Avropanın Azərbaycan qazına ehtiyacı artır

post-img

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatında bu il Avropaya “mavi yanacaq” ixracının Azərbaycan hesabına artırılacağının planlaşdırıldığı bildirilir. Həmçinin, bu dövrdə Avropa ölkələrində qaz istehlakının 122 milyard kubmetr həcmində nəzərdə tutulduğu, bunun isə 2022-ci ildəki göstəricidən 1 milyard kubmetr çox olduğu qeyd edilir.

“Norveçin Avropa bazarına ixrac edə­cəyi təbii qazın həcmi ötən ilki səviyyədə qalacaq. Bu il Trans–Adriatik Qaz Boru Kəməri (TAP) ilə Avropaya Azərbaycan tə­bii qazının tədarükü 2022-ci ildəki həcmlə müqayisədə 1 milyard kubmetrdən çox olmayacaq. Əlcəzairdə, Cənub Berkine hövzəsində də qaz yataqlarının işlənməsi nəticəsində məhdud həcmdə istehsal artı­mı nəzərə çarpacaq,” – deyə məlumatda vurğulanır. 

IEA, həmçinin Rusiyanın Avropa İtti­faqına (Aİ) qaz nəqlinin bu il, təxminən, 35 milyard kubmetr azalaraq cəmi 25 milyard kubmetrə enəcəyini proqnozlaşdırır. Bu, “Türk axını” və Ukrayna vasitəsilə təbii qaz axınının 2022-ci ilin dekabrında mü­şahidə olunan orta axın sürətində davam edəcəyini nəzərdə tutur.

Yeri gəlmişkən, burada diqqətçəkən bir məqamı da xatırlatmaq istərdik. Belə ki, ABŞ-ın dövlət katibi Antoni Blinken Afi­nada Yunanıstanın xarici işlər naziri Ni­kos Dendias ilə görüşdən əvvəl mətbuata açıqlamasında Bolqarıstanın 2024-cü ildə qaza olan ehtiyacını Azərbaycan və ABŞ hesabına ödəyəcəyini deyib. O, bu fik­rini bir qədər də konkretləşdirərək Yuna­nıstan–Bolqarıstan Qaz İnterkonnektoru sayəsində Bolqarıstanın növbəti il daxili ehtiyaclarını ödəmək üçün ehtiyac duydu­ğu qazın demək olar ki, 100 faizini Azər­baycan və ABŞ-dan idxal edə biləcəyini vurğulayıb. 

Xatırladaq ki, həmin interkonnektor 2022-ci ilin payızında istismara verilib. O vaxtdan etibarən Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yata­ğından çıxarılan və Cənub Qaz Dəhlizi­nin Avropa seqmenti olan TAP vasitəsilə Avropaya nəql olunan qazın Yunanıs­tandan Bolqarıstana çatdırılmasına baş­lanılıb. İnterkonnektor, eyni zamanda, ABŞ-dan tədarük olunan mayeləşdirilmiş təbii qazı da Yunanıstanın reqazifikasiya terminallarından Bolqarıstana ötürməyə imkan verir.

Qeyd edək ki, Avropaya “mavi yana­caq” ixracının Azərbaycan hesabına artı­rılacağı barədə danşarkən, ilk növbədə, TAP-ın fəaliyyətinə nəzər salmaq istərdik. Belə ki, bu kəmər istismara verildiyi gün­dən – 2020-ci il dekabrın 31-dən indiyə­dək 18,5 milyard kubmetr qaz nəql edilib. Həmin göstəricinin, təxminən, 16 milyard kubmetri həcmində “mavi yanacaq” İta­liyaya göndərilib. Keçən il isə İtaliyaya 3 milyard kubmetrdən çox qaz nəql olunub. Beləliklə, Azərbaycan tərəfindən İtaliya­nın təbii qaza olan tələbatı 14 faizdən çox ödənilib. 

Onu da deyək ki, artıq TAP-ın ötürü­cülük imkanlarının ikiqat artırılması üçün bazar sınağının ikinci mərhələsinin vaxtı açıqlanıb. Başqa sözlə, boru kəmərinin ötürücülük imkanlarının ikiqat artırılması üzrə bazar sınağı çərçivəsində məcburi təkliflərin qəbulunun ikinci mərhələsi bu ilin sentyabr ayına planlaşdırılıb. Bu barə­də TAP-ın səhmdarlarından biri–“Enagas” ispan şirkəti məlumat verib. 

