Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin yanvar-fevral aylarında “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” qaz-kondensat yatağından əldə etdiyi gəlirləri açıqlayıb.
Cari ilin ötən iki ayı ərzində ARDNF-in AÇG yataqlar blokundan əldə etdiyi gəlirlər 1 milyard 324 milyon ABŞ dolları təşkil edib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17 milyon dollar və ya 1,3 faiz çoxdur.
Hesabat dövründə Fondun “Şahdəniz” yatağından çıxarılan qaz və kondensatın satışından əldə etdiyi gəlirlər isə 534 milyon 751 min ABŞ dolları təşkil edib. Xatırladaq ki, ötən ilin eyni dövründə bu rəqəm 227 milyon 557 min dollara bərabər olub.
Göründüyü kimi, Fondun cari ilin yanvar-fevral aylarında qaz və kondensat satışından əldə etdiyi gəlir ötən ilin müvafiq dövrü ilə müqayisədə 307 milyon 194 min dollar və ya 2,4 dəfə çox olub.
Yeri gəlmişkən, cari ilin ilk iki ayında “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər (58 milyon 69 dollar) də ötən ilin müvafiq dövründəkindən 2,6 dəfə və ya 35 milyon 897 min dollar çox olub.
“Xalq qəzeti”