Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müqavilə-hüquqi əsasını formalaşdıran əsas sənəd – dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə 1997-ci il iyulun 3-də imzalanıb. Bundan sonra isə ölkəmizin Rusiya Federasiyasının regionları ilə birbaşa işgüzar əlaqələr sürətlənib. Son illərdə Rusiya və Azərbaycan regionları arasında əməkdaşlıq haqqında 40-a yaxın saziş imzalanıb.
Azərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasında ikitərəfli münasibətlərin qurulmasında və möhkəmlənməsində Heydər Əliyevin böyük xidməti olub. 1996-cı il noyabrın 20-də Tatarıstanın rəhbəri Mintimer Şaymiyev Azərbaycan Prezidenti Heydər Əliyevin şəxsi dəvəti ilə Azərbaycana rəsmi səfər edib. Həmin vaxtdan başlayaraq tərəflər arasında bir sıra mühüm istiqamətlər üzrə qarşılıqlı əməkdaşlıq səmərəli şəkildə inkişaf etdirilib. Müntəzəm surətdə yüksək səviyyədə görüşlər keçirilib, ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Azərbaycan–Tatarıstan Hökumətlərarası İşçi Qrupu, Azərbaycan Respublikasında Tatarıstan Respublikasının daimi nümayəndəliyi fəaliyyət göstərib, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində münasibətlər dinamik şəkildə inkişaf edib. 2021-ci ildə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 70 milyon dollar, 2022-ci ildə isə 125 milyon dollardan çox olub.
Tatar və Azərbaycan xalqlarını həmişə qardaşlıq və dostluq telləri bağlayıb. Hazırda Tatarıstanda 20 minə yaxın azərbaycanlı, Azərbaycanda isə 25 mindən çox tatar yaşayır. Tatarıstanda olduğu kimi, Azərbaycanda da başqa etnosların nümayəndələrinin öz milli ənənələrini, mədəniyyətini və dilini qoruyub saxlamaqla bərabər, respublikanın sosial-iqtisadi, siyasi və mədəni həyatına tamdəyərli inteqrasiya edə bilmələri üçün hər cür şərait yaradılıb.
Azərbaycan ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Tatarıstan səfəri çərçivəsində keçirdiyi görüşlərdə də bütün bunlar barədə ətraflı danışılıb. Tədbirlərdə hər iki respublika arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, birgə müəssisələrin yaradılması, həmçinin iqtisadiyyatın sahə sektorlarının inkişafı və Azərbaycan–Rusiya birgə layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Səfər çərçivəsində iqtisadiyyat naziri Tatarıstanın bir sıra iri müəssisələrinin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə ölkəmizdə xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış əlverişli biznes və investisiya imkanları barədə məlumat verilib, enerji, maşınqayırma və sənayenin digər sektorlarında əməkdaşlıq və qarşılıqlı maraq doğuran perspektiv layihələr barədə müzakirələr aparılıb. Həmçinin Tatarıstan şirkətləri tərəfindən əməkdaşlıq təkliflərinə dair təqdimat keçirilib.
Azərbaycan nümayəndə heyəti Tatarıstanın İnnopolis Xüsusi İqtisadi Zonasında (XİZ) müəssisələrin fəaliyyəti ilə tanış olub. XİZ-də təhsil və iqtisadiyyat sektorları arasında qurulmuş uğurlu sinerji və rezidentlər tərəfindən qabaqcıl texnologiyalar əsasında istehsal edilən innovasiya əsaslı məhsullar və texnoloji yeniliklər barədə məlumat verilib. XİZ-ə səfər çərçivəsində həmçinin, Azərbaycanın sənaye zonalarındakı biznes subyektləri ilə əməkdaşlıq və birgə investisiya layihələrinin reallaşdırılması imkanlarına dair fikir mübadiləsi aparılıb. Tatarıstanın İnnopolis Universitetində olan Azərbaycan nümayəndə heyətinə təhsil müəssisəsinin tədris proqramları, iqtisadiyyatın müxtəlif sektorları üzrə həyata keçirilən elmi-texniki yeniliklər barədə məlumat verilib.
Kazanda yerləşən Ximqrad Texnopolisini ziyarət edən nümayəndə heyətinə Texnopolisin fəaliyyəti, əsasən kimya sənayesində kiçik və orta sahibkarlıq subyektləri üçün yaradılan imkanlar barədə məlumat verilib. Rezidentlər tərəfindən istehsal edilən kimya, əczaçılıq, polimer və s. sənaye məhsullarının, maşın və avadanlıqların təqdimatı reallaşıb. Texnopolisdə fəaliyyət göstərən müəssisələrlə Azərbaycanın sənaye parklarının rezidentləri arasında tərəfdaşlıq və müştərək layihələrin icrası imkanları barədə də ətraflı danışılıb. Səfər çərçivəsində Azərbaycan–Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının 3-cü iclası da keçirilib. İclasda iqtisadiyyatın şaxələndirilməsi, sənaye, ticarət, turizm və rəqəmsallaşma sahəsində gücləndirilməsi tədbirlərindən bəhs edilib.
Tatarıstanın rəhbəri Rüstəm Minnixanov ilə görüşdə isə Azərbaycan-Tatarıstan münasibətlərinin inkişafı, iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər və işgüzar əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi edilib. Azərbaycan–Tatarıstan Biznes Forumunda ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, biznes əlaqələrinin gücləndirilməsi və investisiya yatırılması barədə müzakirələr aparılıb. Tatarıstanlı iş adamları Azərbaycanda sənaye zonalarına investisiya yatırmağa, biznes imkanlarından yararlanmağa dəvət olunub.
İnvestisiyaların İnkişafı Agentliyinin Birləşmiş Təqdimat Mərkəzində Tatarıstanın iqtisadi və investisiya potensialı, sənaye klasterləri və XİZ-lərin fəaliyyəti ilə bağlı təqdimat keçirilib. Mərkəzə səfər çərçivəsində birgə investisiya layihələrinin perspektivləri müzakirə edilib.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”

