Komandadan gözləntimiz əzmkar oyun, uğurlu nəticədir
Böyük xoşbəxtlikdir, artıq bir həftədir ki, adı həmişəkindən də əzəmətlə səslənən Ağdamın "Qarabağ" komandasının UEFA Çempionlar Liqası turnirinin nəhənglər meydanına vəsiqə qazanmasına hədsiz dərəcədə sevindiyimiz, burada İngiltərənin "Çelsi" və "Liverpul", Almaniyanın "Ayntraxt", Portuqaliyanın "Benfika", Niderlandın "Ayaks", İtaliyanın "Napoli", Danimarkanın "Kopenhagen" və İspaniyanın "Atletik Bilbao" klubları ilə görüşlərini izləməyə hazırlaşdığımız günlərdə Azərbaycan milli komandası 2026-cı il Dünya çempionatının seçmə yarışlarında yaşıl meydana çıxır. İlk rəqibimiz bu gün Bakı vaxtı ilə saat 22:45-də İslandiyanın paytaxtı Reykyavikdə başlanacaq oyunda həmin ölkənin komandasıdır.
Azərbaycan və İslandiya mundialın Avropa zonasının seçmə mərhələ yarışlarında Fransa və Ukrayna ilə birlikdə "D" qrupuna daxildirlər.Qrupda 1-ci turun digər oyunu da bu günə təyin edilib. Rusiya–Ukrayna müharibəsi ilə əlaqədar bitərəf meydanda–Polşanın Vrotslav şəhərində keçiriləcək görüşdə unudulmaz futbolçu və məşqçi Valeri Lobanovskinin həmvətənləri Fransa komandası ilə qarşılaşacaqlar.
Dünya çempionatının final mərhələsinin gələn ilin iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada keçiriləcəyi azarkeşlərə çoxdan məlumdur. Yalnız bir məqamı xüsusi qeyd etmək olar ki, bununla da Meksika dünya futbolu tarixində 3 mundialın yeganə təşkilatçısı kimi böyük qürur hissi yaşayacaq. Əvvəllər bu ölkə 1970 və 1986-cı illərdə dünya futbol bayramına ev sahibliyi edib. "Mexico-86”nın oyunlarını birbaşa hadisə yerində izləmiş bu sətrlərin müəllifi də daim həmin çempionatı xoş hisslərlə xatırlayır.
Seçmə sınaqlarının Avropa zonasında qrupların qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar.Qruplarda daha yaxşı nəticələrlə ikinci yerlərin sahibləri dünya çempionatı final turnirinin iştirakçısı olmaq uğrunda pley-off görüşlərində mübarizə aparacaqlar.
Bizim qrupda seçmə mərhələyə noyabrın 16-da yekun vurulacaq. Həmin gün Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan–Fransa görüşünə şahidlik edəcəyik.
Hələlik isə komandamız İslandiya millisinin qonağıdır. Futbolçularımız bugünkü oyundan sonra dərhal Bakıya qayıdıb, Ukrayna ilə matça hazırlaşmağa başlayacaqlar. Məhz bu iki start qarşılaşmasında uğurlu nəticələr sonrakı oyunlara hazırlıq prosesində komandanın gücünə əlavə güc qata bilər.
Baş məşqçimiz Fernandu Santuş İslandiya və Ukrayna ilə oyunlar üçün təlim-məşq toplanışına 24 futbolçu dəvət edib. Onların siyahısı ilə tanış olarkən burada gördüyün adlar axşamkı görüş ərəfəsində adamı müəyyən dərəcədə ümidləndirir.
Düşünürsən ki, "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində ikinci dəfə ölkəmizi təmsil etmək hüququ qazanmasında böyük xidmətləri olmuş Nəriman Axundzadə, Musa Qurbanlı, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, eləcə də, Almaniyada "Kayzerslautern"in şərəfini qoruyan Mahir Emreli, "Neftçi"nin kapitanı Emin Mahmudov, "Motor"un heyətində, Polşa çempionatında çıxış edən Renat Dadaşov və onların milli komandadakı yoldaşları artıq kifayət qədər təcrübəli, əzmkar döyüşçülərdir, onlardan İslandiya komandasına ciddi müqavimət, layiqli oyun və uğurlu nəticə gözləmək olar.
Ən başlıcası isə budur ki, İslandiyanın öz azarkeşləri qarşısında oynamasından çəkinməyəsən, meydanda özünü soyuqqanlı aparıb, gözlənilməz və cəsarətli gedişlərlə rəqibə çətin anlar yaşatmağı, əzmkarlıq nümunəsi göstərməyi bacarasan. Əzmkarlıq ustalıq və təcrübə ilə birlikdə çox vacib keyfiyyətdir, məqsədə nail olmaqda mübariz, möhkəm iradəli insanların əsas silahıdır.
İslandiya paytaxtında layiqli mübarizə bir də ona görə çox vacibdir ki, Reykyavik qarşılaşmasından cəmi 4 gün sonra Bakıda Ukrayna komandasını qəbul edəcəyik. Azərbaycan–Ukrayna görüşü hər iki kollektivin pərəstişkarlarını bir anlığa da olsa, keçmiş SSRİ çempionatlarında "Neftçi"nin Kiyev "Dinamo"su ilə gərgin və məzmunlu oyunlarına qaytarıb, şirin xatirələri bir daha yada salacaq.
Millimizin futbolçuları da əmin ola bilərlər ki, azarkeşlərimiz onları var qüvvə ilə dəstəkləməyə hazırdırlar. Hamı yaxşı başa düşür ki, bu bizim millimizdir və onu ürəkdən fəal mübarizəyə ruhlandırmaq hər birimizin mənəvi borcu, şərəf işidir. Sadəcə, ağır sınağa hazır olmaq lazımdır. Özünə inansan, meydanda can qoymağa hazır olsan, İslandiya ilə də oynamaq olar, Ukrayna ilə də...
Başlıqdakı " Hafnaryordur"a gəldikdə, bu ad futbol ictimaiyyətimizə kifayət qədər tanışdır."Neftçi" 2005-ci ilin iyul ayında Çempionlar Liqası turnirinin təsnifat mərhələsində İslandiyanın bu klubuna hər iki oyunda qalib gəlib–Bakıda 2:0, səfər görüşündə 2:1 hesabı ilə.
Bu nəticələri xatırlamaqla istədim deyim ki, axşamkı oyunu nikbinliklə gözləyək.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist