Lap mundiallardakı kimi – 40 min tamaşaçı

post-img

Hərdən düşünürəm ki, Azərbaycan futbolu pərəstişkarlarının yaşlı nəslinin bəxti gətirmişdir. Stajlı azarkeşlərimiz SSRİ çempionatlarının bir çox görüşündə lap mundiallardakı kimi, Respublika stadionunun tribunalarında bir boş yer belə qoymamışlar. Hətta o vaxtlar, səhv etmirəmsə, 37 mindən bir qədər çox tamaşaçı üçün nəzərdə tutulan tribunalardan və onlara aparan pilləkənlərdən oyunları 40000-ə qədər azarkeş izləmişdir.

Deməli, artıq çox-çox uzaq olan o illərdə biz futbolumuzun flaqmanının, onun Moskvanın “Spartak”, “Dinamo”, “Torpedo”, OMİK, “Lokomotiv” komandaları, Leninqradın “Zenit”, Kiyev, Minsk və Tbilisinin “Dinamo” kollektivləri, “Paxtakor” (Daşkənd), “Kayrat” (Alma-Ata), “Şaxtyor” (Donetsk), “Dnepr” (Dnepropetrovsk), “Çernomorets” (Odessa) kimi zəhmli rəqiblərinin və daha neçə-neçə komandanın ifasında bir-birindən gözəl tamaşaların şahidi olmuşuq.

Bu gün diqqətinizə çatdırdığımız foto 1971-ci il aprelin 8-də Bakıda 33-cü SSRİ çempionatının açılış matçında lentə alınmışdır. Startda rəqibimiz adlı-sanlı Kiyev “Dinamo”su idi. Qarşılıqlı hücumlar şəraitində davam edən gərgin mübarizədən sonra hər iki komandanın futbolçuları və azarkeşləri eyni hisslər yaşamışlar. Bakılıların da, kiyevlilərin də var qüvvə ilə qələbəyə can atdıqları oyunda moskvalı hakim Pavel Kazakov heç-heçə qeydə almışdır – 1:1. Hər iki top fasilədən sonra vurulmuşdur. 51-ci dəqiqədə dinamoçu Anatoli Puzaç hesabı açaraq, komandasını qələbəyə yaxınlaşdırmış, hakimin final işarəsinə 19 dəqiqə qalmış isə “Neftçi”nin hücumçusu Vitali Şevçenko qonaqların qapıçısı Gennadi Rudakovu topu tordan çıxarmağa məcbur etmişdir. Nəticədə komandalar meydandan və bir-birindən “dinc” nəticə ilə ayrılmışlar.

Fotoda “Neftçi”nin digər hücumçusu Yuri Stekolnikovun kiyevlilərin müdafiəçiləri ilə mübarizədən qalib çıxaraq, onların qapısına doğru irəlilədiyini görürük. Statistikaya görə, o, SSRİ çempionatlarının güclülər dəstəsində “Neftçi”nin heyətində 139 oyun keçirmiş və 14 qol vurmuşdur.

“Dinamo” ilə görüşdə komandamızın çıxış etdiyi heyəti də xatırlayaq: Sergey Kramarenko, Rafiq Quliyev, Vladimir Bruxti, Yaşar Babayev (Valeri Hacıyev, 46), Vyaçeslav Lyoqki, Vyaçeslav Semiqlazov, Kazbek Tuayev, Yuri Stekolnikov, Anatoli Banişevski, Nikolay Smolnikov, Vitali Şevçenko. Xüsusi qeyd edək ki, onların hamısı Azərbaycan futbol məktəbinin yetirməsi idi.

Səkkiz aprel axşamında tribunalardan 40000 azarkeşin böyük həyəcanla izlədiyi oyundan və fotonun lentə alındığı gündən düz 54 il ötür…

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman