Şirvan: Hərtərəfli yeniləşmə şəhərə rahatlıq və gözəllik gətirir

post-img

Sözün əsl mənasında, həyatımızı kabusa çevirən pandemiyadan sonra gözümlə gördüyüm ən kiçik iş belə yaşam əzminin dirçəlməsinə xidmət etdiyinə görə çox qiymətli və dəyərlidir. Bəlkə də dünyanın düz vaxtında – pandemiyadan əvvəl nəhəng layihələrin və tədbirlərin vermədiyi effekti, doğurmadığı təəssüratı indi lap xırda yenilikdən ala bilirik, həm də məmnuniyytlə. Açığını deyim ki, vəzifəmizə uyğun olaraq əvvəllər bölgələrdən silsilə yazılar hazırlayırdıq və onların arasında ən çox bizi yoran sözlə doldurulmuş arayışlar olurdu. O arayışları istədiyimiz formaya salanadək əldən-dildən düşürdük və yaradıcı qatqımız da ən az yarıbayarı azalırdı. Ancaq indi vəziyyət bambaşqadır. 

Şükür, deyəsən, yenidən həyat işartıları sürətlə özünü hiss etdirir və bu mənada mən artıq iki aydır ayrıldı­ğımız 2022-ci ildə Şirvan şəhərində gö­rülmüş işlər barədə yazı hazırlayıram. Bəli, başlayaq ondan ki, 2022-ci ildə Şirvan şəhərində, doğrudan da, çoxlu alqışlanası işlər görülüb və onların ha­mısı barədə məlumat vermək sadəcə, imkan xaricindədir. Ancaq yenə qısaca da olsa, ötən ilin nəticələrinə nəzər sal­maq yaxşı olardı. 

Məlumat üçün deyim ki, 2022-ci ildə Şirvan sakinlərini məmnun edən işlərin ən birincisi Məhəmməd Füzuli adına Şirvan Şəhər Mədəniyyət və İs­tirahət Parkının əsaslı şəkildə yenidən qurulmasıdır. Ərazisi 10,1 hektar olan parkda nəzərdə tutulmuş işlər 2020-ci ilin yanvar ayından başlasa da, pande­miya ucbatından 1 il gecikmiş, 2022-ci ildə uğurla yekunlaşmışdır. Gənclərin asudə vaxtının səmərəli keçməsi üçün parkda 486 kvadratmetrlik açıq futbol meydançası tikilmiş və yaxınlıqdakı evlərin hasarları suvanaraq rənglən­mişdir. Ərazinin və ətraf evlərin qrunt sularının təsirinə məruz qalmaması üçün dərinliyi 12 metrdən az olmayan 35 ədəd şaquli quyudan ibarət xüsusi drenaj qurğusu tikilmişdir. Buradakı yeraltı suları kənarlaşdırmaq məqsə­dilə 1000 metrlik kommunikasiya xətti çəkilmişdir. 

Qeyd etmək lazımdır ki, 2022-ci ildə şəhərin küçə və prospektlərinin işıqlandırılmasına da xüsusi diqqət ayrılmışdır. Ümumilikdə, 102 küçədə 111 min 593 metr kabel çəkilmiş, 4 min 829 yeni işıq nöqtəsi quraşdırılmışdır. Bu işlərin həyata keçirilməsində “Bakı Abadlıq Xidməti” MMC fəal iştirak et­mişdir. Əlbəttə, görülmüş işlərin 2023-cü ildə davam etdirilməsi nəzərdə tu­tulmuş, şəhərin bir sıra küçələrində və Heydər Əliyev prospektində, Birinci Qarabağ və Vətən müharibələri zama­nı şəhid olmuş Elnur Qarayev, Həsən Həsənov, Emil Hümbətov, Əli Mənəfli, Abdulla Zeynalov, Ramil Əliyev, Fuad Bağırov, Şəhriyar İsmayılzadə, Rafiq Ərəbli, Nicat Hüseynov, Ruslan Rüstə­mov, Yusif Cəfərov və Raqub Oruco­vun ailələrinin yaşadıqları küçələrdə yeni işıqlandırma sistemlərinin quraş­dırılmasına başlanılmışdır. 

