Konqresin dördüncü günü izləyicilər üçün daha yaddaqalan oldu. “SpaceX”in təsisçisi, baş icraçı direktoru və texniki direktoru İlon Mask oktyabrın 5-də Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAF) plenar iclasına canlı bağlantı ilə qoşulmuşdu. Heydər Əliyev Mərkəzinin Auditorium zalında tamaşaçılarla maraqlı fikirlərini bölüşən Mask nəinki gələcək planları haqqında danışdı, həmçinin insanlara gözəl gələcək vəd etdi. Onun çıxışında ən maraqlı məqamlardan biri də adi gəmilərdən təxminən üç dəfə böyük olan kosmik gəmi dizayn etmək istəyi oldu. İlon Musk, həmçinin “SpaceX” in kosmik fəaliyyəti haqqında məqamlara da aydınlıq gətirdi.
İlon Mask qeyd etdi ki, “Starship” kosmik gəmisi və “SpaceX”in “Starship” adlanan super ağır raketi ekipaj və yükləri Yer orbitinə, Aya, Marsa və ondan kənara daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat sistemidir. 150-250 tona qədər yük daşıma qabiliyyətinə malik “Starship” dünyada indiyə qədər hazırlanmış ən güclü buraxılış aparatıdır. Bu gəmi 3-4 ildən sonra Marsa maneəsiz eniş edəcək.
Qeyd edək ki, “Gələcək üçün əvəzsiz imkanlar” mövzusunda keçirilən plenar iclas Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Klay Mourinin moderatorluğu ilə baş tutdu.
Fidan SALMANLI,
XQ