Xidmətlər də buna uyğunlaşdırılmalıdır
Azərbaycanın sağlamlıq turizmi xəritəsində xüsusilə seçilən Naftalan şəhəri yalnız unikal müalicəvi nefti ilə deyil, həm də sanatoriyalarının keçdiyi inkişaf yolu ilə diqqət çəkir. Şəhərin təbiəti və tarixi üstünlükləri onu digər müalicə mərkəzlərindən fərqləndirir. Amma inkişaf yalnız görünüşdə deyil, xidmətin mahiyyətində də əksini tapmalıdır. Təəssüf ki, bu sahədəki inkişaf, bəzən zahiri parıltı ilə məhdudlaşır və ilk baxışda xırda görünsə də bəzi vacib məsələlər gözdən qaçır. Elə söhbətimiz də bu barədədir.
Son illərdə Naftalan şəhərində mühüm irəliləyişlər müşahidə olunur. Şəhərin yaşıllıqları artırılıb, infrastruktura yeniliklər edilib və həm yerli, həm də xarici turistlər üçün komfortlu şərait yaradılıb.
Şəhər icra hakimiyyətinin sanatoriyalarla əməkdaşlığı da xüsusi diqqətə layiqdir. Dincələnlər arasında tez-tez rəy sorğularının keçirilməsi, xarici qonaqlarla görüşlər və ümumilikdə müştəri məmnuniyyətinə yönəlmiş bir sıra tədbirlər təqdirəlayiqdir. Şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov kreativliyi, təşəbbüskarlığı ilə seçilir. Şəhid ailələrinə, imkansızlara, qazilərə xüsusi diqqətlə yanaşan, şəhərdə hörmət-izzət qazanan bir məmurdur. Naftalanın təbliği üçün əlindən gələni edir. Bəlkə də imkanı olsa Naftalana gələn bütün xarici qonaqlarla görüşər, onların rəyini öyrənər. Lakin bütün bunlar da görünür azlıq edir…
Naftalanın sanatoriyalarında xidmət edənlərin böyük əksəriyyəti gənclərdir. Goranboy, Yevlax, Mingəçevir və digər ətraf rayonlardan gələn bu əməkdaşlar enerjili və həvəsli olmaları ilə diqqət çəkirlər. Lakin bir çoxunun peşə hazırlığı və təcrübəsi yetərli deyil. Əsas gigiyena, masaüstü xidmət mədəniyyəti və düzgün ünsiyyət kimi bacarıqlara sahib olmamaları, turistlərdə çaşqınlıq yaradır. Bu, xidmətin keyfiyyətinə az da olsa mənfi təsir göstərir.
Məsələn, bir restoran əməkdaşından "kakao varmı?" sualı verildikdə, yanlış olaraq kofe gətirilir və bunun izahı belə verilir: "Elə bilirdim eyni şeydir, sən demə, fərqlidir", Bu sadə nümunə, xidmət heyətinin elementar biliklərdən məhrum olduğunu açıq şəkildə göstərir. Həmçinin yemək zamanı hələ süfrədə oturan qonaqların qabağından boş qab-qacağın səs-küylə toplanması da peşəkar yanaşma ilə ziddiyyət təşkil edir. Bütün bunlar turistin rahatlığını və məmnuniyyətini poza bilər.
Sanatoriyalarda çalışan gənclərin maaşları da ciddi problem yaradandır. Burada sutkanın 12 saatını pis-yaxşı işləyən gənc əməkdaş yalnız 350-360 manat civarında maaş alır. Bu, onlara nəinki düzgün təlim keçirmək, hətta şəxsi həyatı üçün ehtiyac duyduqları maddi dəstəyi təmin etmək belə yetərli olmur. Belə maaşla yüksək xidmət keyfiyyətini təmin etmək sadəcə mümkün deyil. Əlavə olaraq, işçilərin çoxu xarici dil bilmir, xüsusilə də ingilis dilini və ya turistlər üçün vacib olan digər dilləri. Müsbət bir dəyişiklik olsa da bu sahədə gənclərin ən azından MDB ölkələrindən gələn qonaqlarla ünsiyyət quracaq qədər lokal dilləri bilməsi vacibdir. Qonşu masaj otağından səs gəlir: “buna rusca necə deyim ki, indi də arxası üstə uzan?”
