Kibercinayətkarlığın “iqtisadiyyatı” böyüyür

post-img

Müasir dünyada kibertəhlükələrin sayında sürətli artım müşahidə olunur. Müəssisələr və dövlət qurumları hücumlara tab gətirməyə çalışır, “hakerlər” adi vətəndaşların bank hesablarını boşaldırlar. Buna görə də, rəqəmsal dünyanın təhdidlərindən etibarlı müdafiənin təşkili əsas vəzifələrdən birinə çevrilir. Azərbaycanda da bu məsələ diqqət mərkəzindədir. Ona qarşı səmərəli fəaliyyət göstərmək üçün əməli tədbirlər həyata keçirilir. Amma, bu da bir faktdır ki, kibertəhlükələyə qarşı mübarizədə ən başlıca amil “gözə görünməz düşmənlər” haqqında müəyyən biliklərin olmasıdır.

Kibertəhlükəsizlik İnternetə qoşulmuş sistemlərin (avadanlıq, proqram təminatı və məlumat) kibertəhlükələrdən qorunmasıdır. Bəs kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi arasında fərq nədən ibarətdir? Mütəxəssislər bildirirlər ki, “kibertəhlükəsizlik” və “informasiya təhlükəsizliyi” terminlərindən çox zaman sinonum kimi istifadə olunur. Ancaq bu terminlər fərqlidir və bir-birini əvəz edə bilməz. Kibertəhlükəsizlik kiberməkanda hücumlardan qorunması, informasiya təhlükəsizliyi isə məlumatların analoq və ya rəqəmsal təhdiddən istənilən formada mühafizəsi mənasını verir.

Müasir dünyada kibertəhlükəsizliyin əhəmiyyətini qiymətləndirmək çox çətindir. Ona görə ki, kibertəhlükəsizlik tədbirləri məxfi məlumatların, şəxsi sağlamlıq məlumatlarının, əqli mülkiyyətin, hökumətin və sənayenin informasiya sistemlərinin oğurlanmasının qarşısının alınmasını nəzərdə tutur. Hazırda kibercinayətkarların qurbanı olmaq riskləri kifayət qədər yüksəkdir. Ən adi İnternet istifadəçilərindən tutmuş iri şirkətlərə qədər hər kəs müxtəlif şəxsi məlumatların saxlanması üçün “bulud” xidmətlərindən istifadə edir. Hətta “Amazon Web Services” kimi böyük “bulud” xidmətləri də sındırılma riskindən qorunmur. 

Kibercinayətkarlığın getdikcə daha təkmilləşən üsulları, veb sistemlərinin kifayət qədər yüksək səviyyədə təhlükəsizliyi və istifadəçilərin özləri tərəfindən təhlükəsizlik tədbirlərinə laqeyd yanaşması ilə birlikdə fırıldaqçıların növbəti qurbanı olmaq riskini əhəmiyyətli dərəcədə artırır. Bu, xüsusilə şirkətlərə və təşkilatlara daha çox aiddir - kibercinayətkarların əsas hədəfləri məhz onlardır.

Bəs kibertəhdidlərə qarşı necə səmərəli mübarizə aparmaq olar? Mütəxəssislərin fikrincə, özünüzü müdafiə etməyə başlamazdan əvvəl tam olaraq nədən müdafiəyə ehtiyacınız olduğunu başa düşməlisiniz. Bu gün adi İnternet istifadəçiləri üçün əsas təhlükə kiberfırıldaqçılardan gəlir. Məsələn, banklar və ya digər qanuni mənbələr adından göndərilən elektron məktublardakı keçidlərin düzgün yazılışı yoxlanılmalıdır. Həmin keçid linklərin üzərinə klikləsəniz, girişlər, parollar və xüsusən də bank kartı məlumatlarını kiberfırıldaqçılara ötürmüş olacaqsınız. Mütəxəssislər məsləhət görürlər ki, kompüterinizə yükləmək üçün təklif olunan hər hansı faylı saxlamaqdan imtina edin. 

Dünya İqtisadi Forumu kiberhücumları qlobal iqtisadiyyata təsir baxımından ən çox ehtimal olunan qlobal risklər kimi qiymətləndirir. Belə ki, fırıldaqçıların vurduqları ziyan trilyonlarla dollarla ölçülür. Kibertəhlükələrin sayı, eləcə də “haker” hücumlarından dəyən ziyan hər il artır. Ekspertlərin hesablamalarına görə, kibercinayətkarlıqdan itkilər 2025-ci ildə 10,5 trilyon dollara çatacaq. Əgər bu məbləğ ölkə iqtisadiyyatı ilə mütənasib olsaydı, 2023-cü ildə, ümumilikdə, 8 trilyon dollar ziyan vuracağı proqnozlaşdırılan kibercinayətkarlıq ABŞ və Çindən sonra dünyanın üçüncü ən böyük iqtisadiyyatı olardı. Bəzi mənbələr 2030-cu ildə kiberhücumlardan dəyəcək zərərin 90 trilyon dollar olacağını proqnozlaşdırırlar. Belə olacağı təqdirdə kibercinayətkarlıq aləminin “iqtisadiyyatı” dünyada liderliyi ələ keçirəcək.

Ümumiyyətlə, qlobal kibercinayətkarlığın metod və təcrübələri dünyanın aparıcı gücləri tərəfindən getdikcə ideoloji, hərbi-siyasi mübarizə və kibercinayətkarlıq vasitəsi kimi də istifadə olunur. Beynəlxalq statistikaya görə, xüsusi xidmət orqanlarının kiberqruplardan çox fəal istifadə etdiyi və “haker” dəstələrinin fəaliyyətinin “ideoloji” fonunu stimullaşdırdığı dövlətlər arasında İran liderdir. Rusiya, Çin, KXDR və Cənubi Amerikanın bir sıra dövlətləri bu baxımdan olduqca fəaldırlar. Mənfi tendensiya xüsusilə Rusiya-Ukrayna münaqişəsinin qaynar fazaya keçməsi ilə daha da güclənib. Ötən müddət ərzində Qərb ölkələrində ictimai xidmət internet portallarına, elektron media saytlarına və kritik infrastruktura çoxsaylı kiberhücumlarla üzləşiblər. 

Bu səbəbdən geosiyasi vəziyyətin gərginləşməsi və bunun nəticəsində baş verən hücumlar biznesin və vətəndaşların itkisini ikiqat artırıb. Ona görə də, bu gün kibercinayətkarlıq hərəkətlərinə qarşı həm dövlət siyasəti səviyyəsində, həm də hər bir vətəndaş bacarıqları səviyyəsində mübarizə aparılması vacibdir. Doğrudur, Azərbaycan son geosiyasi qarşıdurmanın kəskinləşməsi ilə bağlı qlobal kiberməkanda müşahidə olunan gərginliyin hədəfinə çevrilməyib. Bununla belə, Cənubi Qafqazda və qonşu dövlətlərdə yaranmış təlatümlü hərbi-siyasi vəziyyət fonunda Azərbaycan hələ də kibertəhlükələrlə üzləşmək riski ilə qarşı-qarşıyadır. Müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələrinin sözlərinə görə, Azərbaycan beynəlxalq kibertəhlükələrə qarşı səmərəli fəaliyyət proqramına malikdir və kritik rəqəmsal infrastrukturun müdafiəsi tələblərə uyğun həyata keçirilir. 

Səbuhi MƏMMƏDOV,

“Xalq qəzeti”

İKT