Qafqazın dumanlı-çiskinli hava şəraitində diplomatik kompasını itirmiş Hayastanın hərbi-siyasi rəhbərliyinin yerin üstündə bacarmadığını yerin altında reallaşdırmağa çalışması acı ironiya doğurur. Amma düşmənin mina terroruna beynəlxalq ictimaiyyətin susqun qalmasını, bu vandallığa göz yummasını isə böyük təəssüf hissi və heyrətlə seyr etməkdəyik...
Millətinin gələcəyini xilas etmək üçün sağlam düşüncəli gənc nəsil yetişdirmək əvəzinə, mina istehsalını “təkmilləşdirən” Ermənistanın başbilənləri, yəqin ki, bu üsulla da heç nəyə nail ola bilməyəcəklərini anlamamış deyillər. Hər şeydən göründüyü kimi, Gümrüdəki zavodda mina istehsalını sürətlə artıran İrəvan postmüharibə dövründə Qarabağ iqtisadi rayonumuzu fasiləsiz minalamaq niyyətindən əl çəkmək fikrində deyil. Qarabağımızı 30 ilə yaxın işğalda saxlayan haylar yurdumuzu talan edib viran qoymaqla yanaşı, həm də onun hər bucağını kütləvi şəkildə minalarla çirkləndiriblər. 44 günlük qurtuluş savaşında əzəli torpaqlarını yağılardan azad edən Azərbaycan indi mina terroru ilə üz-üzədir. İnsanlarımız az qala hər gün yeraltı müharibənin – minaların qurbanına çevrilir, sağlamlıqlarını itirirlər. Vandal ermənilər növbəti mina terrorunu 2023-cü il aprelin 28-də Tərtər rayonunun Talış kəndi yaxınlığında törətdilər. Bu ərazidə basdırılan minanın partlaması nəticəsində 3 dinc soydaşımız həlak oldu.
Sülhməramlıların mina sayğısızlığı
“Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən, məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa çağırırıq". Azərbaycanın XİN-in Tərtərdə mina partlayışı nəticəsində mülki şəxslərin həlak olması barədə mətbuat üçün məlumatında bildirilir. 44 günlük müharibədə məğlubiyyətini hələ də həzm edə bilməyən Hayastanın daşnak-revanşist qüvvələri mina terroru ilə guya “qisas almağa” çalışırlar. Məsələnin maraqlı tərəfi odur ki, minaların basdırıldığı bütün əraziyə Rusiya sülhməramlı kontingenti tərəfindən nəzarət olunur. Həm gündüz, həm də gecə. Deməli, “minabasdırma əməliyyatları” sülhməramlıların gözü qarşısında həyata keçirilir. Onların 5 illik mandatının yarısı geridə qalıb. Sanki ermənilərin terrorçuluq fəaliyyətinə müdaxilə etmək, bölgədə sülh və sabitlik yaratmaq onların missiyasına daxil deyil. Əsas məqsədləri burada qalma müddətini hər vasitə ilə uzatmağa nail olmaqdır. Həm də bu səbəbdən Azərbaycan adekvat tədbirlər görməyə məcburdur və bunu beynəlxalq hüquqa söykənərək edir. Elə yaxın təcrübə də onu göstərir ki, belə bir zərurət yarandığı təqdirdə konkret addımlar atılır, bundan sonra da atılacaq.
Erməni təxribatçıların torpağımıza düzdüyü minalar xüsusilə təhlükəli, yəni, insanlıq əleyhinə minalar sayılır. Bu minalardan istifadə beynəlxalq Ottava Konvensiyasına görə, insanlığa qarşı hərbi cinayət hesab olunur. Hayların 2021-ci ildə istehsal etdikləri minaları Azərbaycanın ərazisində yerləşdirməsi beynəlxal hüquq baxımından cinayətdir. Onların mina özfəaliyyəti işğal dövründə geniş miqyasda həyata keçirilib. Fəqət, müharibədən sonra da İrəvan mina terrorçuluğunu davam etdirir. Bu fəaliyyət 10 noyabr tarixli bəyanatla, eləcə də iki ölkə başçısının iştirakı ilə qəbul edilmiş digər razılaşmalarla daban-dabana ziddir.
ARAYIŞ: 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla, ümumilikdə, 298 mina qurbanından 54-ü həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
“Erməniləşən” minalar...
Azərbaycana yararlı və düzgün mina xəritələrini təqdim etməyən Ermənistanın üçtərəfli Bəyanatın 6-cı bəndini kobudcasına pozduğu Azərbaycan XİN-in açıqlamasında ayrıca qeyd olunur. Azərbaycan ərazisində hərbi fəaliyyəti və minaların yerləşdirməsini davam etdirən Ermənistanın əsas məqsədi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olmaqdır.
