Qadın boksçular arasında Azərbaycan çempionatında bu gün final döyüşləri keçirilib. Bakı Boks Mərkəzində təşkil edilən yarışda 55 kiloqram çəkidə Lalə Mədətova qalib adına layiq görülüb.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Z-1 İdman Klubunun yetirməsi finalda Mehparə Məmmədovadan (MOİK) güclü olub – 5:0.
Cəmilə Sultanlı (Sumqayıt) da Azərbaycan çempionu tituluna yiyələnib. 51 kiloqram çəki dərəcəsində çıxış edən boksçu həlledici görüşdə Günel Rəhimovanı (DİN İC) 5:0 hesabı ilə məğlub edib.
Emili Rzayevanın (“Neftçi” İK) finalda rəqibi Səlbi Bayramova (Sumqayıt) olub. Hər 3 raundu xeyrinə bitirən Bakı təmsilçinin idmançısı yekunda 5:0 hesabı ilə qələbə qazanaraq, 60 kiloqram çəki dərəcəsində birinci olub.
Fatimə Mehdiyeva (Gəncə) isə final görüşünün taleyinə ilk raundda aydınlıq gətirib. İlk raundda Leyli Bayramovaya (Quba) tam üstünlüklə qalib gələn Gəncə boksçusu 65 kiloqram çəkidə ölkənin ən güclüsü adına sahib çıxıb.
Qeyd edək ki, yarışda Güləndam Aslanova (60 kq, “Qızıl əlcək” İK) və Özləm Həsənova (65 kq, AHİTA) çempionatı bürünc medalla başa vurub.
Qabil YUSİFOĞLU
XQ

