XIV turun yekunu

post-img

Misli Premyer Liqasında XIV tura yekun vurulub. Ötən çərşənbə axşamı son 2 qarşılaşma keçirilib. “Liv Bona Dea Arena”da “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Oyun meydan sahiblərinin xeyrinə başa çatıb – 2:0.

Digər qarşılaşmada “Sumqayıt” “İmişli” ilə üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşün 82-ci dəqiqəsində Rüstəm Əhmədzadənin vurduğu yeganə qol oyunun taleyini həll edib – 1:0.

Xatırladaq ki, turun əvvəlki görüşlərində “Şamaxı” “Karvan-Yevlax”ı (3:0), “Sabah” “Neftçi”ni (2:0) məğlub edib. “Zirə” – “Qarabağ” qarşılaşmasında isə heç-heçə qeydə alınıb – 1:1. “Qəbələ” – “Turan Tovuz” oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

On dördüncü turdan sonra turnir cədvəlinə 30 xalla “Qarabağ” başçılıq edir. “Sabah” 28 xalla 2-ci, “Zirə” isə 27 xalla 3-cü pillədədir. Sonuncu – 11-12-ci yerləri isə 6 xalla “Kəpəz” və 5 xalla “Karvan-Yevlax” tamamlayır.

Qabil YUSİFOĞLU
XQ

İdman