Sənaye partlayıcıları zavodunun inşasına başlanılıb

post-img

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan “AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən Gəncə şəhərində ölkəmizdə ilk dəfə olaraq sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavodun inşasına başlanılıb.


Ümumi sahəsi 5 min 665 kvadratmetr olan istehsal müəssisəsi regionların sosial-iqtisadi inkişafına dair dövlət siyasətinə uyğun olaraq Kəpəz rayonunda, 15 hektar ərazidə inşa edilməkdədir. İllik istehsal gücü 31 min ton həcmində qiymətləndirilən zavodun inşasının cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub. Müasir istehsalat texnologiyaları əsasında qurulacaq müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri H-ANFO, ANFO-nun istehsalı həyata keçiriləcəkdir. İlkin mərhələdə ölkə üzrə cari tələbata uyğun olaraq aylıq 500 ton, illik 6 000 ton partlayıcı maddənin istehsalı planlaşdırılır. Növbəti illər üzrə artan tələbata uyğun istehsal həcminin də artırılması, sonrakı mərhələdə isə məhsulların xarici bazarlara çıxarılması ilə ölkəmizin qeyri-neft ixracatına töhfə verilməsi bir vəzifə kimi müəyyənləşdirilib.


Qeyd edək ki, “AzerBlast” MMC dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilərək, 2021-ci il martın 9-da dövlət qeydiyyatına alınıb. MMC “AzerGold” QSC-nin sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış törəmə cəmiyyətidir. Şirkətin ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə, 49 faizi “DM Servis” MMC-yə məxsusdur.

 


R.ABİŞOV, 
“Xalq qəzeti”

İqtisadiyyat