“Azərbaycan Dəmir Yolları” (ADY) QSC dəmir yolu infrastrukturunun sağlamlaşdırılması və tranzit daşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması üçün 303 ədəd platforma vaqon və 18 ədəd drezin alaraq ölkəyə gətirib.
Bu barədə media nümayəndələrinin iştirakı ilə Biləcəri yeni lokomotiv deposunda sözügedən texnikaya keçirilən baxşı zamanı ADY-nin İnfrastruktur departamentinin rəisi Elçin Zülfüqarov bildirib ki, dəmir yolu ilə sürətli və keyfiyyətli daşımaları həyata keçirmək üçün, ilk növbədə, infrastruktur vaxtaşırı olaraq sağlamlaşdırılmalıdır. “Yeni nəsil drezinlər yol təsərrüfatı, elektrik təchizatı, habelə işarəvermə sahəsində təmir-tikinti işlərinin çevik aparılmasına, infrastrukturun saz vəziyyətdə saxlanılmasına, bununla da, hərəkətin təhlükəsizliyinə əhəmiyyətli dərəcədə töhfə verəcək”, – deyə E. Zülfüqar əlavə edib.
QSC-nin Yük daşımaları departamentinin rəisi Emil Əhmədov isə qeyd edib ki, yeni alınmış 303 ədəd platforma vaqonu tranzit daşımaları, xüsusilə Şərq-Qərb istiqamətində yük daşımaların həcminin artırılmasına geniş imkanlar açacaq. Bildirilib ki, ADY yükdaşımaların fasiləsizliyini və əməliyyatların optimallaşdırılmasını təmin etmək məqsədilə bütün marşrutlar üzrə infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması, əməliyyatların sinxronlaşdırılması, hərəkət tərkibinin müvafiq dəhlizlər üzrə səmərəli bölüşdürülməsi istiqamətində kompleks tədbirlər planı hazırlayaraq həyata keçirir.
Qeyd edək ki, quru nəqliyyat sahəsində əsas lokomotiv rolunu oynayan ADY bu ilin ilk rübündə 4 miyon 441 min 970 ton yük daşıyıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz çoxdur.
“Xalq qəzeti”