Yeri gəlmişkən, sanatoriyaların bir çoxunda, xüsusilə masaj və fizioterapiya bölmələrində bir sıra digər çatışmazlıqlar hələ tam aradan qaldırılmayıb. Otaqlarda çalışan bəzi əməkdaşlar arasında yüksək səs-küylə zarafatlar, şəxsi söhbətlər və etikadan uzaq davranışlar müşahidə olunur. Bu, həm fiziki, həm də emosional rahatlığına ehtiyac duyan pasiyentlərə ciddi şəkildə mənfi təsir edir. Həmçinin masaj otaqları arasındakı sadə pərdələr səs-küyün digər otaqlara ötürülməsinə səbəb olur. Belə vəziyyət isə “beşulduz” sanatoriya iddiasında olan bir müəssisə üçün qəbuledilməzdir.
Bütün bunlar göstərir ki, xidmətin keyfiyyətini artırmaq və pasiyentlərin məmnuniyyətini təmin etmək üçün ciddi təkmilləşdirmələrə ehtiyac var.
Naftalan artıq beynəlxalq səviyyədə tanınan bir müalicə və istirahət məkanına çevrilmək üzrədir. Amma bu iddianın reallığa çevrilməsi üçün sanatoriyalar yalnız zahiri görkəmlə deyil, həm də xidmətin keyfiyyəti ilə mükəmməl olmalıdır. Yalnız peşəkar xidmət, diqqətli yanaşma və müasir xidmət standartları Naftalanın turizm bazarında rəqabətə girməsinə imkan verə bilər.
Sanatoriyalar müasir tələblərə cavab vermək üçün xidmət personalının hazırlığına daha ciddi yanaşmalıdır. Gənc heyətə sadəcə iş imkanı verməklə kifayətlənmək olmaz; onlar həmçinin etik davranış qaydaları, ünsiyyət mədəniyyəti, gigiyena və masaüstü xidmətlə bağlı mütəmadi təlimlərdən keçməlidirlər. Bu, həm yerli, həm də xarici turistlər üçün daha mükəmməl bir təcrübə təmin edər.
Naftalan sanatoriyalarının demək olar ki, 90 faizində, hətta “beşulduzlarda” hələ də canlı növbə sistemi tətbiq olunur. Növbə sistemi guya var, amma o, əksər hallarda kağız üzərində qalır. Bəzən növbədə dayananların ucbatından dəhlizlərdən keçmək olmur. Hələ səs-küyü, “mənim növbəmdir” deyə mübahisə edənləri demirik. Belə vəziyyət pasiyentlər, həm də sanatoriya personalı üçün böyük narahatlıq yaradır. Modern turizm anlayışlarında isə elektron növbə sistemləri uzun müddətdir ki, tətbiq olunur. Bu sistemin tətbiqi, xəstələrin vaxt itkisini azaldar və onların daha rahat bir təcrübə yaşamasına səbəb olar. Sanatoriya işçiləri iddia edirlər ki, bu cür xoşagəlməz vəziyyətin yaranmasının bir günahkarı da dincələnlərin, müalicə alanların özləridir. Vaxt təyin olunsa da ona əməl etmirlər.
Masaj və fizioterapiya otaqlarında, həmçinin sükut və peşəkar yanaşmanın üstünlük təşkil etməsi zəruridir. Xəstənin emosional və fiziki rahatlığı hər şeydən önə çəkilməli, etik davranış qaydaları nəzarətdə saxlanmalıdır.
...Naftalan şəhəri unikal təbiəti, şəfaverici nefti və tarixi zənginliyi ilə turizm sahəsində böyük potensiala sahibdir. Amma bunun beynəlxalq səviyyədə rəqabətə girməsi üçün yalnız infrastruktur və gözəlliklər deyil, həm də xidmətin keyfiyyəti yüksəlməlidir. Detallarda gizlənən bu keyfiyyətlər Naftalanın beynəlxalq turizm bazarında daha parlaq bir yer tutmasına, heç şübhəsiz imkan verəcəkdir.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri
Naftalan