sənəd (gömrük, sığorta, nəqliyyat və s.) tələb edir. Daşınma “qapıdan qapıya” sxeminə əsasən, yəni yükü göndərənin anbarından onu alanın anbarına qədər həyata keçirilir. Bey­nəlxalq kombinə edilmiş daşımalar yükün maksimum təhlükəsizliyini tə­min etməyə, çatdırılma xərclərini mi­nimuma endirməyə və onun vaxtını azaltmağa, logistika sxemini optimal­laşdırmağa imkan verir. 

2023-cü ilin ilk rübündə Azərbay­canın ümumi ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artaraq 11 milyard 771,2 milyon dol­lar olmuşdur ki, onun da 17,1 faizini və yaxud 2 milyard 13 milyon 640 min dollarını türkdilli dövlətlərlə apa­rılan idxal və ixrac əməliyyatları təş­kil etmişdir. 2022-ci ilin eyni dövrü ilə müqayisədə türkdilli dövlətlərlə ticarət dövriyyəsində 28,7 faiz artım qeydə alınmışdır. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türk Dövlətləri Təşkilatının hökumət­ləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması, eləcə də bey­nəlxalq kombinə edilmiş yük daşı­maları haqqında Sazişin təsdiq edil­məsi “Türk Dünyasına Baxış-2040” sənədinin həyata keçirilməsi məqsə­dilə təsdiq edilmiş “Türk Dövlətləri Təşkilatının 2022–2026-cı illər üçün Strategiyası”nda nəzərdə tutulan bü­tün məsələlərin həllində mühüm rol oynayacaq, respublikamızın dünya ölkələri ilə assosiativ fəaliyyətinin ge­nişləndirilməsini təmin edəcək. 

 

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”



İqtisadiyyat