Azərbaycan daha bir beynəlxalq yarışı uğurla başa çatdırdı

post-img

Bədii gimnastlarımız yarışları 8 medalla başa vurub

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası III MDB Oyunlarında halqalarla çıxışlarda üçüncü nəticə göstərib.

Dünən keçirilən fərdi yarışda Nur Sadıqova halqalarla bürünc medal qazanıb. Azadə Atakişiyeva isə topla gümüş medala sahib olub. Bundan əlavə, A.Atakişiyeva çoxnövçülükdə də ikinci yeri tutmuşdu. Fidan Qurbanlı gürzlərlə, Azadə Atakişiyeva isə lentlərlə hərəkətlərdə gümüş medal qazanıb.

Beləliklə, Azərbaycan gimnastları III MDB Oyunlarını 8 medalla başa vurublar. İdmançılarımız 4 gümüş və həmin sayda bürünc medal qazanıblar.

Bədii gimnastika yarışlarında ümumi komanda hesabında Rusiya 1-ci, Belarus 2-ci, Azərbaycan idmançıları isə 3-cü nəticə göstəriblər.

Bu dəfə daha çox medal

Dünən başa çatan III MDB Oyunlarında ölkəmiz ümumilikdə 184 medal qazanıb. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc mükafatdır. Komandamız bu göstərici ilə medalların həm əyarı, həm də sayına görə sıralamada 2-ci yeri tutub. Birinci yerdə 231 medal qazanan Rusiya qərarlaşıb. 122 medala sahib çıxan Belarus kollektivi isə 3-cü yerlə kifayətlənib.

Bu göstəricilərlə Azərbaycan idmançıları 2021-ci ildən təşkil olunan MDB Oyunlarında ən yaxşı nəticəsinə imza atıb. Ölkəmiz I Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), ikincidə isə 62 (10 qızıl, 17 gümüş və 35 bürünc) medal qazanıb. İdmançılarımız sonuncu yarışlarda əvvəlki iki Oyunda qazandığı medalların cəmindən artıq mükafat əldə ediblər.

Qabil YUSİFOĞLU
XQ



İdman