Eyni zamanda, Heydər Əliyev par­kında və meydanında, Səməd Vurğun və Nəriman Nərimanov adına parklar­da, Məhəmməd Əmin Rəsulzadə və İs­tiqlaliyyət xiyabanlarında işıqlandırma şəbəkəsinin gücləndirilməsi də yaddan çıxarılmamışdır. Bayraq meydanında da işıqlandırma sistemi yenilənmiş, ya­rarsız dirəklər əvəz olunmuş, 248 metr yeraltı elektrik xətti çəkilmişdir.

Ötən il Şirvan şəhərində küçələrin nəzərəçarpacaq dərəcədə asfaltlan­ması sakinlərin sevincinə səbəb olmuş­dur. Qeyd edim ki, bir neçə küçəyə, o cümlədən şəhid Namiq Xəlilov və Amal Alişanlının adlarını daşıyan küçələrə, ümumilikdə, 26 min 716 kvadratmetr asfalt-beton örtük vurulmuşdur. 

Şirvanlılar Leyla xanım Əliyevanın onların sevimli şəhərlərinə göstərdi­yi qayğıdan olduqca məmnundurlar. Məlum olduğu kimi, “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçi­rilən “Bizim həyət” layihəsi çərçivəsin­də regionlarda ilk tədbir məhz Şirvan şəhərində gerçəkləşdirilmişdir. 2-ci nümunəvi məhəllə də abadlaşdırılmış, iyunun 15-də sakinlərin istifadəsinə verilmişdir. Hazırda “Bizim həyət” la­yihəsi çərçivəsində ümumi sahəsi 1,2 hektar olan 3-cü nümunəvi məhəllənin abadlaşdırılması istiqamətində işlərin, demək olar ki, çoxu görülmüşdür. 

Yeri gəlmişkən, sakinlərin xüsusi həssaslıqla yanaşdıqları məsələlərdən biri də istiqlaliyyət prospektində 3 nöm­rəli yaşayış binasının qarşısındakı “Xe­yir-şər” evinin əsaslı təmirinin 2023-cü ildə başa çatdırılmasıdır.

2022-ci ildə şəhərdə binaların 540 kvadratmetr yastı, bir neçə kommunal evin çardaqlı dam örtüyü təmir olun­muşdur. Çox sayda binanın zirzəmisi­nin giriş qapısına və nəfəsliyinə metal barmaqlıqlar quraşdırılmış, 11 ədəd lift təmir edilmişdir. Şəhərin bəzi əsas küçələrinin və Hacıqəhrəmanlı qəsə­bəsinin yanğın su hovuzları əsaslı tə­mir olunmuşdur. 

Bundan başqa, Taleh Ələkbərov küçəsi 2 və 6 nömrəli yaşayış binaları­nın 581 kvadratmetr çardaqlı dam örtü­yü yenilənmişdir.

Abadlıq-quruculuq işləri çərçivəsin­də Heydər Əliyev parkının və meydanı­nın, Nəriman Nərimanov adına parkın və 1 May küçəsindəki fəvvarələrin tə­mir edilməsi, Bayramlı qəsəbəsi, Mirzə Ələkbər Sabir küçəsində 1981 kvadrat­metrlik nümunəvi məhəllənin abadlaş­ması diqqətçəkən məqamlardandır. 

Mövcud yaşıllıqların qorunub sax­lanılması və yenilərinin salınması da xüsusi əhəmiyyət kəsb etmişdir. Şəhə­rin müxtəlif ərazilərinə 2 min 300 kvad­ratmetr çəmən örtüyü salınmış, 6 min kvadratmetr çəmən toxumu səpilmiş, 1504 ədəd şam ağacı, 416 ədəd sərv ağacı, 50 ədəd tuya, 2 min 300 ədəd qızılgül, 368 ədəd “alandra” gülü və 1240 ədəd ətirşah kolu əkilmişdir. 

