Mobil telefonlardan həddindən artıq istifadə sinir toxumalarının zədələnməsinə səbəb olur

post-img

Mobil telefonlardan həddindən artıq istifadə oynaqların və sinir toxumalarının zədələnməsinə səbəb olur.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bununla bağlı türkiyəli professor Aşkın Hastürk araşdırma aparıb.

Professorun sözlərinə görə, eyni duruşda təkrarlanan əl, bilək və dirsək hərəkətlərinin asılılıq səviyyəsinə qədər davam etməsi, oynaq bölgələrində sərtliyə və iltihab səbəbindən sinir toxumasında təzyiq və zədələnməyə səbəb olur: “Gənclərdə və orta yaş qruplarında cib telefonlarından istifadə asılılıq səviyyəsinə çatıb. Həyatı asanlaşdıran ağıllı cib telefonları insan sağlamlığında ciddi problemlər yaradır. Bunlardan ən məşhuru və təsbit ediləni dayaq-hərəkət sistemi, oynaqlar və sinir toxumalarına verdiyi zərərlərdir. Davam edən, təkrarlanan əl, bilək və dirsək hərəkətləri, oynaqlarda ağrı və uyuşma ən çox görülən problemlərdir. Bu, beyin funksiyalarına da təsir edir. Cib telefonlarının həddindən artıq istifadəsi nəticəsində yaranan xəstəliklərin müalicəsi mümkündür. Burada ən əhəmiyyətli müalicə asılılığın dərəcəsini azaltmaqdan ibarətdir”.

Ağır hallarda cərrahi müalicənin lazım olduğunu bildirən A.Hastürk müəyyən məlumatlara diqqət çəkib: “Cib telefonlarından, xüsusilə iş və ya sosial mühitlərdə istifadə beyin funksiyalarına təsir edir. Artıq bir çox araşdırmalar bunu sübut edib. Onun təsiri xüsusilə psixo-sosial dediyimiz stress, gərginlik, yuxusuzluq, baş ağrıları və diqqət dağınıqlığı hallarında aydın görünür. Təbii ki, Alzheimer kimi bəzi beyin funksiyalarına da təsir göstərir. Bəzi xəstəliklərə və ya bəzi xoşxassəli beyin şişlərinə təsiri hələ də müzakirə edilməkdədir. Radiotezlik dediyimiz qulaqlıqların istifadə dərəcəsi artdıqca bu cür funksiyaların tezliyi, xüsusilə də gənclərdə stress, gərginlik, baş ağrıları və diqqət pozğunluqları, məktəb və dərslərdə diqqətsizlik halları artır. Orta və ya yuxarı yaş qruplarında yaddaş problemləri unutqanlığa səbəb olur. Hətta son dövrlərdə bunun ciddi nevroloji xəstəliklərə də səbəb olduğu bildirilir”.

İKT