Aqrar sektorda artım

post-img

Bu ilin yanvar ayında Azərbaycanda 456,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, hesabat dövründə bu sahədə məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz çox olub. 

Kənd təsərrüfatının ümumi məhsulunda bitkiçilik məhsullarının dəyəri 23,1 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin ilk ayı ilə müqayisədə 2 faiz çoxdur. Cari ilin ilk ayında heyvandarlıq məhsullarının dəyəri də 3,4 faiz artaraq 433,1 milyon manata çatıb. 

Xatırladaq ki, keçən il ölkə üzrə qarğıdalı da daxil olmaqla 3 milyon 161,3 min ton dənli və dənli paxla­lı bitkilər istehsal olunub. İl ərzində bitkiçilik sahəsinin əsas məhsullarından olan kartof, tərəvəz, bostan məh­sulları, meyvə və giləmeyvə, üzüm, şəkər çuğunduru, pambıq və günəbaxan istehsalında artım qeydə alınıb. 

Cari ilin yanvar ayında aqrar bölmənin digər əsas sahəsi olan heyvandarlıqda da yüksək göstəricilərə nail olunub. Belə ki, ilin ilk ayında ölkədə diri çəkidə 45,6 min ton ət, 160,7 min ton süd və 182,1 milyon ədəd yumurta istehsal edilib. Ötən ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 2,8 faiz, süd istehsalı 1 faiz, yumurta istehsalı isə 16 faiz artıb.

 

“Xalq qəzeti”

İqtisadiyyat