Ermənistanın “məxməri xəyalları” heç nəyə gətirib çıxarmadı, Qərb Azərbaycanın tərəfindədir. Bunu ABŞ-ın Stendford Universitetinin siyasi elmlər doktoru, politoloq Artur Xaçikyan deyib.
“Biz enişə gedirik, təşviq etdiyimiz “sülh gündəliyi” iflasa uğradı. Nə qədər güzəştə gediriksə, sülhdən danışırıqsa, Bakının iştahı bir o qədər artır. Azərbaycanın BMT-dəki nümayəndəsi artıq bəyan edib ki, Ermənistan səkkiz kəndi təslim etməli və işğal illərinə görə təzminat ödəməlidir”, – deyən Xaçikyan Azərbaycanın Laçın–Xankəndi yolundakı şərti sərhəddə – Həkəri çayı üzərindəki körpünün üstündə nəzarət-buraxılış məntəqəsi qurmasına da münasibət bildirib. O vurğulayıb ki, Bakı İrəvanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı pozmaqda ittiham edərək, Qarabağa, tamamilə, sahib çıxmaq yolu tutmaqdadır. Laçın dəhlizinin qapadılması da buna xidmət edir.
Göründüyü kimi, A.Xaçikyanın açıqlamasında doğru vurğuladığı məqamlarla yanaşı, tipik erməni xislətindən irəli gələn düşüncələrə də yer var. Onun Azərbaycanın Qarabağ probleminin həllindən sonra hansı addımları atacağına dair fikirləri diqqət çəkir. Politoloq bildirib ki, Bakı Qarabağın ardınca, Zəngəzur məsələsini də həll edəcəkdir və bununla əlaqədar konkret ssenariyə malikdir. Beynəlxalq ictimaiyyət isə Azərbaycanın iddialarını həzm edir, heç bir müqavimət göstərmir.
Fikirlərinin davamını gətirən erməni əsilli amerikalı siyasi ekspert üçtərəfli Bəyanatda əksini tapmış dəhliz məsələsindən, yəni, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən quru yolunun təmin edilməsindən də söz açıb. Məlumdur ki, Ermənistan sözügedən sənədin başqa müddəalarına əməl etmədiyi, ötən iki il yarım ərzində bölgədə vəziyyəti gərginləşdirdiyi kimi, Naxçıvana quru yolla əlaqədar üzərinə götürdüyü öhdəliyi də yerinə yetirmir. Belə olan halda Xaçikyanın söylədikləri tanış fikirlərdir. Elə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, beynəlxalq siyasi leksikona özünün gətirdiyi Zəngəzur dəhlizi ideyası reallaşacaqdır.
Stendford Universitetində elmi-siyasi fəaliyyətlə məşğul olan şəxs həmin dəhlizin reallaşmasının təkcə ölkəmiz yox, dünya üçün də əhəmiyyətini bilməmiş deyil. Mövcud anlamda Bakının nəzərdə tutulan qlobal layihənin gerçəkləşməsi üçün hər hansı zəmin hazırlamasında təəccüblü heç nə yoxdur. Yəni, Xaçikyan məsələdən söz açmaqla “Amerika kəşf etmir”. Təəccüblü olan isə nəinki Xaçikyanın, ümumən, erməni siyasi dairələrin və dünya erməniliyinin məsələ barədə, sanki, ilk dəfədir eşidirmiş kimi görüntü yaratmaları, mənasız isteriya qaldırmalarıdır. Digər tərəfdən, Azərbaycan hələ lap başlanğıcda Ermənistanın Zəngəzur dəhlizindən faydalanma imkanlarını da irəli sürüb.
Əlbəttə, başlıca məqam avantürist məqsədlər güdən İrəvanın Bakının təklifini, necə deyələr, qulaqardına vurmasıdır. Yeri gəlmişkən, Ermənistan, nəinki, bu məsələdə kompromisə gəlmir, ümumən, Azərbaycanla normallaşma prosesində konstruktiv mövqe tutmur, sülh ritorikasından uzaq durur, danışıqlar prosesini dalana dirəyir. Belə olan halda, Azərbaycan, bir qədər kəskin desək, qanmazı qandırmaq hüququnu özündə saxlamaqdadır.
Erməni politoloq açıqlamasında dəhliz məntiqinə Azərbaycanın Ermənistandan işğal illərinə görə təzminat tələbindən söz açarkən də söykənib. Onun sözlərindən əldə olunan qənaət budur ki, hazırkı məqamda dəhliz üçün “yaşıl işıq” yandırması Ermənistanı Bakının təzminat tələbindən qurtara bilər. Əks halda, İrəvan tələbi yerinə yetirməli olacaqdır. Xaçikyanın məntiqinə görə, tələbin yerinə yetirilməməsi Sünikin, yəni Zəngəzurun Azərbaycan tərəfindən tutulması perspektivini doğuracaqdır.
Xaçikyan açıqlamasının sonunda da əvvəlində haqqında söz açdığı məqama qayıdıb. Söhbət onun beynəlxalq ictimaiyyətin Azərbaycan qarşısında acizliyinin dilə gətirilməsindən gedir. Əlbəttə, biz də otuz ilə yaxın müddətdə beynəlxalq normaların, beynəlxalq hüququn işləmədiyini vurğulamışıq. Nəinki Ermənistanın siyasi rəhbərliyi, ümumən, dünyada heç kəs sözümüzə əhəmiyyət verməyib, tutarlı tədbir görməyib, İrəvanı işğaldan daşındırmayıb. İndi Xaçikyan və onun kimilər nə qədər danışırlarsa, danışsınlar və bildirsinlər ki, Qərb açıq-aydın Azərbaycanın tərəfində çıxış edir, ona həm hərbi, həm də iqtisadi yardım göstərir. Lap elə ölkəmizin Qarabağda etnik təmizləmə həyata keçirməyə hazırlaşdığını vurğulamaları da mümkündür. Çünki eyni əməlləri azərbaycanlıların başına gətiriblər. İndi öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirsinlər.
R.ƏVƏZ, “Xalq qəzeti”