Heydər Əliyev Fondunun vitse-pre­zidenti Leyla xanım Əliyevanın təşəb­büsünə qoşulan şirvanlılar 2020-ci ildən başlayaraq hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirə­sinə 613 ədəd ağac əkirlər. 

2022-ci ildə Şirvan şəhərinin küçə və prospektlərində su təchizatı və ka­nalizasiya şəbəkələrinin yenidən qu­rulması istiqamətində də xeyli işlər görülmüşdür. Müxtəlif diametrli 4 min metr su xətti çəkilmiş, 530 metr polad boru, müxtəlif diametrli 300 metr kana­lizasiya xətti təmir olunmuş, 922 ədəd mexaniki su sayğacı, 10 ədəd müxtə­lif diametrli siyirtmə quraşdırılmışdır. Dövlət proqramına uyğun olaraq 11 min 302 metr müxtəlif diametrli su xətti, 9 min 532 metr kanalizasiya xətti çəkil­miş, 1195 ədəd mexaniki su sayğacı, 549 ədəd kanalizasiya quyusu quraş­dırılmışdır.

2022-ci ildə də Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhidlərin ad­larının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulmasına önəm verilmiş, bu məqsədlə bir sıra tədbirlər həyata ke­çirilmişdir. Şəhid ailələrinin və şəhər əhalisinin müqəddəs ziyarətgahına çevrilən Şəhidlər xiyabanının abadlığı­na, səliqə-sahmanına mütəmadi diqqət göstərilməkdədir. 

Şirvan Şəhidlər xiyabanında dəfn olunan İkinci Qarabağ müharibə­si şəhidlərinin məzarüstü abidələri qara mərmərdən inşa olunmuşdur. Xiyabana rahat gediş-gəlişi və zi­yarəti təmin etmək məqsədilə yeni piyada səkiləri salınmış, xiyaban yeni skamyalarla təchiz edilmiş, sanitar qovşaq istifadəyə verilmiş və yaşıllıqlar salınmışdır. Həmçinin şəhid analarının şərəfinə “Şəhid anası” memorial abidə kompleksi ucaldılmışdır.

Abadlıq və yenidənqurma işləri çər­çivəsində ailələrin müraciətləri nəzərə alınaraq 99 nəfər Birinci Qarabağ mü­haribəsi şəhidinin köhnəlmiş məzarüs­tü abidələri qara mərmərlə yenilənmiş­dir. Xiyabanın qarşısında Şirvan şəhəri ilə bağlılığı olan 184 şəhidin fotoları və barələrində məlumat əks olunan böyük pano quraşdırılmışdır.

Şəhidlərin doğum və anım günləri, milli bayramlar və hüzn günləri ilə bağ­lı tədbirlər ümumşəhər səviyyəsində qeyd edilməklə Şəhidlər xiyabanına ziyarətlər təşkil olunmuş, burada hər bir şəhidin xatirəsinə onların ailələri ilə birlikdə ağaclar əkilmişdir. 

Sakinlərin təqdirini qazanmış bir məsələni vurğulamaq yerinə düşər. Artıq hər ayın sonuncu cümə axşamı günündə Şirvan Şəhər İcra Hakimiyyə­ti başçısının və digər rəhbər şəxslərin Şəhidlər xiyabanını ziyarət etmələri, şəhidlərin ruhlarına dua oxumaları, “Şəhid anası” memorial abidə komp­leksinin qarşısında şəhid ailələri ilə görüşərək onların müraciətlərini din­ləmələri adət halını almışdır. 

Əlimizdən tutub, bizə yazı yazma­ğı öyrədən mərhum ustadlarımdan biri həmişə deyərdi ki, məlumatın çoxluğu və fakt bolluğu işin xeyrinə olsa da, qəzet üçün material hazırlamağı qə­lizləşdirir. Çünki bilmirsən ki, nədən başlayıb, nədə qurtarasan. Amma bu dəfə faktların çoxluğuna sevindim. Axı onların hər biri insanların yaşayıb-ya­ratmaq istəyindən xəbər verir.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri











Sosial həyat