Rus alimlərdən təbii qazın təmizlənməsi üçün yeni üsul

post-img

Rusiya alimləri qazların qarışığından karbon qazının (CO2) tutulması üçün yeni texnologiya sınaqdan keçiriblər.

Onlar prosesin səmərəliliyini əhəmiyyətli dərəcədə artıra bilən, təkmilləşdirilmiş keçiriciliyə malik innovativ membranlardan istifadə ediblər. Tədqiqatın həm iqtisadi, həm də ekoloji baxımdan əhəmiyyətli olduğu qənaətinə gəlinib. Belə ki, bundan təbii qazın çirklərdən təmizlənməsi proseslərində istifadə edilə bilər.

Belə membranların yaradılması üçün tədqiqatçılar polimer ion mayelərindən istifadə ediblər. Bu mayelər normal şəraitdə polietilen və ya polivinilxlorid kimi bərk maddələrdir. Polimer ion mayeləri böyük miqdarda CO2-ni udmaq qabiliyyətinə malikdir.

Polimer ion mayelərinin unikallığı onların CO2 ilə yüksək seçiciliklə qarşılıqlı əlaqəsi, eyni zamanda istənilən formada materialların dayanıqlığını təmin etmək qabiliyyətinin olmasıdır.

Hazırda alimlər real istehsal proseslərində praktiki istifadə üçün bu yeni membranlar əsasında materialların yaradılması üzərində fəal işləyirlər.

Anar ƏLİ,

“Xalq qəzeti”

İKT