Nyu-Yorkda BMT-nin Statistika Komissiyasının 54-cü sessiyası və rəsmi statistika üzrə Yüksək Səviyyəli Forum keçirilir.
Dövlət Statistika Komitəsindən (DSK) AZƏRTAC-a bildirilib ki, tədbirlərdə Azərbaycan DSK sədrinin müavini Yusif Yusifov iştirak edib.
Sessiyanın müzakirəsinə 19 sənəd çıxarılıb, 9 məlumat xarakterli məsələyə baxılıb. Dörd gün davam edən sessiyada 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəliklə müəyyən olunmuş göstəricilər və həmin göstəricilər üzrə məlumatların toplanması, sosial-iqtisadi və demoqrafik statistika, ev təsərrüfatları üzrə sorğular, milli hesablar, sahibkarlıq, ticarət, maliyyə və qiymət statistikası, elm, texnika və innovasiya, ətraf mühit statistikası, regional səviyyədə statistikanın inkişafı, ekoloji-iqtisadi hesablar, rəsmi statistikanın əsas prinsipləri, beynəlxalq statistik təsnifatlar, statistik potensialın gücləndirilməsi, rəsmi statistikada keyfiyyətin təmin olunması sistemi, irihəcmli məlumatlar, qaçqınlar, məcburi köçkünlər və vətəndaşlığı olmayan şəxslər, cinayətkarlıq və hüquqpozmalarla bağlı statistika, rəsmi statistika ilə geoməkan məlumatlarının inteqrasiyası, Statistika Komissiyasının iş metodları və bir sıra digər mövzular üzrə müvafiq ekspert və işçi qrupları tərəfindən hazırlanmış məruzələrə dair qərarlar qəbul edilib. Eyni zamanda beynəlxalq müqayisələr proqramı, məlumatların yayılması və mübadiləsi üzrə vahid standartlar, BMT-nin Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının qərarlarının icrası məqsədilə görülmüş işlər üzrə hazırlanmış məlumat xarakterli məruzələr təqdim olunub. Rəsmi statistika üzrə Yüksək Səviyyəli Forumda isə Ümumi Daxili Məhsula dair aktual məsələlərə baxılıb.