Milli cüdonun liqaları da yaradıldı

post-img

Azərbaycanda inkişaf etmiş idman növlərindən biri olan cüdonun daha da tərəqqi etməsi, bu idman növü üzrə perspektivli atletlərin yetişməsi üçün görülən işlər davam edir. Aprelin 10-da Azərbaycan Cüdo Federasiyası (ACF) Cüdo Liqalarının yaradılması ilə bağlı layihə təqdim etdi.

Bu münasibətlə keçirilən mətbuat konfransında çıxış edən ACF-nin baş katibinin müavini və idman direktoru Kamran Talıbov Cüdo Liqalarının yaradılmasında əsas məqsədin yeni potensiallı idmançıların aşkarlanması, yerli cüdo idman təşkilatları arasında sağlam rəqabətin və əlaqələrin yaranması, idmançılara və məşqçilərə maddi dəstək göstərilməsi, eləcə də klubların infrastrukturunun yaxşılaşdırılması olduğunu bildirdi. O qeyd etdi ki, bundan sonra yığmaların heyəti yalnız Azərbaycan çempionatı və ya birincilikləri əsasında deyil, il boyu keçirilən daxili yarışlarda, eləcə də bu liqalarda toplanacaq reytinq xalları əsasında müəyyən ediləcək. Bu da, seçimin daha obyektiv olmasını şərtləndirəcək:

– Cüdo Liqaları ilə bağlı layihə üzərində bir müddət idi ki, iş aparırdıq. Sonda U-14, U-17 və böyüklər liqalarının yaradılması ilə bağlı qərar verdik. Böyüklərdə yalnız kişi cüdoçular, U-17 və U-14 liqalarında isə həm oğlan, həm də qız cüdoçular iştirak edəcək. Liqa yarışları açıq status daşıyacaq və şərtlərə cavab verən bütün cüdoçular liqalarda çıxış edə biləcəklər.

Böyüklər liqasında 3, U-17 və U-14 liqalarında isə 4 yarışın keçirilməsi nəzərdə tutulur. İdmançılara Liqa yarışlarında göstərdikləri nəticələrə müvafiq reytinq xalları veriləcək. Bu da, öz növbəsində, məşqçilərin və klubların reytinqini formalaşdıracaq. Yekun reytinq cədvəlində yuxarı pillələrdə qərarlaşmış cüdoçulara və onların məşqçilərinə pul mükafatı veriləcək. Klublarda cüdonun inkişafı müxtəlif istiqamətlər üzrə dəstəklənəcək.

Kamran Talıbov söylədi ki, aprelin 19–20-də U-14, 21–22-də U-17, mayda isə böyüklər arasında liqalar başlayacaq. Yarışlar Abşeron Olimpiya Kompleksində təşkil ediləcək.

Mətbuat konfransında bölgələrimizdə cüdonun inkişafı üçün yeni layihələrin həyata keçiriləcəyi də bildirildi. Diqqətə çatdırıldı ki, Azərbaycanın qərb və şimal-qərb bölgələrində cüdo yarışlarında rəqabət daha yüksək olur. Gələcəkdə bölgələrdə də liqalar formalaşdırılacaq. İlkin mərhələdə bu, sınaq məqsədi daşıyacaq.

Qeyd edildi ki, Azərbaycanın regionlarında cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı hazırlanıb. Hər bölgədə ayrı-ayrılıqda seminarlar təşkil ediləcək. Vurğulandı ki, ilkin mərhələdə müəllimlər dəvət ediləcək, bütün zallarda uşaqlara məşqlər keçiriləcək. Aprelin 14-dən 19-na qədər Goranboyda ilk seminar təşkil olunacaq.

ACF-nin yarışların təşkili və keçirilməsi komitəsinin sədri Ağayar Axundzadə Cüdo Liqalarında iştirakın sərbəst olduğunu dedi:

– Yarışlarda mübarizə aparmaq üçün əsas şərt cüdo bacarıqlarının olmasıdır. Liqalarda potensialı olan bütün cüdoçular iştirak edə bilərlər. Yəni bunun üçün hansısa turnirdə yer tutmaq və s. kimi xüsusi tələb yoxdur. İnanırıq ki, layihə daha bacarıqlı idmançıların aşkar edilməsi üçün imkanları daha da genişləndirəcək.

Sonda jurnalistlərin sualları cavablandırıldı.

Leyla QURBANOVA
XQ

İdman