Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC təqdim etdiyi informasiya təhlükəsizliyi
xidmətləri sahəsinin genişləndirilməsi məqsədilə Türkiyənin qabaqcıl kibertəhlükəsizlik şirkətlərindən olan “DNS Sense”
ilə əməkdaşlığa başlayıb.
Nazirlikdən verilən məlumata görə, əməkdaşlıq çərçivəsində “DNS Sense”ə məxsus və “AzInTelecom” MMC-nin sistem əməliyyatlarının idarə edilməsində
tətbiq edilən rəqəmsal məhsulların Azərbaycanda satışı və istifadəsini stimullaşdırmaq üçün tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, bu məhsullar aktiv təhlükəsizliyi təmin edən bulud əsaslı DNS layer mühafizəsini həyata
keçirir. Eyni zamanda fişinq, DNS saxtakarlığı, DNS tunelləmə, DNS əsaslı bot fəaliyyətlər və homoqlif domen adlarına
qarşı güclü və effektiv birinci müdafiə təbəqəsi kimi xidmət edir.
Xidmət onu əldə edən korporasiyanın ümumi şəbəkə trafikini bir ekrandan izləməyə, idarə etməyə və hesabat verməyə
imkan verir. Bundan əlavə, yoluxmuş cihazı aşkar etmək üçün qabaqcıl DNS analizini həyata keçirir. Həmçinin
şəbəkənin ölçüsündən asılı olmayaraq, zərərli internet trafiki barədə məlumat verir. Bu da öz növbəsində şəbəkənin
təhlükəsizlik siyasətini sərtləşdirmək imkanı yaradır.
Qeyd edək ki, ölkənin bir sıra böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom”
MMC-nin müştəriləri informasiya təhlükəsizliyinin auditi, konsaltinqi və kibertəhlükəsizlik xidmətlərindən istifadə edə
bilərlər.
Qəzənfər QASIMOV,
"Xalq qəzeti"

