Azərbaycan gömrükçüləri BMT-nin himayəsi ilə keçirilən tədbirdə təmsil olunurlar

post-img

Keniyanın paytaxtı Nayrobi şəhərində Birləşmiş Millətlər Təşkilatının himayəsi ilə keçirilən “Kimyəvi maddələrin və tullantıların düzgün idarə edilməsinə strateji yanaşma” üzrə beynəlxalq tədbir keçirilir.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, tədbirdə DGK Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent İsmayıl Əfəndiyev təmsil edir.

BMT-nin "Kimyəvi maddələrin beynəlxalq səviyyədə idarə edilməsinə strateji yanaşma" Təşkilatı (SAICM), BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və bir sıra digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən təşkil olunan bu qlobal tədbirdə 170-dən çox ölkənin hökumət, qeyri-hökumət təşkilatlarının, həmçinin beynəlxalq qurumların nümayəndələri və ekspertləri iştirak edir.

Tədbirdə yeni narkotik vasitələrin, psixoaktiv maddələrin və saxta dərmanların yayılması və dövriyyəsi ilə mübarizə; kəskin, xroniki və peşə zəhərlənmələrinin profilaktikası; kanserogen, biokumulyativ və zərərli kimyəvi maddələrin istehsalı və istifadəsinin qadağan edilməsi; təhlükəli pestisidlərin əvəzlənməsi; toksik tullantıların aradan qaldırılması; həssas qrupların təhlükəli kimyəvi maddələrin təsirindən qorunması və digər aktual mövzularda müzakirələr aparılır.

Tədbirin qətnaməsi bu ilin oktyabr ayında Almaniyanın Bonn şəhərində keçiriləcək “Kimyəvi maddələrin idarə edilməsi” üzrə BMT-nin 5-ci Beynəlxalq Nazirlər Konfransına təqdim olunacaq.

İqtisadiyyat