“2021-ci ildə başlayan bazar sınağının yekunlarına görə, 2026-cı ildən etibarən əlavə olaraq 1,2 milyard kubmetr həcmin­də qaz nəqli planlaşdırılır. Bazar sınağının ikinci mərhələsinin 2023-cü ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulur. Bu mərhələnin yekunlarına əsasən isə boru kəmərinin ötürücülük imkanlarının 20 mil­yard kubmetrədək ikiqat artırılması müm­kündür”, – şirkətin hesabatında deyilir.

Şirkətin məlumatında, həmçinin təbii qazın TAP vasitəsilə nəql edildiyi iki ildən bir qədər çox vaxt ərzində bu kəmərlə 40 milyardlıq ixracın həyata keçirildi­yi, 2022-ci ildə TAP-la İtaliyaya ötürülən “mavi yanacağın” həcminin isə 2021-ci illə müqayisədə 41 faiz artdığı qeyd olunur və bununla da ölkəyə Rusiya qazının idxa­lındakı azalmanın kompensasiya edildiyi bildirilir. 

Yeri gəlmişkən, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıs­tan və Bolqarıstanın hər birinə isə bir mil­yard kubmetr həcmində qaz nəql olunur.

Azərbaycan qazının Cənub Qaz Dəh­lizi vasitəsilə Avropaya nəqlinə 2020-ci il dekabr ayının 31-də başlanıb. Beləliklə, ölkəmiz tarixində ilk dəfə olaraq təbii qaz boru kəmərləri ilə Avropa bazarına çıxa­rılıb. Bununla da dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını di­versifikasiyalaşdırıb.

 

 

Hüseynqulu QULİYEV,
iqtisadçı-ekspert

 

Avropaya “mavi yanacaq” ixracı­nın Azərbaycan hesabına artırılması ilə bağlı əvvəlcə onu deyə bilərəm ki, ölkəmiz bu sahədə zəngin potensiala malikdir. Prezident İlham Əliyev Avro­pa İttifaqı (Aİ) ilə Azərbaycan arasın­da enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumun imzalan­ması mərasimində deyib: “Bu memo­randuma əsasən, növbəti bir neçə ildə biz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracağıq və buna imkan var. Azərbaycanın təsdiq edilmiş qaz ehti­yatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Əlbəttə ki, bu sahə­də əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir”.

Dövlətimizin başçısı daha sonra Yunanıstan–Bolqarıstan Qaz İnterkon­nektoru layihəsinin də bu baxımdan ta­rixi əhəmiyyətə malik olduğunu, bu in­frastrukturun həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcəyini, həm də Avropa qitəsində enerji təhlükəsizliyinə çox böyük fayda gətirəcəyini diqqətə çatdırıb. Şübhəsiz ki, bu məsələdə Azərbaycan tərəfindən başlanan və Aİ-nin, o cümlədən ölkəmizin tərəf­daşlarının dəstəklədiyi enerji layihələri sırasında Cənub Qaz Dəhlizi layihəsi xüsusi yer tutur. Bu layihə respublika­mızın neft və qaz ehtiyatlarını tədarük etməklə təkcə regionda deyil, eyni za­manda, Avropa İttifaqının cənubunda enerji təhlükəsizliyinin gerçəkləşmə­sində həlledici rol oynayır.

Hazırda Azərbaycan qazının Avro­panın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetrdir. TAP vasitəsilə Av­ropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.

Dövlətimizin başçısı çıxışlarının bi­rində belə bir əhəmiyyətli layihənin ger­çəkləşməsi haqqında danışaraq, ötən ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaş­ma Memorandumu imzalandığını və bunun üçün qarşıdakı dövrdə istisma­ra verilməsi planlaşdırılan “Abşeron”, “Ümid”, “Asiman”, “Şəfəq” və “Babək” kimi qaz yataqlarının mövcudluğunu qeyd edib. Prezident İlham Əliyev daha sonra deyib: “Azərbaycanın ixrac qazı­nın həcminin artırılmasına tələbat var. Lakin biz başa düşürük ki, bu həcmin artırılması üçün TAP boru kəmərinin imkanlarının genişləndirilməsi zəruri­dir…”. 

TAP vasitəsi ilə Avropaya əlavə qaz həcminin nəql olunması ilə bağlı isə onu qeyd edək ki, bu yeni uzunmüd­dətli imkanların 2025-ci ilin sonların­da reallaşacağı bildirilir. TAP-ın icraçı direktoru Luka Skyepattinin mətbuata açıqlamasında adıçəkilən boru kəmə­rinin imkanlarının artırılması nəticə­sində 2025-ci ilin sonlarında İtaliyaya 1 milyard kubmetr, Albaniyaya isə 200 milyon kubmetr əlavə “mavi yanacaq” ötürüləcəyi vurğulanır. 

Qeyd edək ki, Cənub Qaz Dəhlizi­nin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

 

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat