Dublyaj filmlərində dil yanlışlıqları

post-img

“Xalq qəzeti” ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin birgə layihəsi əsasında şifahi və yazılı kütləvi informasiya vasitələrində, eləcə də xarici filmlərin dublyajı zamanı yol verilən və qeydə alınıb sistemləşdirilən nöqsan və yanlışlıqları ardıcıl olaraq media qurumlarının və oxucuların diqqətinə çatdırırıq. Bu dəfə dublyaj filmlərində rast gəlinən səciyyəvi leksik pozuntuları təqdim edirik. Xatırladırıq ki, monitorinqə dövlət büdcəsi ilə maliyyələşən televiziya kanallarından AzTV, İTV, İdman TV, özəl kanallardan Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, region kanallarından isə ARB Günəş-də yayımlanan dublyaj filmləri cəlb olunub.. 

Leksik norma pozuntuları

Azərbaycan ədəbi dilinin daxili imkanları hesabına sadə fikirlərdən tutmuş ən mürəkkəb mülahizələrə qədər hər bir ifadəni daha aydın və dəqiq şəkildə tamaşaçı kütləsinə çatdırmaq olar. Təəssüf ki, ümumişlək leksikamızda qarşılığı olmasına baxmayaraq, əcnəbi sözlərdən rahatlıqla istifadə olunur:

Sən dəfiləyə (podiuma) çıxmısan? (bədii film).

Görüşüm var, dantistlə (stomatoloqla) (bədii film).

Hamburqlu pastır (keşiş) deyir ki, nümayiş iştirakçıları çox qarışıqdır (müxtəlifdirlər) (sənədli film).

Lakin o, arıq olsa da, güclü* idi, burada qarson (ofisiant) işləyirdi (sənədli film).

Sezar səni ən kiçik, ən uzaq və ən vəhşi əyalətin prakuraturu (prokuroru) təyin eləyəcək (bədii film).

Mən, mən əlbəsəçi (dərzi) işləyirəm (cizgi filmi).

Leksik norma pozuntusu kimi qeydə alınmış bu sözləri təhlil edərkən aydın olur ki, “defile”, “dantist” fransız mənşəli sözlərdir. “Defilə” dilimizin lüğət tərkibində artıq vətəndaşlıq statusu qazanmış “podium” sözü ilə əvəz oluna bilər. “Дантист” rus dilində, “garçon” fransız və italyan dillərində, “prokurator” polyak dilində, “pastor” latın mənşəli olub ingilis dilində istifadə olunan sözlərdir. “Əlbəsəçi” sözü isə əlbəsə+çi modeli ilə düzələrək paltar biçən şəxs (dərzi) mənasını ifadə edir. Eyni zamanda ayrılıqda norma pozuntusu təsiri bağışlamayan, lakin videogörüntü zamanı situasiyanı dəqiq ifadə etməyən dil vahidlərinin işlənməsinin şahidi oluruq:

Dilan, məncə, sən çox gözəl idin (çox gözəl rəqs edirdin (söhbət Dilanın xarici görünüşündən yox, rəqsindən gedir)) (cizgi filmi).

Biz ingilislər* bir-birimizə çox oxşayırıq, ayırmaq olmur, gözləri* mavi, dişləri* əyri. Siz qəşəngsiniz, çox qəşəng (çox yaraşıqlısınız (burada qadına deyil, məhz kişiyə tərif söylənilir)) (bədii film).

Qorxudan (həyəcandan) huşumu itirəcəyəm, madam, mən yalan danışa bilmirəm (bədii film).

Lazımi mənanı dəqiqliklə verməyən və tam olaraq yerində işlənməyən ifadələr də qeydə alınmışdır:

O doldurma (enerjiyükləmə) məntəqələri olmayan bölgələr üçün idealdır (sənədli film).

Və əyər nəqliyyat vasitəsinin, belə diyək, fərqli və ya təhlükəli davrandığını (hərəkətini) görsəm, qırmızı düyməyə basacağam (sənədli film).

Tamamilə yeni “Audi R8 ... RWD”ni sürəcəyəm. Bir partlayış (sensasiya) olacaq (sənədli film).

Axmaq (yöndəmsiz) kostyumdur (bədii film).

Qəzəb üstünə* tez-tez quru odun atılan ocağa bənzəyər, beləcə, alovlanıb özünü itirər (kül edər) (bədii film).

Bu ağlı sənə hansı şeytan pıçıldadı (öyrətdi)? (bədii film).

Nöqsanlı (zədələnmiş) kaktus armudlarını* əsas dəstədən çıxardıb püre istehsalına göndərirlər (sənədli film).

Düzdür, mən idmançı deyiləm, ama mən də belə eləmək istərdim. Diskburaxma (disk atma)? (bədii film).

Nə diyirdim, əladır. Bu da sizə raketbol. Oo, bravo, bravo (afərin, əhsən)! (bədii film).

Bədii filmdə rast gəldiyimiz hər iki nümunədə də informasiya tam dəqiqliyi ilə tamaşaçıya çatdırılmır. Birinci nümunədəki “disk buraxma” söz birləşməsi rus dilində “метание диска”, türk dilində “disk atma”, ingilis dilində “discus throw” kimi işlədildiyinə görə, azərbaycan dilində də bu ifadənin “disk atma”, yəni idman yarışının adı kimi və “raketbol” sözünün də kiçik əl raketkası və kiçik ağır topla dörddivarlı həndbol kortunda oynanılan idman növünün adı kimi verilməyini, eyni zamanda idman terminləri izahlı lüğətinə əlavə edilməyini məqsədəmüvafiq bilirik.

Cizgi filmləri nümayiş olunarkən çatdırılan informasiya xüsusilə nəzərə alınmalıdır. Burada istənilən situasiya sadə dildə çatdırılmalı, maarifləndirici xarakter daşımalı, eyni zamanda uşaqlar üçün anlaşıqlı olmalıdır:

Mis Baradey, bu, bizim keçdiyimiz xoreoqrafiya (öyrəndiyimiz rəqs elementləri) deyil (cizgi filmi).

O zaman mən sizdən artıq dərəcədə xahiş eləyirəm ki, mənim dərs keçdiyim xoreoqrafiya üzrə (öyrətdiyim kimi) rəqs edəsiniz* (cizgi filmi).

Və Hemi səylə*, səbrlə*, səriştə və bacarıqla* (izafi) işləməyə* başladı* (cizgi filmi). 

Blaster, ağzının suyunu yığışdır (sil). Əla şeydir (görünür) (cizgi filmi).

Ağıllı (doğru) arqumentdir (cizgi filmi).

Bəs məsələn, saçlarım*, hələ ayağlarımdakı, əllərimdəki dırnağlarım. Sən haqlısan. Onlar* böyüyür (uzanır) (cizgi filmi).

Biz fikirləşdik ki, dama qalxmaq olar. İşıq olmadığı üçün ulduzlar* çox parlaq olacaq (görünəcək) (cizgi filmi).

Monitorinq zamanı diqqəti cəlb edən məqamlardan biri də informasiyanın doğru verilməməsidir:

Məsələn, haraya? Fica (Fici) adalarına. Fica (Fici) hansı cəhənnəmdədir? Floridanın yanında (yaxınlığında)? (bədii film).

Cümləni təhlil edərkən Fica adalarından deyil, Fici adalarından söhbət getdiyi məlum olur.

Hər bir dilin lüğət tərkibinin inkişafında və zənginləşməsində həmin dilin daxili imkanları ilə bərabər alınma sözlər də önəmli rol oynayır. Bu mənada dublyaj filmlərində tərcümə zamanı yaradılan yeni söz və ifadələrin işlədilməsi dilimizin inkişafı və lüğət tərkibinin zənginləşməsi baxımından çox əhəmiyyətlidir:

Günah bəy ağıllı bir qaladardır (bədii film).

Bu necə pizzaxanadır, cəmi bir növ pizza var, həm də dadsız, dudsuz (cizgi filmi).

İzlədiyimiz nümunələrdə “qaladar, pizzaxana” kimi sözlərinin Azərbaycan dilinin lüğət tərkibində öz əksini tapmamasına baxmayaraq, bunların dilimizə daxil olması qənaətbəxşdir. Azərbaycan dilinin söz yaradıcılığında isim+dar düsturu ilə düzələn bir çox sözlər bilirik. Məsələn: xəzinədar (xəzinəyə nəzarət edən şəxs), anbardar (anbara nəzarət edən şəxs) və sair sözlər orfoqrafiya lüğətində öz əksini tapmışdır. “Qaladar” da qalanın mühafizə işlərinə nəzarət edən şəxsdir. Həmçinin restoran, kafe, çayxana, yeməkxana sözləri dilimizin lüğət tərkibində öz əksini tapdığı halda, “pizzaxana” sözünün də leksikonumuza daxil olmasını münasib hesab edirik. “Pizzaxana və pizza” sözlərinin mənbə dildə olduğu kimi tələffüz olunmasını isə təqdir edirik.

Günel HACIYEVA, 
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi 

 

Son xəbərlər