28 aprel hadisəsindən iki gün əvvəl Tərtər rayonunun Suqovuşan kəndi istiqamətindəki ərazidə baş vermiş mina partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Xəzər Babaşov xəsarət alıb. Tərtər Rayon Prokurorluğunda Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşının minaya düşməsi ilə bağlı araşdırmalara başlanılıb. Güman edirik ki, ətraflı araşdırma olduqca maraqlı məqamları ortaya çıxaracaq.
Faşist generallarına, uşaq qatillərinə heykəllər ucaldan haylar mina hədəflərinin, günahsız qurbanlarının sayını artırmağın, onlara daha artıq xəsarət yetirməyin “mütərəqqi üsullarını” kəşf edirlər. Qarabağda təkcə hərbi deyil, eləcə də mülki nəqliyyat vasitələrinin hərəkət edəcəyi yollara, xarabalığa çevirdikləri qəbiristanlıqlara aparan cığırlara üst-üstə bir neçə qat mina döşəmək xəstə hay ağlının məhsulu ola bilər. Uşaq oyuncaqlarının içinə mikrobombalar yerləşdirib, onları cəbhə bölgəsindəki kəndlərimizin həyətlərinə atmaq isə dinc sakinlərin qənimi “qırmızı kxmerlərin” belə ağlına gəlməzdi. Bəli, onların Bakıya təzyiq kimi terror alətinə çevirməyə çalışdıqları minalardan istehsalçının iyi gəlməkdədir. Bu səbəbdən, təklif edirik ki, ANAMA-nın məlum xəbərdarlıq lövhələrinə “sahə minalanıb!” əvəzinə “sahə ermənilənib!” sözləri yazılsın.
...Cəzasını beşqat çəkəcəksiniz!
Azərbaycan bu günə qədər də Ermənistanın terror fəaliyyəti, təbiətə, mədəni irsə, insanlığa qarşı əməlləri, hərbi cinayətləri barədə beynəlxalq birliyə, BMT-yə dəfələrlə müraciətlər ünvanlayıb. Əlbəttə ki, indiki durumda beynəlxalq ictimaiyyətin səsimizə səs verəcəyini və ədalət gözləməyimiz sadəlövhlük olardı. Rəsmi Bakı hayların bu kimi təxribatlarına həm hərbi, həm də siyasi müstəvidə artıqlaması ilə cavab verib, qisasını da alıb. Bu dəfə də belə olacağına qəti şübhəmiz yoxdur. Ali Baş Komandanın dediyi kimi, düşmən birə beş ödəyəcəkdir. Zəruri addımları isə heç kəslə məsləhətləşmədən atacağıq. Necə ki, bir həftə bundan əvvəl suveren ərazimizdə, Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəmizi qurduq. Bunu demişdik və etdik. Necə etdiyimizi isə erməni siyasi ekspertləri də etiraf edirlər. Onlardan biri, politoloq Avanes Petrosyan sosial şəbəkədə yazıb: “Bakıda işi çox yaxşı qurublar, öz addımlarını dəqiq formalaşdırır və onları mütləq reallaşdırırlar”. Düz sözə nə deyəsən?!
Bu gün Hayastan təkcə Cənubun deyil, bütövlükdə, Qafqazın hər an partlamağa hazır vəziyyətdə olan barıt çəlləyinə, bu bölgənin özü boyda minasına çevrilib. Beynəlxalq “istehkamçılar” onu nə qədər tez zərərləşdirsələr, bölgə bir o qədər tez rahat nəfəs alar.
Umud RƏHİMOĞLU,
ANAMA yanında İctimai Şuranın sədri
Ermənilərin Tərtərdə törətdikləri mina partlayışı terror hadisəsidir. Biz ermənilərin törətdiyi bu faciələri son günlər tez-tez yaşayırıq. Ötən gün (aprelin 28-də – red.) mina partlayışı nəticəsində 3 dinc vətəndaşımız həyatını itirdi. Həmin ərazilər dəhşətli dərəcədə minalarla çirkləndirilib. Hadisənin detallarını görəndə adam dəhşətə gəlir. Monitorinq zamanı aşkar edilib ki, bu ərazilər 30 illik işğal müddətində minalarla ən çox çirkləndirilən ərazilərdəndir. Onu da deyim ki, keçmiş təmas xətti boyunca bütün ərazilərdə eyni problem yaşanır. Yəni, bu ərazilərdə torpağın altı maksimum dərəcədə piyada və tank əleyhinə minalarla çirkləndirilib. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra ikinci faciəni yaşayır. Vətən müharibəsində biz düşmənlə problemi çözdük, 30 il işğal altında olan ərazilərimizi azad etdik. Baxmayaraq ki, onlar bizim bu problemimizə də biganə idilər. Mina problemi bəşəri problemdir, bütün insanlığın problemidir. Beynəlxalq təşkilatları, supergücləri, insan hüquq müdafiəsi təşkilatlatlarını bu məsələyə biganə qalmamağa çağırırıq. Beynəlxalq təşkilatlar Azərbaycanın mina probleminə ciddi yanaşmalıdırlar.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”


