Avstraliyanın “Fortescue Future Industries” şirkəti Azərbaycanla “yaşıl enerji” sahəsində yaxından əməkdaşlıq etməkdə maraqlıdır. Azərbaycanın bərpaolunan enerji sahəsində yüksək potensialı qitə ölkənin şirkətini belə bir qənaətə gəlməyə vadar edib. Belə ki, adıçəkilən şirkət Azərbaycanın elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilədək 30 faizə çatdırmaq və Avropaya “yaşıl enerji” nəql etmək niyyətindən yaxşı xəbərdardır. Bu səbəbdən də Avstraliya şirkəti həm Avropaya “yaşıl enerji”nin nəqli yolları, həm də respublikamızda dekarbonizasiya üçün bərpaolunan enerjinin istifadəsində maraqlıdır.
“Fortescue Future Industries” şirkəti bərpaolunan enerji mənbələri və ekoloji təmiz hidrogen istehsalı ilə əlaqədar potensial layihələrin reallaşdırılması məqsədilə ən uyğun yeri müəyyənləşdirmək üçün qarşıdakı müddətdə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edəcək. Şirkətdən bildiriblər ki, Azərbaycanın mövcud boru kəmərləri ilə Avropaya “yaşıl” enerjinin nəqli üçün ideal coğrafi mövqeyi və birləşdirici kabelləri var. Hazırda bütün bu imkanların Azərbaycanla Avropa İttifaqı arasında müzakirəsi davam edir.
Xatırladaq ki, 2022-ci ilin sonunda “Fortescue Future Industries” şirkəti və Azərbaycanın Energetika Nazirliyi arasında ölkədə 12 min meqavat gücündə külək və günəş enerjisi istehsalı üzrə layihənin həyata keçirilməsi haqqında memorandum imzalanıb. Bundan əlavə, “Fortescue Future Industries” şirkəti tərəfindən Azərbaycanda “yaşıl hidrogen”in istehsalı və nəqli üzrə layihənin planı hazırlanıb. Sənəd Azərbaycanın energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə bərpaolunan enerji mənbələri üzrə komissiyanın ikinci iclasında təqdim olunub.
“Xalq qəzeti”

