BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Zəngilan rayonunun Ağalı kəndində pilot suvarma sistemlərinin tətbiqi ilə bağlı layihə icra edəcək.
Bu barədə FAO-nun Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Məlumatda artıq təsdiq edildiyi və tezliklə icrasına başlanılacaq iki illik layihənin adıçəkilən qurumun texniki yardım proqramı çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmət Agentliyi tərəfindən reallaşdırılacağı, bu təşəbbüsdən isə 300-ə yaxın fermerin bəhrələnəcəyi vurğulanıb.
Yeri gəlmişkən, Azərbaycan 1995-ci il oktyabrın 20-də FAO-ya üzv seçiləndən sonra bu təşkilat respublikamızda milli, regional və qlobal xarakterli layihələr həyata keçirir. Həmin layihələr əsasən, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, aqrar potensialın artırılması, resursların idarə edilməsi, heyvan və bitki xəstəliklərinə qarşı mübarizə, təchizat və digər müvafiq sahələrdə texniki yardımları nəzərdə tutur.
FAO-nun respublikamızdakı layihələri Azərbaycan Hökümətinin prioritetləşdirilmiş ehtiyaclarına dair müraciətlərinə uyğun olaraq texniki əməkdaşlıq proqramlarına əsaslanır. Azərbaycan Höküməti və FAO 2009-cu ildən etibarən respublikamızda kənd təsərrüfatının inkişafı sahəsində sözügedən təşkilat tərəfindən mümkün texniki yardımın göstərilməsi məqsədilə ölkəmizə yardım proqramının hazırlanması prosesini davam etdirir. Bu məqsədlə Azərbaycan üçün FAO-nun milli orta müddətli prioritetlər üzrə çərçivə sənədi hazırlanaraq müntəzəm surətdə əsas prioritetlərə uyğun olaraq yenilənir.
Hazırda FAO və Azərbaycan doqquz prioritet istiqamətdə əməkdaşlıq edir. Cari il tərəflər arasında əməkdaşlığın ikinci mərhələsi üçün sənədlərin imzalanması gözlənilir.
Xatırladaq ki, FAO-nun əsas məqsədi Azərbaycanda qida məhsullarının və tullantıların idarə olunması sahəsində layihələrə dəstəyə yönəlib. İndiyədək hər iki tərəf kənd təsərrüfatı sahəsində 60-dan yuxarı birgə layihə reallaşdırıb, bunun nəticəsində isə respublikamızın bölgələrində kənd təsərrüfatı mühiti, o cümlədən, qida təhlükəsizliyi yaxşılaşıb.
“Xalq qəzeti”