Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 2023-cü il 15 fevral tarixli qərarı ilə maliyyə sektorunun dayanıqlı maliyyəyə transformasiyası məqsədilə 2023-2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi təsdiq edilib. Əsas məqsəd dayanıqlı iqtisadiyyata keçidlə bağlı yaranan imkanların gerçəkləşdirilməsi olan yol xəritəsi qabaqcıl beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanıb. Bununla da ölkədə sağlam, səmərəli maliyyə sektorunun formalaşdırılmasına zəmin yaradılıb.
Adıçəkilən yol xəritəsində öz ifadəsini tapan bəzi məqamlara diqqət yetirək. Sənəddə vurğulandığı kimi, ekoloji, sosial və iqtisadi amillər arasında düzgün balansın qorunması iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan bu gün istixana qazlarının emissiyasının azaldılması üzrə beynəlxalq təşəbbüslərə fəal qoşulmaqla qeyd edilən amillərin ölkənin iqtisadi inkişaf strategyasına inteqrasiyasını uğurla reallaşdırır. Bu zaman isə Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan və iqtisadi artımın sürətləndirilməsini qarşıya mühüm vəzifə kimi qoyan “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri” və “2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası”nın tələbləri diqqət mərkəzində saxlanılır.
Hazırda Azərbaycan hökumətinin dayanıqlı inkişaf üzrə islahatlar gündəliyi təmiz texnologiyaların tətbiqinə, təmiz enerji mənbələrindən istifadənin təşviqinə, çirklənmiş ərazilərin təkrar emalına və reabilitasiyasına yönəlib. Ümumiyyətlə, təmiz ətraf mühit və “yaşıl inkişaf” ölkəsinə çevrilmək məsələsinə Azərbaycanın milli prioritetləri sırasında xüsusi yer verilib.
Sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi və iqtisadiyyatın əsas sahələri üzrə müəyyənləşdirilən milli prioritetlərin reallaşdırılması üçün ekoloji, sosial və idarəetmə prinsiplərinə söykənən maliyyə axınlarının gerçəkləşdirilməsi zəruridir. Təbii ki, bu məqamda maliyyə sisteminin dayanıqlı iqtisadiyyata keçidinin dəstəklənməsindəki rolu müstəsna hal kimi dəyərləndirilir.
Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinin hazırlanması Azərbaycan Mərkəzi Bankının ölkənin dayanıqlı inkişafında maliyyə sektorunun rolunun gücləndirilməsini dəstəkləmək məqsədindən qaynaqlanıb. Yol xəritəsi, bir tərəfdən, maliyyə sektorunun ekoloji, sosial və idarəetmə risklərinə dayanıqlığının reallaşdırılmasına, digər tərəfdən isə, “yaşıl” investisiyaların gerçəkləşdirilməsinə yönəlib.
Yol xəritəsində qeyd edildiyi kimi, iqlim dəyişiklikləri, habelə ekoloji risklərin orta və uzunmüddətli perspektivdə iqtisadi sektorlara əhəmiyyətli risklər yaradacağı gözlənilir. İstixana qazlarının davamlı emissiyası qlobal istiləşmənin daha da artmasına və arzuolunmaz iqtisadi, maliyyə və sosial nəticələrə gətirib çıxara bilər. İqlim dəyişikliyi digər ekoloji risklər arasında aktuallığına, əhatə dairəsinə və təsirinə görə seçilməklə yanaşı, sosial və idarəetmə risklərinə də səbəb olur.
Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinə əsasən, müxtəlif iqtisadi sektorlara əhəmiyyətli təsir edən belə risklərə quraqlıq və daşqın kimi təbii fəlakətləri misal göstərmək olar. Xatırladaq ki, kənd təsərrüfatı, meşəçilik və s. kimi iqtisadi sahələrin üstünlük təşkil etdiyi coğrafi rayonların və həmin ərazilərdə məskunlaşmış əhalinin sözügedən təbii fəlakətlərə həssaslığı daha yüksəkdir. Bu səbəbdən iqlim dəyişiklikləri iqtisadi və maliyyə riskləri ilə yanaşı, sosial rifah üçün də təhdidlər yaradır. Başqa sözlə, yüksək hava temperaturu və yağıntı əhalinin sağlamlığı üçün təhlükə törətməklə yanaşı, təbii resurslarla zəngin ölkələrdə iqlim dəyişiklikləri iqtisadi inkişafın zəifləməsini, təhsilin keyfiyyətinin pisləşməsini, bərabərsizliyin artmasını da şərtləndirir. Bu səbəbdən iqlim dəyişikliklərinin fəsadlarının aradan qaldırılması üçün davamlı və kompleks işlərin aparılması zəruridir.
Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert
Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanan Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinin başlıca məqsədi iqlim və ekoloji, həmçinin sosial və idarəetmə amillərini nəzərə alan dayanıqlı maliyyə sisteminin formalaşmasını dəstəkləmək və maliyyə sabitliyini təmin etməkdir. Yol xəritəsində qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla iqlim dəyişiklikləri və ekoloji, sosial və idarəetmə meyarlarının adıçəkilən bankın nəzarət çərçivəsinə, habelə maliyyə institutlarının 5 strateji qərarvermə, habelə risklərin idarə edilməsi proseslərinə inteqrasiyası, bu sahədə müvafiq bazar standartlarının formalaşdırılması, eyni zamanda, dayanıqlı maliyyə alətləri üçün ekosistemin qurulması əhatə edilir.
Azərbaycan iqtisadiyyatı və maliyyə sektoru üçün iqlim və ekoloji, o cümlədən sosial amillərdən qaynaqlanan risklər həm qısamüddətli, həm də uzunmüddətli dövr üçün aktualdır.
Dayanıqlı maliyyənin başlıca məqsədi maliyyə resurslarının dayanıqlı və inklüziv artıma töhfəsinin reallaşdırılması və iqlim dəyişiklikləri, həmçinin ekoloji, sosial və idarəetmə amillərindən formalaşan risklər fonunda maliyyə sabitliyinin təmin edilməsidir.
Maliyyə sistemi dayanıqlığının gücləndirilməsi məqsədilə ölkə iqtisadiyyatının diversifikasiya səviyyəsinin yüksəldilməsi əsas struktur amillərdən biri kimi xarakterizə olunur. Effektiv maliyyə sistemi dayanıqlığının formalaşdırılması mühüm əhəmiyyət kəsb edən məsələdir. Belə ki, bu formalaşmanın nəticəsini iqtisadiyyatın dirçəlməsi, ölkənin iqtisadi sabitliyi, diversifikasiya və onu şərtləndirən digər amillərlə yaxın bağlılıq təşkil edir. Eyni zamanda, iqtisadiyyatın ixracyönümlü sahəvi strukturları, bununla bağlı sektorlar və düzgün iqtisadi siyasətin seçilməsi onun effektivliyi ilə birbaşa əlaqəlidir.
Yol xəritəsinin icrasının effektivliyini təmin etmək məqsədilə, ilk növbədə, iqlim dəyişiklikləri, ekoloji, sosial və idarəetmə faktorları üzrə məlumatlığın və bacarıqların formalaşdırılması istiqamətlərində tədbirlərin icrası vacibdir.
Beləliklə, maliyyə sistemi dayanıqlığının təmini və inkişaf istiqamətləri onu şərtləndirən zəruri amillərlə yanaşı, iqtisadiyyatın diversifikasiyası, maliyyə resurs mənbələrinin təşkili, qeyri-neft sektorunun inkişafı, dövlət tərəfindən keçirilən müxtəlif stimullaşdırma tədbirləri ilə birbaşa əlaqəlidir. Ona görə də bu əlaqəlilik əsasında reallaşdırılan hər hansı bir fəaliyyət maliyyə sistemi dayanıqlığına özünün birbaşa təsiri ilə səciyyələnir.
Maliyyə sisteminin mövcud perspektivlər əsasında inkişafını gerçəkləşdirmək üçün həyata keçirilən tədbirlər içərisində maliyyə-büdcə siyasətini səmərəli tərzdə istiqamətləndirmək də vacib məsələlərdəndir. Mövcud əlaqəlilik əsasında maliyyə resurslarının faktiki həcmi ilə öhdəliklər arasında optimal nisbətin saxlanılması, sahəvi strukturların səmərəli tərzdə maliyyələşdirilməsinin təşkili, maliyyə sistemi elementləri arasında xərc səlahiyyətlərinin və müxtəlif digər mənbələrin sərhədlərinin dəqiqləşdirilməsi, strateji proqnozlaşdırmalarda uyğunsuzluqların aradan qaldırılması tədbirlərinin hər biri maliyyə sistemi dayanıqlığına öz müsbət təsirini göstərəcək.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”


