Münxen Təhlükəsizlik Konfransı həm də mühüm iqtisadi platformadır

post-img

Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən plenar iclasda, eləcə də ikitərəfli görüşlərdə ölkəmizin beynəlxalq aləmdə hökm sürən geosiyasi şəraitdə səmərəli fəaliyyəti haqqında ətraflı məlumat verib. Dövlətimizin başçısı Rusiya-Ukrayna müharibəsinin respublikamızın bəzi ənənəvi tərəfdaşlarla iqtisadi-ticari əməkdaşlığına  müəyyən mənfi təsir göstərməsinə baxmayaraq bir sıra sahələrdə, xüsusən də daşımalarla bağlı  layihələrin icrasında bir sıra müsbət göstəricilərin əldə olunmasını vurğulayıb. Ölkə rəhbəri bildirib ki, Azərbaycan uzun illər ərzində müasir daşımalar və logistika infrastrukturunun yaradılmasına yatırımlar edib. Prezident İlham Əliyev hazırda Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsinə əlavə imkanlar açıldığını da diqqətə çatdırıb. 

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin Avropa İnvestisiya Bankının (AİB) prezidenti Verner Hoyer ilə görüşü bir sıra maraqlı məqamlarla yadda qalıb. Dövlətimizin başçısı bu nüfuzlu maliyyə qurumunun respublikamızla əməkdaşlığından məmnunluğunu ifadə edərək ölkəmizin Avropa İttifaqı (Aİ) ilə çox sıx əlaqələrinin olduğunu bildirb. 

Yeri gəlmişkən, son dərəcə önəmli infrastruktur olan Cənub Qaz Dəhlizi layihəsinin icrası prosesində Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası ilə yanaşı, AİB da maliyyə tərəfdaşı kimi yaxından iştirak edib. 

Xatırladaq ki, bu gün AİB ölkəmizin inkişaf gündəliyində xüsusi yer tutan rəqəmsal transformasiya, bərpaolunan enerji resurslarının inkişafı və ixracı, nəqliyyat bağlantılarının genişləndirilməsi kimi sahələrlə yaxından maraqlanır, hər üç istiqamət üzrə respublikamızın yaxın tərəfdaşı ola biləcəyini ifadə edir.   

Prezident İlham Əliyev yuxarıda adıçəkilən maliyyə qurumunun rəhbəri Verner Hoyer ilə görüşündə, eyni zamanda, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfərini, Aİ Şurasının Prezidenti Şarl Mişellə görüşlərini də məmnunluqla xatırladaraq hazırda Azərbaycanın Aİ-nin enerji təminatında oynadığı roldan danışıb, Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığının mühüm önəm daşıdığını diqqətə çatdırıb. 

Görüşdə Azərbaycanın Avropanın enerji bazarına qaz ixracını da artırmağın qarşıya mühüm vəzifə kimi qoyulduğu vurğulanıb. Bu məqsədlə ölkəmizin Xəzər dənizinin Azərbaycan sektorunda və quruda böyük bərpaolunan enerji potensialına malik olduğu qeyd edilib. Bu istiqamətdə müəyyən layihələrin gerçəkləşdirilməsi üçün Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Anlaşma Memorandumu imzalanıb. İndiyədək isə beynəlxalq tərəfdaş şirkətlərlə 25 qiqavatadək bərpaolunan enerji istehsalı ilə bağlı müxtəlif sənədlər qəbul edilərək   bu istiqamətdə tədbirlərin həyata keçirilməsinə başlanılıb.  

Bu məqamda xatırlatmaq yerinə düşər ki, Azərbaycanın iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Ölkəmizin quruda 27 giqavatt enerji potensialı (günəş və külək enerjisi), dənizdə isə 157 giqavatt enerji potensialı mövcuddur. Bu enerjinin əldə olunması, istehsalı və ixracı isə böyük layihələt, habelə investisiyalar tələb edir. 

Prezident İlham Əliyevin  məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə münbit investisiya mühiti yaradılıb. Artıq yuxarıda bildirildiyi kimi, indiyədək xarici investisiyaların cəlb olunması istiqamətində bir sıra danışıqlar aparılıb, müqavilələr imzalanıb. Bununla da respublikamızda elektrik enerjisi ixracını artırmaq üçün geniş imkanlar açılıb.

Azərbaycanın bərpaolunan enerji mənbələrindən əldə etdiyi elektrik enerjisinin ixracı və bunun üçün yeni texnologiyaların tətbiqi, eyni zamanda, bu sahədə təcrübə mübadiləsi vacibdir. Azərbaycanlı mütəxəssislərin vaxtaşırı müxtəlif beynəlxalq tədbirlərdə iştirakı, ölkəmizin əldə etdiyi təcrübə bu məqsədin reallaşmasında mühüm rol oynayır. 

Məhz bunun nəticəsidir ki, Azərbaycan artıq bərpaolunan enerji mənbələri sahəsində bir sıra mühüm investisiya müqavilələri imzalayıb. Ölkəmizdə günəş və külək enerjisi stansiyalarının tikintisinə başlanılıb.  

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən plenar iclasda, eləcə də ikitərəfli görüşlərdə Azərbaycan tərəfindən dünya ölkələri ilə iqtisadi əməkdaşlığı daha da gücləndirmək istiqamətində reallaşdırılan  layihələr barədə ətraflı bəhs edib. Məsələn, ölkəmizin Orta Dəhliz üzərində yerləşən respublika olaraq nəqliyyat-logistika potensialının daha da artırılması və azad ticarət zonasının yaradılması planları haqqında məlumatlar bu baxımdan xüsusi diqqət çəkib, bu sahədə əməkdaşlıq imkanlarının böyük olduğu bildirilib, həmçinin respublikamızda cəlbedici investisiya mühitinin yaradıldığı qeyd edilib. Məsələn, AİB-nin prezidenti Verner Hoyer Prezident İlham Əliyev tərəfindən qeyd olunan strateji xəttin rəhbərlik etdiyi maliyyə qurumunun maliyyələşdirmə, habelə Aİ-nin “EU Global Gateway” strategiyalarında nəzərdə tutulan hədəflər ilə tam uyğunluq təşkil etdiyini söyləyib. Verner Hoyer bütün bunlarla yanaşı,  Avropa İnvestisiya Bankının, xüsusilə “Yaşıl enerji” konsepsiyasını yaxından dəstəklədiyini deyib.  
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Kon-
fransı çərçivəsində İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşündə də bir sıra iqtisadi məsələlərə toxunulub. Qeyd edək ki, söhbət zamanı Azərbaycan – İtaliya strateji tərəfdaşlıq münasibətləri haqqında ətraflı danışılıb və ikitərəfli münasibətlərin möhkəmlənməsində son aylar ərzində İtaliyanın üç nazirinin Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığı vurğulanıb. 
Görüşdə ölkəmizin bu dost dövlətin aparıcı şirkətlərindən olan “Leonardo” ilə əməkdaşlığa da xüsusi diqqət yetirdiyi, həmçinin “Ansaldo Energia” şirkətinin ölkəmizdə 1280 MVt gücündə istilik elektrik stansiyasının inşasında iştirakı da diqqətə çatdırılıb.  

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti” 

 



İqtisadiyyat