Bu böyük biznesdə İngiltərə Premyer Liqasının öz yeri var
4 gündür ki, Avropa ölkələrinin futbol çempionatlarında yay transfer pəncərəsi bağlanıb. Statistiklərin apardığı araşdırmalar göstərir ki, bu zaman diqqətçəkən əsas nəticə İngiltərə Premyer Liqası ilə futbol dünyasının qalan hissəsi arasında böyük maliyyə uçurumunun olmasıdır.
Bu yay Premyer Liqa klubları nə az, nə çox, transferlərə 3,58 milyard avro xərcləyiblər ki, bu da Seriya A, Bundesliqa, La Liqa və Liqa 1-in klublarının birlikdə xərclədiklərinin cəmindən çoxdur. Bununla da İngiltərə Premyer Liqası 2,36 milyard funt sterlinq xərclədiyi 2023-cü ilin yay transfer pəncərəsindəki rekordunu tarixdə yazaraq, 2025-ci ilin yayında transferlərə 1,22 miyard funt sterlinq çox vəsait xərcləyib.
Əgər Avropanın ən yaxşı 5 liqasından kənara baxsaq, Premyer Liqa ilə fərqin daha da böyük olduğunu görərik. Məsələn, Rusiya–Ukrayna müharibəsinə qədər rusiyalı milyarder Roman Abramoviçə məxsus olan “Çelsi” klubu bu yay bütün Türkiyə Superliqası klublarının bir yerdə çəkdikləri xərcdən 7 milyon avro çox vəsait xərcləyib. “Liverpul” isə Portuqaliya və Səudiyyə Ərəbistanı liqalarının bərabər xərclədiyi vəsaiti üstələyib.
Yaxud Premyer Liqanın digər bir klubu “Nyukasl” Nick Voltemada görə, “Ştutqart” klubu üçün rekord sayılan 85+5 milyon avro ödəyib. Halbuki alman futbolçunun transfer dəyəri “Trasfermarketdə” 30 milyon avrodan yuxarı qalxmırdı. “Sərçələr” Almaniyanın “Bavariya” klubu ilə bəhsə girib bu futbolçu üçün lazım gələndən xeyli artıq pul ödəyiblər.
Voltemade ilə müqavilə bağlamağa gücü çatmayan “Bavariya”nın baş məşqçisi Vinsan Kompani dünya futbolunda Premyer Liqanın maliyyə hegemonluğunu çox mükəmməl şəkildə izah edərək deyib: “İngiltərədə Premyer Liqaya yüksəldikdən dərhal sonra komandanın büdcəsi cəmi bir il ərzində 20–25 milyondan 120–130 milyona yüksəlir. Bundesliqa üçün bu, təxminən, çempionatın ilk 8-liyi, bəlkə də ilk 6-lığıdır. Ona görə də gözlənilmədən Premyer Liqaya yenicə qədəm qoyan klub oyunçu bazarında rəqabət apara bilir.
Nə danışdığımı yaxşı bilirəm: “Bernli”də biz “Ayntraxt” və “Volfsburq”la oyunçuların satın alınması uğrunda yarışırdıq. İndi “Sanderlend” “Bayer”dən oyunçu alır və “Milan”la rəqabət aparır. Sizə qəribə gəlməsin, bu, sadəcə, futbol dünyasının maliyyə reallığıdır”.
Uzun müddət İngiltərə Premyer Liqasında top qovan və ilk məşqçiliyini Premyer Liqanın “Bernli” klubunda reallaşdıran Vinsan Kompani haqlıdır. Bu gün dünya futbolunda milyardlarla vəsait dövr edir. Onların, sadəcə, bir qismi transfer bazarında görünür. Məsələn, son transfer pəncərəsində İngiltərə Premyer Liqasının hazırkı çempionu “Liverpul” klubu transfer pəncərəsinin bağlanmasına bir gün qalmış “Nyukasl Yunayted”dən Aleksandr İsakı transfer edib. Klub 6 illik müqavilə imzaladığı 25 yaşlı futbolçu üçün “Nyukasl”a 125 milyon funt sterlinq vəsait ödəyib.
Təbii ki, bu, aysberqin görünən tərəfidir və onun görünməyən tərəflərində daha böyük pullar dövr edir. Məsələn, oxuduğum məlumata görə, son təqvim ilində bukmekerlər futboldan 10 milyard dollardan çox pul qazanıblar. Təkcə qonşu Rusiyada leqal kontorların bukmekerləri bu müddətdə 800 milyon dollar qazanca sahib olublar.
Bütün bunlar bir daha onu göstərir ki, futbol, sadəcə, bir tamaşa və oyun yox, həm də milyardlarla vəsaitin dövr etdiyi biznesdir. Amma bu biznesə yatırım qoymadan böyük pullar qazanmaq elə də asan deyil.
İlqar RÜSTƏMOV
XQ