Üzgüçülərimizin yeni qızılı və gümüşü
Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal qazanıb.
Gəncə şəhərində baş tutan üzgüçülük yarışlarında Süleyman İsmayılzadə 400 metr məsafəyə sərbəst üsulla üzmədə bütün rəqiblərini qabaqlayaraq birinci yerə çıxıb. Rusiya təmsilçiləri Aleksandr Filipets 2-ci, Boqdan Toropkin isə 3-cü yerə layiq görülüb. Digər təmsilçimiz Anastasiya Qnussina 1500 metr məsafəyə sərbəst üsulla üzmədə üçüncü nəticə göstərib. Rusiyalı Anastasiya Çernışova qızıl, onun həmyerlisi Valeriya Brazniçenko gümüş medal qazanıb.
Qadınların 400 metr məsafəyə qarışıq üzmə yarışında rusiyalı Anastasiya Çernışova qızıl, qazaxıstanlı Taisiya Korotkova gümüş, Belarusdan olan Kseniya Mastoviç bürünc mükafat əldə edib. Kişilərin 4x100 metr məsafəyə qarışıq estafet yarışında Rusiya yığması qızıl mükafat əldə edib. Qazaxıstan gümüş, Belarus kollektivi bürünc medala sahib çıxıb.
Qadınların 4x100 metr məsafəyə qarışıq estafet yarışında isə Rusiya millisi qızıl, Qazaxıstan gümüş, Özbəkistan bürünc mükafata sahib çıxıb.
Beləliklə, Azərbaycanda keçirilən III MDB Oyunlarında üzgüçülük yarışlarına yekun vurulub.
Badmintonçularımız komanda yarışlarında 3-cü olublar
Dünən Qəbələdə III MDB Oyunlarında badminton üzrə qarışıq komanda yarışının qalibi müəyyənləşib. Finalda Özbəkistan Rusiya ilə qarşılaşıb.
Qəbələ Olimpiya Kompleksində baş tutan final görüşündə Özbəkistan Rusiya ilə qarşılaşıb. Daha təcrübəli Rusiya kollektivi qalib gəlib – 3:0.
Xatırladaq ki, ötən gün yarımfinalda uduzan Azərbaycan millisi bürünc medalla kifayətlənib.
Badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.
Kamandan oxatanların mübarizəsi
III MDB Oyunlarının Xankəndi şəhər stadionunda təşkil olunan kamandan oxatma yarışlarına start verilib. Dünən keçirilən kvalifikasiya mərhələsində qadın və kişi idmançılar fərdi mübarizədə qüvvələrini sınayıblar.
Yüksək nəticə göstərən Nurlan Rəhimli və Fatimə Hüseynli birbaşa 1/8 final mərhələsinə yüksəliblər. Bununla yanaşı, Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədli və Sərdar Vəliyev şəxsi qarşılaşmalarda qalib gələrək 1/8 finalda mübarizə aparmaq hüququ qazanıblar. Digər iştirakçımız Zahid Kazımzadə isə fərdi yarışlarda 1/16 final mərhələsində mübarizəni dayandırıb.
Daha 2 komanda yarımfinalda
Dünən III MDB Oyunlarında çövkən üzrə daha iki matç keçirilib. A qrupunda Qırğızıstan millisi Küveytlə qarşılaşıb. Şəki şəhər stadionunda keçirilən görüşdə Qırğızıstan komandası qalib gəlib – 2:0.
Türkiyə və Qazaxıstan millisinin qarşılaşmasında isə 0:1 hesabı qeydə alınıb.
Bununla da Qazaxıstan və Qırğızıstan komandaları yarımfinala vəsiqə qazanıblar. Daha əvvəl Azərbaycan və Özbəkistan milliləri də yarımfinalda iştirak hüququ əldə ediblər.
Qeyd edək ki çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.
Qılıncoynadanlar mübarizəyə başlayıblar
Rusiya Azərbaycanda keçirilən III MDB Oyunlarında daha bir qızıl medal qazanıb. Yaroslav Borisov qılıncoynatmanın sablya növündə birinci olub. O, finalda həmyerlisi Pyotr Tayçenaçevlə qarşılaşıb.
Həlledici görüş Borisovun 15:8 hesablı qələbəsi ilə yekunlaşıb.
Qılıncoynatmanın sablya növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin üzvləri ilk günündə medal qazana bilməyiblər. Təmsilçilərimiz dünən mükafat qazanmaq şanslarını itiriblər.
Əli İsmayılov, Nəcəf Şabanlı, Ayxan İslamzadə, Abdulmalik Nəsibzadə, Nail Məmmədli 1/16, Rəsul Əliyev, Timur Hüsnəddinov 1/8, Abbas Səmədli isə 1/4 finalda məğlub olublar.
Qeyd edək ki, dünən start götürən qılıncoynatma yarışları oktyabrın 7-də bitəcək.
Belarus gimnastları 1-ci oldular
III MDB Oyunlarında batut gimnastikası üzrə oğlanların komanda yarışında Azərbaycan gümüş medal qazanıb. Şəkidə keçirilən yarışda Azərbaycan gimnastları 170.460 xal toplayaraq ikinci nəticə göstərib.
Belarus (187.560) birinci, Rusiya isə (169.780) üçüncü olub.
Dünən batut gimnastikası üzrə qarışıq komanda yarışları başa çatıb.
Yarışın qalibi 169.350 xalla Belarus komandası olub. Rusiya komandası (167.750 xal) ikinci, Türkiyə gimnastları isə üçüncü (157.330 xal) olub.
120.860 xal toplayan Azərbaycan gimnastları isə mükafatçılar sırasına düşə bilməyib.
Batut gimnastikası yarışına oktyabrın 3-də yekun vurulacaq.
6 boksçumuz finalda
Yevlax Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində boks yarışları davam edir. Azərbaycanın 6 boksçusu turnirin finalına yüksəlib.
Təmsilçilərimizdən Aysel Fərəcova (46 kq) özbəkistanlı Ruxşonabonu Əhədovaya, 50 kiloqram çəki dərəcəsində Əminə Tağı belaruslu Arina Kmitaya, Cəmilə Muradlı (54 kq) qazaxıstanlı Adelaida Sadvakassovaya, Aynur İsmayılova (60 kq) tacikistanlı Furuğ Sarhaszodaya, Gülər Hüseynova (48 kq) Tacikistanın digər təmsilçisi Kumriniso İmomaliyevaya, Fidan Bakarova (63 kq) isə yarımfinalda rusiyalı Zlata Konovalovaya qalib gələrək finala vəsiqə qazanıblar.
Qeyd edək ki, qadın boksçular arasında final qarşılaşmaları oktyabrın 4-də keçiriləcək.
Voleybol millimizdən uğursuz start
Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət voleybol komandası III MDB Oyunları çərçivəsində Özbəkistanla qarşılaşıb. Gəncə İdman Sarayında təşkil olunan görüş qonaqların qələbəsi ilə başa çatıb–3:0.
Digər qarşılaşmada isə Belarus Qırğızıstana qalib gəlib–3:1.
Qabil YUSİFOĞLU
XQ