Azad edilən torpaqların bar-bərəkəti cana gətirilir

post-img

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin kənd təsərrüfatı potensialı olduqca yüksəkdir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən əsrin 80-ci illərində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları respublika üzrə kənd təsərrüfatı məhsulları istehsalında əhəmiyyətli paya malik olub. 

Belə ki, təqribi hesablamalara görə, həmin dövrdə taxıl məhsullarının 14 faizi, kartof, tərəvəz və bostan məhsul­larının 6 faizi, tütünün 8 faizi, üzümün 25 faizi, ət və süd məhsullarının hər biri üzrə istehsalın 15 faizi məhz bu bölgə­nin payına düşüb. 

Ölkəmizin ərazi bütövlüyünün bər­pası, torpaqların minalardan və partla­mamış hərbi sursatlardan təmizlənmə­si bu yerlərdə həyatın canlanmasına, xüsusən də kənd təsərrüfatının dirçəl­dilməsinə, kəndlinin əkin-biçinə mara­ğının artmasına səbəb olub. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyevin azad olunmuş torpaqlarımızla bağlı ilk tapşırıqlardan biri məhz həmin tor­paqların minalardan təmizlənərək əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı olub. 

Yeri gəlmişkən, dövlət başçısının 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının iş­ğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. 2026-cı ilədək olan dövrü əhatə edən bu mühüm dövlət sənədin­də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatının inki­şaf etdirilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Hə­min tədbirlərə işğaldan azad olunmuş ərazilərdə yeni torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması, əkin sahələrinin və heyvandarlıq təsər­rüfatlarının bərpası, məhsuldar ərzaq istehsalı sistemləri təmin edilməklə da­yanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi, ərazilərin kənd təsərrüfatı po­tensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturunun formalaşdırılması, kənd təsərrüfatının müxtəlif sektorlar üzrə inkişafının sti­mullaşdırılması və s. mühüm məsələlər daxildir.

Qeyd edək ki, hazırda qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Laçın və Kəlbəcər yay­laqlarına aparmaq istəyən fermerlərin qeydiyyatı aparılır. Qaydalara əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi ra­yonlarından olan fermerlər öz təsərrü­fatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürə bilərlər. Bu iqtisadi zonalardan olan, 40 və daha artıq arı ailəsinə sahib fermerlərə arıçılıq təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürməyə icazə verilir. Bununla yanaşı, eyni ka­teqoriyadan olan, təsərrüfatlarında 200 başdan artıq xırdabuynuzlu hey­van olan fermerlərə də təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçür­məyə icazə verilir. Yeri gəlmişkən, ötən ilin yaylaq mövsümündə 17 min 406 şəxsin fermer təsərrüfatlarının tərkibin­də azad olunmuş ərazilərdəki yaylaq­lara getməsinə icazə verilmişdi. Cari ilin eyni mövsümündə isə bu rəqəmin daha yüksək olacağı gözlənilir.

Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları baramaçı­lıq və pambıqçılıq üçün də əlverişlidir. Məlum olduğu kimi, keçmiş SSRİ döv­ründə Qarabağda və ətraf rayonlarda yetişdirilən barama məhsulu Xankəndi­dəki ipək kombinatında emal olunurdu. Kənd təsərrüfatı mütəxəssisi Firdovsi Fikrətzadənin qənaətinə görə, bölgədə baramaçılıq ənənəsi bərpa edildikdən sonra burada ipək istehsalı üçün pers­pektiv yaranacaq. Mütəxəssis hesab edir ki, Ağdam və Füzuli rayonlarında pambıq əkinini genişləndirməklə kənd təsərrüfatının bu mühüm sahəsinin əv­vəlki şöhrətini qaytarmaq olar. Eyni za­manda, adıçəkilən rayonların tərəvəz, o cümlədən soğan istehsalında da po­tensialı olduqca yüksəkdir. 

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl və Zəngilan isə üzümçülük ənənəsi ilə tanınıb. Həmin sahələrin bərpası sözügedən iqtisadi rayonunun aqrar sahəsi üçün böyük perspektivlər vəd edir. Bununla yana­şı, Qarabağ iqtisadi rayonunda nar və xurma yetişdirməklə meyvəçiliyi inkişaf etdirmək mümkündür. 

