Xalqımızın ümummilli lideri Heydər Əliyevin işləyib hazırladığı mükəmməl neft strategiyasının məntiqi nəticəsi olan “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin neft sənayesinə beynəlxalq marağın artmasına səbəb oldu. Məhz bunun nəticəsində dünyanın tanınmış neft şirkətləri Xəzərin Azərbaycan sektorunda yerləşən karbohidrogen ehtiyatlarının işlənməsinə investisiya qoymağa başladılar.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, ötən 27 il ərzində ölkəmizin neft-qaz sektoruna 89 milyard ABŞ dolları məbləğində xarici investisiya qoyulub. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” adlı tədbirdə çıxışı zamanı bu barədə məlumat verən nazir qeyd edib ki, Azərbaycan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi və “Şahdəniz” qaz yatağı layihələrindən indiyədək 170 milyard ABŞ dolları məbləğində gəlir əldə edib.
Energetika naziri, həmçinin qeyd edib ki, “AÇG və “Şahdəniz” yataqlarından bugünədək 569 milyon tona yaxın neft, 40,6 milyon ton kondensat və təxminən, 390 milyard kubmetr qaz çıxarılıb.
“Xalq qəzeti”

