Mərkəzi Bankın tərəfdaşlığı, ICPC Fondunun təşkilatçılığı, ADA Universitetinin ev sahibliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı və “PAŞA Holdinq”in dəstəyi ilə Bakıda ilk dəfə keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalının açılış mərasimi olub.
Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə ICPC Fondunun prezidenti Vilyam B.Pouçer və ICPC 49-cu dünya finalının direktoru Fuad Hacıyev qonaqları salamlayaraq, müsabiqə iştirakçılarına uğurlar arzulayıblar.
Tədbirdə çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev və rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ICPC 49-cu dünya finalının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən və yaradacağı imkanlardan danışıblar. Mərkəzi Bankın sədri Taleh Kazımov dünya finalının Bakıda keçirilməsinin ölkəmizin texnoloji tərəqqisinin bariz göstəricisi və beynəlxalq əməkdaşlığa açıqlığının təzahürü olduğunu vurğulayıb.
Daha sonra tədbirdə ICPC tərəfindən tərəfdaşlara və ICPC icmasının üzvlərinə mükafatlar təqdim olunub.
XQ