Bu il “Yeni əsrin müqaviləsi” üzrə ilk quyu qazılacaq

post-img

“Yeni əsrin müqaviləsi”  çərçivəsində neft hasilatına başlanılması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə “Azəri–Çıraq–Günəşli" yataqlar blokunda quraşdırılacaq “Azəri–Mərkəzi–Şərqi” (ACE) platformasında üç quyunun qazılmasına başlanacaq. 
İlk quyuda qazma işləri bu ilin sonunadək tamamlanacaq. Quyudan əldə edilən ilkin nəticələr isə 2024-cü ilin birinci rübündə açıqlanacaq. Bunun nəticəsində sonrakı qazma işləri ilə bağlı qərar qəbul ediləcək. ACE platformasının üst modulları isə cari ilin ortalarında dənizə göndəriləcək.
Xatırladaq  ki, dəyəri 6 milyard dollar təşkil edən “Yeni əsrin müqaviləsi” üzrə layihəyə yeni dəniz platforması və gündəlik hasilat gücü 100 min barelədək olan digər qurğular daxildir. ACE platforması yeni əsrin 20-ci illərinin sonlarınadək “Azəri–Çıraq-Günəşli” yataqlar blokunda gündəlik 400 min bareldən yuxarı səviyyədə neft hasilatını təmin edəcək. 
Layihə çərçivəsində dənizin təqribən 140 metr dərinliyində “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması inşa olunacaq. Layihə, həmçinin özündə yeni sualtı boru kəmərlərini əhatə edir. Platformada hasil olunacaq neft və qazın Səngəçal terminalına nəqli üçün bu xətlər mövcud AÇG “Faza-2” sualtı ötürmə boru kəmərlərinə qoşulacaq. Platformanın dayaq bloku dənizin 137 metr dərinliyində quraşdırılacaq. 


“Xalq qəzeti”

İqtisadiyyat