Londonda antidopinq müzakirələri

post-img

Azərbaycan Milli Antidoping Agentliyindən (AMADA) verilən məlumata görə, Böyük Britaniyanın paytaxtı Londonda Birləşmiş Krallığın Antidopinq Agentliyinin (UKAD) dəstəyi ilə Avropa Şurasının Antidopinq Konvensiyasının Uyğunluq üzrə Məsləhətçi Qrupunun (T-DO COMP) və Hüquqi işlər üzrə Məsləhətçi Qrupunun (T-DO LI) iclasları keçirilib. Tədbirdə ölkəmizi AMADA-nın nəticələrin emalı və təhqiqat şöbəsinin müdiri Nicat Əmiraslanlı təmsil edib.

İclaslarda Avropa Şurasının Antidopinq Konvensiyasına tərəf olan ölkələrin həmin Konvensiyanın tələblərinə uyğunluğunun qiymətləndirilməsinə dair səfərlərin nəticələri və yeni səfərlərin tarixləri müzakirə edilib. Müzakirələrə əsasən, 2026-cı ildə Şimali Makedoniya, Türkiyə, San-Marino və Mərakeşə qiymətləndirmə səfərlərinin keçirilməsi müəyyənləşdirilib. Azərbaycanda həyata keçirilməsi planlaşdırılan səfərin tarixi bir il uzadılaraq 2033-cü ilə keçirilib.

Daha sonra qrup üzvləri 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin qəbulu ilə əlaqədar yeni antidopinq qanunvericiliyinə əlavə və dəyişikliklərlə bağlı ölkələrində görülmüş işlər və digər aktual məsələlər ətrafında müzakirələr aparıblar.

Qabil YUSİFOĞLU
XQ

İdman