Təcili tibbi yardım maşınları niyə “yubanır”?
“Doktor, sizi gözləyirik, xəstənin həyatı sönür”. Hər gün minlərlə belə çağırışa tələsən təcili yardım qrupları doğmalarımıza yeni həyat verirlər. Bəzən onların azacıq gecikməsi faciələrə səbəb olur.
Təcili tibbi yardım xidməti ilə bağlı belə hallar, şikayətlər təkcə acı təəssüf doğurmur, bəzən cinayət də sayılır. Son zamanlar təcili yardımdan şikayətlər Bakıətrafı kənd və qəsəbələrdən daha çox eşidilir. Gecikmələr isə daha çox gecə saatlarına təsadüf edir. Vətəndaşların sözlərinə görə isə bəzi hallarda təcili tibbi yardım əməkdaşları hətta çağırışa gəlməkdən imtina edirlər. Narazılıqlar sırasında gecikmə ilə yanaşı, xidmətin aşağı səviyyəsi də qeyd edilir. Bildirilir ki, hadisə yerinə bəzən dərman preparatları, tibbi avadanlıqlar, kardioqrama cihazı olmadan gəlirlər.
Məsələyə aydınlıq gətirmək üçün TƏBİB-ə müraciət etdik. Əldə etdiyimiz məlumata görə, təcili tibbi yardım maşınlarının rayonlarda çağırışa yetişmə vaxtı bir sıra amillərdən asılı olaraq dəyişir. Bu müddət orta hesabla 15–20 dəqiqə təşkil edir. Lakin kənd yerlərində həmin vaxt yol və hava şəraiti, məsafə nəzərə alınmaqla, 30 dəqiqə və ya daha artıq ola bilər. Çağırışların pik olduğu saatlarda isə həm obyektiv, həm də subyektiv səbəblərə görə gecikmələr baş verir.
Gecikmələrin minimuma endirilməsi məqsədilə çağırışlar operativ çeşidlənir və müraciət çox olan ərazilərə ətraf bölgələrdən əlavə briqadalar cəlb olunur. Bu, mövcud təcili yardım qruplarından daha səmərəli istifadə edilməsinə şərait yaradır. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin balansında 2010-cu ildən əvvəl istehsal olunmuş, o cümlədən sovet istehsalı olan avtomobillər hələ də qalmaqdadır. Hazırda bu sahədə yenilənmə prosesi gedir və köhnə avtomobillər mərhələli şəkildə yeniləri ilə əvəz olunur. Bu il ərzində 100-dən çox istismara yararsız avtomobil yenilənib.
Ümumiyyətlə, son illər İcbari Tibbi Sığorta sisteminin tətbiqi çərçivəsində təcili tibbi yardım sisteminin infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. 2025-ci ilə qədər ölkə üzrə 400-ə yaxın yeni ambulans istifadəyə verilib. Bu il isə əlavə olaraq 80 “Iveco” markalı təcili tibbi yardım avtomobili alınıb və onların paylanılması prosesinə başlanılıb. Təcili yardım xidmətinin bölgələrdə daha da yaxşılaşdırılması, operativliyin təmin edilməsi və xidmət keyfiyyətinin artırılması məqsədilə tədbirlər davam etdirilir.
TƏBİB-in açıqlamasında Bakıətrafı kənd və qəsəbələrə gecikmələr daha çox mövsümlə əlaqələndirilir. Belə ki, yay mövsümü başlayanda əhalinin çoxu istirahət zonalarına, o cümlədən Bakı kəndlərinə köçür. İlin digər fəsillərində normal olsa da yay aylarında yollardakı tıxaclar həmin zonalara gecikmələr yaradır. Bəzən kritik olmayan çağırışlara bir qədər sonra getmək qərarı alınır. Vəziyyəti daha ağır olan xəstələrin çağırışlarına isə briqada göndərilir. Sonra digər çağırışlara gedilir. Epidemiyalar zamanı təcili yardımın işində böyük gərginlik yaranır...
Məlumatda bildirilir ki, çağırış ünvanında elektrokardioqramma çəkilməsinə təcili tibbi yardım həkimi qərar verir. Bir sıra avtomobillər istənilən vəziyyətdə olan xəstələrin daşınmasına imkan verir. Ambulanslar xəstə tibb müəssisəsinə aparılarkən yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərman və tibbi avadanlıqlarla təmin edilib. Belə ki, reanimobil ambulanslar zəruri tədbirlərin həyata keçirilməsi üçün xüsusi tibbi avadanlıqlarla təchiz olunub.
Qurumdan verilən açıqlamada qeyd olunur ki, gecikməyə səbəblərdən biri də əsassız çağırışlardır. Bu, təcili tibbi yardım imkanlarının düzgün istiqamətlənməsinə mane olmaqla yanaşı, həqiqətən yardıma ehtiyacı olan şəxslərə xidmətin vaxtında göstərilməsinə də mənfi təsir göstərir. Vətəndaşlardan xahiş olunur ki, yalnız təcili tibbi yardıma ehtiyac olduqda "103" xidmətinə müraciət etsinlər. Qaydalara əsasən təcili yardım 15-20 dəqiqəyə, təxirəsalınmaz çağırışlar isə 1 saat ərzində ünvana çatmaq tələb olunur. Qeyd edək ki, təcili çağırışlara ürək dayanması, ağır travmalar (yol-nəqliyyat hadisələri, çoxsaylı sınıqlar və s.), insult və infarkt əlamətləri, tənəffüsün dayanması və ya boğulma halları, şüur itkisi, qanaxma, doğuş və s. aiddir. Təxirəsalınmaz çağırışlara isə yüksək hərarət, arterial təzyiqin artması, baş ağrısı və s. daxildir. Tövsiyə olunur ki, vətəndaşlar təcili olmayan hallar üzrə poliklinikalara və sahə həkimlərinə müraciət etsinlər.
TƏBİB-in açıqlaması göstərir ki, narazılıqlar əbəs deyil. Bunlar qeydə alınır, öyrənilir və cavablandırılır. Problemi daha tez həll etmək üçün aidiyyəti qurumlarla yanaşı, vətəndaşlar da səy göstərməlidirlər. Tıxaclarda ambulansa yol verməmək, yerli-yersiz "103"ə zəng etmək kiminsə həyatı bahasına başa gələ bilər.
Elenora HƏSƏNOVA
XQ