AYİB-in Azərbaycanda icra etdiyi layihələrin sayı 33-dən 35-ə çatıb

post-img

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Azərbaycanda icra edilən aktiv layihələrin sayı 33-dən 35-ə çatıb.
Maliyyə qurumunun portfelində 86 faiz (726 milyon avro) dayanıqlı infrastruktura yatırımlar, 10 faiz (85 milyon avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 4 faiz (31 milyon avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir.  
Beləliklə, AYİB bugünədək Azərbaycana 187 layihə çərçivəsində 3,588 milyard avro həcmində investisiya yatırıb və həmin həcmin 85,8  faizi (3,080 milyard avro) borc götürənlər tərəfindən artıq reallaşdırılıb. Ümumi investisiyaların 14 faizi özəl sektorun payına düşüb.
Qeyd edək ki, AYİB-in Azərbaycana maraq göstərməsində əsas səbəb ölkəmizdə formalaşmış əlverişli biznes investisiya mühiti, respublikamızın dünyada etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirilməsi, mühüm tranzit imkanlarıdır. Bütün bunlarla yanaşı, adıçəkilən bankın ölkəmizlə sıx əməkdaşlığı dünyadakı qlobal geosiyasi təlatümlər fonunda, Rusiya–Ukrayna müharibəsinin davam etdiyi şəraitdə Azərbaycanın yüksək kredit reytinqlərini, investisiya cəlbediciliyini qoruyub saxlaması, ilk növbədə, uzun illər ərzində reallaşdırılan qanunverici-institusional tədbirlərin nəticəsidir. 


“Xalq qəzeti”

İqtisadiyyat