Milli Gimnastika Arenasında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “İdman gimnastikadan başlayır” estafet yarışları keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından bildirilib ki, bayram ovqatında təşkil edilən bu tədbir uşaqlara unudulmaz anlar yaşatmaq və onların sağlam, aktiv həyat tərzinə marağını artırmaq məqsədi daşıyıb.
Yarışda 3 fərqli uşaq evindən gələn, ümumilikdə, 30 nəfər uşaq iştirak edib. Onlar “Şahinlər”, “Birlik” və “Super balacalar” komandaları adı altında bir araya gələrək 5 fərqli oyun növündə öz çevikliklərini və komanda ruhlarını nümayiş etdiriblər. Əyləncəli atmosferdə keçən estafet yarışı uşaqlara maraqlı təcrübə qazandırıb. Müsabiqə boyu uşaqların şövqü və enerjisi tədbirə xüsusi ab-hava qatıb. Tədbirin ən sevilən qonağı isə Azərbaycan Gimnastika Federasiyasının rəsmi maskotu Tilli olub. O, uşaqlarla birgə əylənib, onların oyunlarına qoşulub və bayram coşqusunu daha da artırıb.
Yarışın sonunda bütün uşaqlar mükafatlandırılıb, qalib komanda isə kubokla təltif olunub.
L.QURBANOVA
XQ