Nazirlər Kabinetinin 2022-ci ilə dair fəaliyyəti haqqında hesabatında bildi­rilib ki, ötən il işğaldan azad olunmuş torpaqlarda, ümumilikdə, 48,7 min hek­tar əkinəyararlı torpaq sahəsi müəyyən edilib və bu sahələrin 38,2 min hek­tarında payızlıq buğda, 9,6 min hek­tarında isə arpa əkilib. Bundan əlavə, həmin ərazilərdə biçinin həyata keçiril­məsi üçün ayrılmış 10 ədəd yeni kom­bayn və digər rayonlardan dislokasiya edilmiş 20 ədəd kombayn hesabına 15 min hektara yaxın sahənin biçini təmin edilib.

Mahir ZEYNALOV, İqtisadiyyat İnstitutunun
şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent

Azərbaycanda kənd təsərrüfa­tı qeyri-neft sektorunun ən mühüm sahələrindən biridir. Ölkə iqtisadiy­yatının 6 faizini əhatə edən aqrar sektor ərzaq təhlükəsizliyinin təmin olunması baxımından strateji əhə­miyyət daşıyır. Buna görə də dövlət kənd təsərrüfatının davamlı inkişafı­nı daim dəstəkləyir. Müsbət haldır ki, Azərbaycanda, hətta pandemiya döv­ründə belə, kənd təsərrüfatında artım meyilləri davam edir. 

Hazırda işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının hərəkətə gətirilməsi, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilmə­si istiqamətində böyük bir canlanma müşahidə olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar sektorda ölkənin ərzaq təhlükəsizli­yinə mühüm töhfə verəcək həcmlərdə kənd təsərrüfatı və ərzaq məhsul­larının istehsal olunacağı gözlənilir. Xüsusən də, taxıl, meyvə, tərəvəz istehsalı, heyvandarlıq əsas sahələr olacaq. 

Bu ərazidə mövcud 1,213 mil­yon hektar torpaq sahəsinin 591,776 min hektarı əkinə yararlı, 231,56 min hektarı əkin, 351,822 min hektarı örüş-otlaq və biçənək, 8,898 hektarı isə həyətyanı sahələrdir. Bir məqamı da diqqətə çatdırım ki, 1980-ci illər­də Qarabağ və ətraf rayonlar üzrə 139,814 hektar ərazidə əkin aparılırdı ki, bu da ölkə üzrə əkin sahələrinin 7,7 faizini təşkil edirdi. 

Düşmən tapdağından azad edil­miş torpaqlarımızda kənd təsərrüfatı dirçəldildikdən sonra burada heyvan­darlıq məhsulları, o cümlədən ət is­tehsalı aparıcı sahələrdən biri olacaq. Post-konflikt rayonlarda ənənəvi hey­vandarlıq sahələri yüksək potensiala malikdir. Çünki Qarabağda heyvan­darlığın inkişafı üçün təbii şərait möv­cuddur. Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ildə orta hesabla 30 min ton ət isteh­salı proqnozlaşdırılır ki, bu da ölkənin özünü ət və ət məhsulları ilə təminet­mə səviyyəsinin yüksəlməsi, eləcə də idxalın əvəzlənməsi baxımından əhə­miyyətli rəqəmdir. 

Düşünürəm ki, post-konflikt rayon­larda kənd təsərrüfatı dirçəldildikdən sonra Azərbaycan özünü mal, qoyun və keçi əti ilə tam təmin edə biləcək. Göründüyü kimi, dünyada ərzağın bahalaşdığı bir şəraitdə Qarabağ­da kənd təsərrüfatının dirçəldilməsi müstəsna əhəmiyyət daşıyır. Bu, həm də ərzaq təhlükəsizliyimiz, daxili ba­zarın ekoloji təmiz, keyfiyyətli məh­sullarla təmin olunması və qiymətlərin ucuzlaşması baxımından vacibdir.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”



İqtisadiyyat