Dünən Misli Premyer Liqasında XIX turun iki oyunu keçirilib. Günün ilk matçında “Kəpəz” “İmişli”nin qonağı olub. Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüş heç-heçə başa çatıb – 0:0. Bu görüşdən sonra “İmişli” 19 xalla 9-cu, “Kəpəz” isə 13 xalla 11-ci pillədə qərarlaşıb.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” autsayder “Karvan-Yevlax”ı sınağa çəkib. Görüş qərb təmsilçisinin qələbəsi ilə başa çatıb – 1:0. Ehtiyatda daha bir matçı olan Tovuz təmsilçisi 33 xalla turnir cədvəlində 3-cü pilləyə yüksəlib, “Karvan-Yevlax” isə 6 xalla 12-cidir.
Xatırladaq ki, ilk oyun günü turnir cədvəlinə başçılıq edən “Sabah” “Araz-Naxçıvan”ı böyük hesabla məğlub edib – (4:1), “Zirə” “Sumqayıt” görüşü isə bakılıların xeyrinə başa çatıb – 3:2. Turnir cədvəlinə 46 xalla “Sabah” komandası başçılıq edir. Liderdən 1 oyun az keçirən “Qarabağ” 39 xalla 2-ci pillədə, “Zirə” klubu isə 32 xalla 4-cü mövqedə qərarlaşıb.
Tura bu gün keçiriləcək 2 oyunla yekun vurulacaq. “Şamaxı” doğma meydanda “Qarabağ”ı, “Neftçi” isə paytaxtda “Qəbələ”ni sınağa çəkəcək.
Qabil YUSİFOĞLU
XQ

