Azərbaycan yenidən dünyanın diqqət mərkəzində olacaq
Azərbaycan təkcə tarixi və mədəniyyəti ilə deyil, dostluğun, həmrəyliyin, mədəniyyətlərin qovuşduğu bir mərkəz, beynəlxalq idman tədbirlərinin keçirildiyi möhtəşəm məkan kimi tanınır. Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir və digər şəhərlər təkcə turistləri deyil, dünyanın dörd bir yanından gələn idmançıları və azarkeşləri də özünə cəlb edir. İdman dünyasının xəritəsində xüsusi yer tutan bu diyar idmanı həyat tərzi olaraq təqdim edir və insanlar arasında körpü salır, millətləri birləşdirir.
Tarixlə müasirliyin, mədəniyyətlə idmanın bir araya gəldiyi Vətənimiz növbəti böyük hadisəyə – III MDB Oyunlarına evsahibliyi etməyə hazırlaşır. Müxtəlif ölkələrdən gələn idmançılar burada güclərini sınayacaq, birliyi və dostluğu nümayiş etdirəcəklər. Bu oyunlar Azərbaycan üçün həm də bir vitrin olacaq. İdman arenaları təkcə yarışlarla deyil, həm də mədəniyyətlə, sevgi və sülh mesajları ilə dolacaq. Bakıdan Gəncəyə, Şəkidən Naxçıvana qədər Azərbaycanın hər guşəsi bu tədbirin ruhunu hiss edəcək. MDB Oyunları Azərbaycanda yeni bir səhifə açacaq – bu səhifə birliyin, güvənin və ortaq gələcəyin tarixidir və bu tarixin adı Azərbaycanla birgə yazılacaq.
Bu il sentyabrın 28-dən oktyabrın 8-dək növbəti böyük idman yarışının keçirilməsi üçün bir neçə şəhər və rayon seçilsə də, MDB Oyunlarının açılış və bağlanış mərasimləri, həmçinin əsas oyunlar Gəncədə baş tutacaq. Bütün bunlar nəzərə alınaraq şəhər stadionunun tikintisində işlər sürətləndirilib. Stadionun ərazisində köməkçi məşq meydançaları və Futbol Akademiyası binası tikilib. Yeni layihəyə görə stadionun ərazisi genişləndirilərək 10,4 hektara çatdırılıb. Nəqliyyat vasitələrinin təhlükəsiz giriş-çıxışı və parklanması ilə birlikdə idman arenasının ümumi sahəsi 12 hektardan çoxdur.
Gəncədə inşa olunan İdman Sarayı bütövlükdə Qafqazda nadir idman kompleksi hesab olunur. Ümumiyyətlə, belə nəhəng idman qurğularının yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana marağının artırılması və idmanın kütləviliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihə, eyni zamanda, ölkəmizin III MDB Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün gördüyü işlərdən biridir. III MDB Oyunları eyni zamanda tarixi Azərbaycan şəhəri olan Gəncənin timsalında ölkəmizin mədəniyyətini, tarixini, idman təcrübəsini təqdim etmək üçün fürsət yaratmış olacaq.
Müxtəlif idman yarışlarının keçiriləcəyi Gəncə şəhər stadionunun inşası, ilk növbədə, uşaqlar və yeniyetmələr arasında futbola olan marağı daha da artıracaq, futbolla məşğul olmaq istəyənlərə geniş imkanlar yaradacaq. Bölgələrimizdə yeni idman komplekslərinin yaradılması, köhnələrinin əvəzinə müasir idman qurğularının inşası ümumilikdə ölkəmizdə idmanın kütləviliyini təmin etməklə yanaşı, gənc nəslin sağlam yetişməsi baxımından da böyük rol oynayır.
Prezident İlham Əliyev III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncamı ötən il iyulun 10-da imzalayıb. Ölkə başçımızın bu məsələlərə xüsusi həssaslıqla yanaşmasının nəticəsidir ki, bu vaxta qədər ölkəmizin evsahibliyi etdiyi bütün idman tədbirləri ən yüksək səviyyədə təşkil olunub. Azərbaycanın növbəti böyük idman yarışına evsahibliyi etməsi də idman ölkəsi kimi əldə etdiyimiz etimadın nəticəsidir.
III MDB Oyunlarına hazırlıqlar son mərhələdədir. Oyunların yüksək səviyyədə təşkili üçün aidiyyətı qurumlar koordinasiyalı fəaliyyət göstərirlər. Bu mötəbər yarışlarda ölkəmiz həm yarışların təşkilatçısı, həm də fəal iştirakçısı olacaq. Ev sahibi olacaq Gəncə — 2025-ci ilin “İdman paytaxtı” elan edilib və yarışların mərkəzi şəhəri olacaq. Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi — ümumilikdə 7 şəhərdə 12 idman məkanı aktiv istifadə ediləcək. İdmançılar 23 müxtəlif peşəkar idman növü üzrə medallar uğrunda mübarizə aparacaqlar. Onların arasında güləş (sərbəst, yunan-Roma, qadın), boks, cüdo, taekvondo, könüllü və digər idmanlar (badminton, voleybol 3×3, futbol U 16, üzgüçülük, stend atıcılığı, çövkən, batut gimnastikası, kamandan oxatma, stolüstü tennis və s.) var.
Qeyd edək ki, 23 idman növü üzrə 1 659 idmançı, 2 385 nəfərlik nümayəndə heyəti qeydiyyata alınıb. Ümumilikdə, 5500-ə qədər idmançının yarışda iştirak edəcəyi planlaşdırılır və MDB olmayan ölkələrin nümayəndələri də dəvət əsasında qatılacaqları gözlənilir. Təxminən, 246 medallar dəsti oynanılacaq, bunlardan ən çox – 40 medal – üzgüçülük idmanında olacaq.
Nəticə olaraq deyə bilərik ki, III MDB Oyunları 2025 yarışları Azərbaycanın beynəlxalq idman aləmində nüfuzunu daha da artıracaq. Ev sahibliyi Azərbaycan üçün idman, mədəniyyət və diplomatiya sahəsində daha bir strateji uğur olacaqdır.
Nurəngiz ADİLQIZI
XQ