“Xanoba” Şimala keçid prosesini sürətləndirəcək

post-img

Martın 17-də Azərbaycan–Rusiya sərhədində yerləşən Xanoba gömrük postu yenidənqurmadan sonra istifadəyə verilib. Xatırladaq ki, Xanoba gömrük postunun bərpasına dair qərar Samur gömrük postunun ötürücülük yükünün azaldılması məqsədilə qəbul edilib.

Açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, həmçinin Dağıstan Respublikası Hö­kumətinin sədri Əbdülmüslim Əbdülmüslimov və digər rəsmilər iştirak ediblər.

Baş nazirin müavini Şahin Mustafayev qeyd edib ki, Xano­ba sərhəd məntəqəsinin işə salınması Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsinin artmasına səbəb olacaq. Onun sözlərinə görə, məntəqənin istismara verilməsi gündə 300-dək yük və 1000-dək minik avtomobilini buraxmağa imkan verə­cək. “Biz bu gün Rusiya tərəfi ilə əmtəə dövriyyəsində artım müşahidə edirik və Azərbaycanla Rusiya arasında nəqliyyat layihələrinin genişləndirilməsi üzrə işlər çox vacibdir. Biz Ru­siya ilə qarşılıqlı fəaliyyəti davam etdirməyə hazırıq”, – deyə o əlavə edib. 

“Xanoba” sərhəd məntəqəsinin Hindistan və Pakistandan yüklərin İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya maneəsiz və effektiv hərəkətini təmin edəcəyini vurğulayan Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Over­çuk bildirib ki, Şimal–Cənub nəqliyyat dəhlizi 21-ci əsrin ən mühüm nəqliyyat magistralı olacaq və bu magistralın ilk ele­menti artıq işə salınıb.

 

“Xalq qəzeti”

İqtisadiyyat