Yığmamız 85 medalla ilk 5-likdə qərarlaşdı
Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarına geniş heyətlə qatılan Azərbaycan komandası çıxışını uğurla başa vurub. 56 ölkənin qatıldığı bu nüfuzlu yarışda 22 növdən 18-də iştirak edən məktəbli atletlərimiz Oyunların ilk günündən başlayaraq son günədək, həm medal sayına, eyni zamanda əmsalına görə fərqlənib, ilk 5-likdə qərar tutub.
Milli idman növlərindən biri olan və böyük heyətlə iştirak etdiyimiz güləşdə bütün yarışlarda olduğu kimi, bu dəfə də liderlər sırasında yer aldıq. 30 güləşçi ilə qatıldığımız gimnaziadanı 25 medalla başa vurduq. 10 nəfərlə təmsil olunan sərbəst güləşçilərimizin hamısı mükafata layiq görüldü. Yunan-Roma güləşçilərimizdən 9-u, qız pəhləvanlarımızdan isə 6-sı Vətənə medalla qayıdır.
Ənənəvi növlərdən biri olan boks üzrə də çıxışımız uğurlu alındı. Zlatibor rinqinə çıxan 22 dəri əlcək ustasından 21-i fəxri kürsüyə yüksəldi. Yığma yarışı 9 qızıl, 8 gümüş və 4 bürünc mükafatla başa vurdu. Sevindirici haldır ki, bu mükafatlardan 8-ni qız boksçularımız qazandılar. Daha bir idman növündə təmsilçilərimiz əla çıxış etdilər. Taekvondonun həm döyüş, həm pumse növündə maksimum nəticələr qazanıldı. Ən çox qızıl medalı da yığmamızın hesabına dayanq ustaları yazdırıblar. Milli 13-ü qızıl olmaqla, 19 mükafat qazanıb.
Cüdoçularımız da gimnaziadada mükafatları ilə bizi sevindiriblər. Aprelin 11-də yığmamızın hesabına 4 medal yazdıran tatami ustalarımız son gündə daha 3 medala sahib olublar. Beləliklə, cüdo millimiz turniri 3-ü qızıl olmaqla 7 mükafatla başa vurublar.
Ölkəmiz üçün o qədər də ənənəvi olmayan parabadminton üzrə nəticələr də ürəkaçan olub. Ayan Əliyeva, Əli Məhərrəmov, Nigar Mehdiyeva, Zəhra Salmanlı və İlkin Bağırzadədən ibarət millimiz çıxışını gümüş medalla başa vurub. Fərdi yarışlarda parabadmintonçularımız 3 qızıl, 1 bürünc medal əldə ediblər. Eyni zamanda, paraüzgüçülərimizin çıxışını da qənaətbəxş adlandırmaq olar. Paraüzgüçülük komandamız oyunları 1 gümüş, 2 bürünc medalla başa vurub. Təmsilçimiz Hüseyn Babayev Oyunlarda paraüzgüçülüyün S-1 kateqoriyası üzrə iştirak edən yeganə paralimpiyaçı olduğu üçün “fair play” mükafatına layiq görülüb.
Qılıncoynadanlarımız da yarışda baş mükafat qazanmağa nail olublar. Bu uğura şpaqaçımız Mirnuray Abasova imza atıb. Abasova finalda çinli Ju Şiyin üzərində qələbə qazanaraq qızıl medal alıb. Yığmanın digər 2 üzvü bürünc medala sahib olub.
15 yaşadək idmançıların yarışında əldə edilən nəticələr, həm də ölkəmizdə uşaq və yeniyetmələr arasında hansı idman növlərində vəziyyətin necə olması ilə bağlı bir növ hesabat xarakteri daşıya bilər. Təəssüf ki, təmsil olunduğumuz bəzi növlərdə medal qazana bilmədik. Amma bu, o demək deyil ki, mükafat qazanmadığımız idman növləri üzrə bu yaş qrupunda potensiallı idmançılarımız yoxdur. Məsələn, ölkəmizdə uşaq şahmatı kifayət qədər inkişaf edir və son illər aşağı yaş qrupları üzrə beynəlxalq arenalarda mühüm nailiyyətlər qazanırıq. Karate üzrə də cəmi 1 medalın olması da çox zəif nəticə hesab oluna bilər. Şübhəsiz, aşağı yaş qruplarında, eləcə də 15 yaşadək idmançıların yarışlarında nəticələr bəzən sabit olmur.
Ümumilikdə, məktəbli idmançılarımız ISF U15 Gimnaziada İdman Oyunlarını yüksək nəticələrdə başa vurub. Komandamız 35-i qızıl, 22-si gümüş, 28-i bürünc mükafat olmaqla 85 medal qazanıb.
Xatırladaq ki, aprelin 4-dən 12-dək davam edən gimnaziadada 56 ölkədən 2 min 742 idmançı mübarizə aparıb. Azərbaycan yarışda 18 idman növündə, ümumilikdə, 191 atletlə təmsil olunub.
Leyla QURBANOVA
XQ